Prezident İlham Əliyev Forumda Azərbaycanın İtaliyanın bir nömrəli neft və ikinci ən böyük qaz təzhizatçısı olduğunu vurğulayaraq ölkəmizin bu sahədə olan potensialına da diqqət çəkdi. Azərbaycan təkcə İtaliyanın deyil, ümumilikdə 10 ölkənin enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rola malikdir. Müasir dövrdə enerji təhlükəsiziliyi milli təhlükəsizliyin ayrılmaz bir parçası hesab edilir. Bu baxımdan Azərbaycan Avropa ölkələrinin milli təhlükəsizliyinin təmin edilməsində çox böyük əhəmiyyətə mailk olan dövlətdir.
Çernobbio Forumundakı çıxışında Prezident İlham Əliyev Azərbaycanın haqq işinə xüsusilə diqqət çəkərək xatırlatdı ki, ölkəmiz 30 il Ermənistanın işğalı ilə üz-üzə qaldı və beynəlxalq təşkilatların qərarları, qətnamələri icra edilmədi. ATƏT-in Minsk qrupunun da heç bir əməli fəaliyyətinin olmadığını bilridən ölkə başçısı ədalətin və sülhün təmin olunmasında beynəlxalq hüququn kifayət etmədiyini vurğuladı. Məhz Azərbaycan beynəlxalq hüquq çərçivəsində öz cəsarəti, real gücü hesabına ərazi bütövlüyünü və suverenliyini bərpa etdi. Bununla da ölkəmiz bir nümunə yaratdı. Azərbaycanın təkcə Qafqazda deyil, daha geniş regionda geosiyasi dəyişiklik yaratdığını qeyd edən ölkə başçısı sülh müqaviləsinin bəndlərinin təqribən 80 faizin razılaşdırıldığını açıqladı. Sərhəddin delimitasiya prosesinin başlanması, həmçinin kiçik bir hissənin demarkasiyası Azərbaycanın yaratdığı yeni reallığın nəticəsidir. Prezident İlham Əliyev qeyd etdi ki, sülh sazişinin imzalanması yalnız Cənubi Qafqaz deyil, dünyanın bütün regionları üçün əhəmiyyətli olacaq. Çünki Azərbaycan qlobal arenada müxtəlif aktorlar arasında əlaqələrin qurulmasında maraqlıdır. Qlobal Cənub və qlobal Şimal arasında körpülərin qurulması da məhz Azərbaycanın iştirakı ilə mümkündür.
Beynəlxalq Çernobbio Forumunda Rusiya-Ukrayna münaqişəsinə münasibət bildirərkən Prezident İlham Əliyev Azərbaycanın hər iki ölkənin ərazi bütövlüyü və suverenliyini dəstəklədiyini bəyan etdi. Ukrayna ərazisində qazın tranzitinin davam etdirilməsi ilə bağlı Rusiya, Ukrayna və Avropa təsisatları tərəfindən ölkəmizə müraciət edildiyini açıqlayan ölkə başçısı Azərbaycanın hər iki ölkə ilə təmaslar qurduğunu və ciddi irəliləyiş üçün zəmin olduğunu diqqətə çatdırdı. Həmçinin buradan bu qənaətə gəlmək mümkündür ki, Rusiya-Ukrayna münaqişəsin danışıqlar yolu ilə həllində Azərbaycan vasitəçi ölkə ola bilər. Prezident İlham Əliyevin Çernobbio Forumundakı çıxışını ümumilikdə diqqətlə analiz etdikdə görmək mümkündür ki, Azərbaycan yeni geosiyasi şəraitdə mühüm rola malikdir.
Anar Şahmuradov,
YAP Ağdaş rayon təşkilatının ideoloji işlər üzrə məsləhətçisi