09 sentyabr 2024 23:15
285

Şəhidlərimiz qəlbimizdə yaşayır

Bu günlər Astara rayon Heydər Əliyev Mərkəzində Astara Dövlət Rəsm Qalereyası və Astara “Gənclər Evi” Sosial Xidmət müəssisəsi əməkdaşlarının iştirakı ilə I Qarabağ müharibəsi şəhidləri Cəmil Əhməd oğlu Fərziyev, Abdülsalam Müzəffər oğlu Abbasov, Şıxəli Malik oğlu Qasımov, Ayaz Əbdül oğlu Əsədov, Əzizağa Əzim oğlu Əliyev, Sarvan Qurban oğlu Qurbanov, Eldəniz Ramiz oğlu Həsənov, Salman Yolçu oğlu Həsənov, Ceyhun Xankişi oğlu Babayev, Xanlar Mirəli oğlu Şəkərov, Natiq Məmməd oğlu Kərimov, Rüfət İsaq oğlu Məmmədov, Davud Mirzəcan oğlu Əsədov və Ramin Mürsəl oğlu Kəkəyevin doğum, eləcə anım günləri münasibətilə “Şəhidlərimiz qəlbimizdə yaşayır” adlı tədbir baş tutub.

Tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Vətən şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Dövlət Himninin oxunması ilə başlayan tədbirdə Astara rayon Heydər Əliyev Mərkəzinin direktoru Kübra Səmədova geniş məruzəsində deyib: - Şəhidlik ən uca zirvədir. Bu yolu seçənlər isə günəş ömrü yaşayırlar. Bütün şəhidlərin ruhları şad olsun ki, 30 il düşmən tapdağında dağılan, xalqımızın əzəli yurd yer olan Qarabağımız qaytarıldı, ərazi bütövlüyümüz bərpa olundu və bayrağımız bu kimi oğulların qanı və qəhrəmanlığı sayəsində azad olunmuş ərazilərdə qürurla dalğalanır...

Natiq daha sonra bildirib: “Azərbaycan əsgəri qorxmazdır, ölümün üzünə dik baxaraq düşmənin qarşısına çıxmağı bacaran əsgərdir. Təkcə Mübariz İbrahimovu xatırlatmaq kifayətdir ki, hər kəsdə Azərbaycan əsgəri haqqında təsəvvür yaransın. Şanlı Azərbaycan Ordusu bizim qürur yerimiz, iftixar mənbəyimiz, fəxrimizdir. Qarabağımızı azadlığa çıxaran qalib ordunun, qalib millətin dilində daim səslənəcək “Qarabağ Azərbaycandır!”

Astara rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Elza Kazımova çıxışında Vətən şəhidlərinin həyatı və hərbi xidmətləri haqqında məlumat verib, eləcə də fotoşəkillər nümayiş olunub.

Daha sonra mövzu ətrafında çıxış edən II Qarabağ müharibəsi şəhidi Əli Malik oğlunun anası Rəfayət Feyziyeva, Astara Dövlət Rəsm Qalereyasının direktoru Naibə Mustafayeva, Astara “Gənclər Evi” Sosial Xidmət müəssisəsinin fəal gənci Əli Məmmədov bildiriblər ki, Vətənin, millətin yolunda şüurlu surətdə canlarını fəda edən oğul və qızlarımızı ehtiramla anmaq, xatirəsini əziz tutmaq müqəddəs borcumuzdur.

Tədbirdə şagirdləri ən çox düşündürən suallara cavab verilib, rəssamlıq dərnəyi üzvlərinin əl işlərdən ibarət sərgi ilə tanışlıq olub.

Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü