10 sentyabr 2024 10:12
311

Qərb imperializminin olduğu hər yerdə anarxiya və xaos var

Regionda yaranan  geosiyasi, eləcə də yeni iqtisadi reallıqlar mühüm perspektivlər vəd etməkdədir. Azərbaycan bölgənin əsas siyasi aktoru kimi oynadığı rolu ilə  nəinki Cənubi Qafqazın, bütövlükdə, böyük bir coğrafiyanın yeni inkişaf mərhələsini formalaşdırır. Nəzərdə tutulan layihələrin icrası, qlobal münasibətlərin inkişafına  töhfələrin verilməsi üçün isə Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin  imzalanması, ölkələrin münasibətlərinin normallaşması üçün əsas şərtdir. Mehriban qonşuluq siyasətinin formalaşdırılması, beynəlxalq ədalətin təmin olunması Azərbaycanın yürütdüyü xarici siyasətin əsas istiqamətləridir. Lakin Azərbaycanın öz ərazi bütövlüyünü tam bərpa etməsini həzm edə bilməyən və dövlətimizin güclənməsi ilə barışa bilməyən bəzi qüvvələr ölkəmizlə bağlı  ən müxtəlif yalanlara, şər-böhtana əl atırlar. Bəzi Avropa təsisatları, o cümlədən, Avropa Parlamenti (AP), Avropa İttifaqı, xüsusilə də Fransa, Niderland, Almaniya və digərləri Ermənistanla sülh sazişinin imzalanmaması üçün əllərindən gələni edirlər. Təəssüf ki, müstəqil dövlət olduğunu unudan Ermənistan tərəfi də məhz bu güclərin diktəsi ilə oturub-durur.

Bu gün Qərb təşkilatlarının Azərbaycanla Ermənistan arasında sülh prosesinə yanaşması gedişatı ləngidir. Belə ki, sülh müqaviləsi istər birbaşa Azərbaycanla Ermənistan arasında, istər Rusiyanın moderatorluğu ilə imzalansa belə Qərb onun təşkilatlarının prosesdə rol oynamasına çalışır. Hazırda dünyada baş verən münaqişələrə yanaşmada ABŞ, AP, AŞPA və ATƏT kimi qurumların mütləq şəkildə özlərini hansısa bir formada proseslərdə iştirakına nail olmağa çalışdığının şahidi oluruq. Maraqlıdır, NATO da daxil olmaqla Qərb təşkilatlarının rol aldığı dünyadakı bir çox münaqişələrdə hansısa yenilik əldə edilibmi? Əksinə müşahidə etmişik ki, Qərbin moderatorluğu və ya üçüncü tərəf kimi danışıqlar proseslərində iştirakı xalqlar və dövlətlərarası münasibətlərin daha da pisləşməsinə səbəb olub.

ABŞ və Avropa İttifaqı və ya Rusiya platformalarında görüşlərin davam etməsindən asılı olmayaraq Azərbaycan və Ermənistan arasında sülhün əldə edilməsinə səmimi inam və dəstək göstərilməlidir. Azərbaycan hazırda regional güc mərkəzidir.         Bu isə müəyyən qüvvələri ciddi formada narahat edir. Qərbin müəyyən dairələrinin və onların təsiri altında olan media və QHT-lərin, ekspertlərin bu tipli hücumları əvvəlki illərdə də müşahidə olunub. Hər dəfə Azərbaycanla bağlı mühüm məsələlər gündəlikdə duranda və ya Azərbaycanda beynəlxalq ictimaiyyətin diqqətini cəlb edəcək tədbirlər keçiriləndə (Eurovision- 2012, Avropa Oyunları, İslam Həmrəyliyi Oyunları, mühüm enerji və iqtisadi layihlər, beynəlxalq siyasi, iqtisadi, mədəni tədbirlər) bu tipli hücumlar və qarayaxma kampaniyaları təşkil olunur.  Ölkədə vətənpərvərliyin, xalq-iqtidar birliyinin yüksək səviyyədə olması reallıqdır. Erməni yedəyində olanlar dezinformasiya hücumları hazırlamaq üçün müxtəlif dövrlərdə təlimatlar alırlar.

Qərb dairələri Azərbaycanın müharibədə Qələbəsini həzm edə bilmirlər və sülh prosesinə zərbə vurmağa çalışırlar. Qərb imperializminin olduğu hər yerdə anarxiya və xaos var. Prezident İlham Əliyev avqustun 30-da Azərbaycan-Türkiyə parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrımın başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən regional vəziyyətə toxunaraq bildirib ki, Azərbaycan bölgədə davamlı sülhün təmin olunmasının tərəfdarıdır: "Bunun üçün özünün artıq dəfələrlə qeyd etdiyi kimi, Ermənistan Konstitusiyasında Azərbaycana qarşı olan ərazi iddiaları aradan qaldırılmalı və Konstitusiya dəyişdirilməlidir".

Əgər Ermənistan sülh prosesini uzatsa, uduzan tərəf də elə özü olacaq. Çünki başqa çıxış yolları yoxdur.  Cənubi Qafqazda maraqları olan güclər Azərbaycanla hesablaşmalı olduqlarını da bilirlər. Onların Ermənistanla bağlı populist çıxışlarının arxasında yalançı vədlərin, boş sözlərin olduğu gün kimi aydındır və bunları saymaqla bitən deyil. Azərbaycan isə sülh və təhlükəsizlik fonunda yeni səhifə açmağa hazırdır. Bu mənada Ermənistanın gələcəyi irəli sürülən təşəbbüslərə konstruktiv adekvat cavab verməsindən asılıdır. Bu, nə qədər tez baş verərsə, bütün region üçün, həm də Ermənistan üçün də faydalı olacaq.

Prezident İlham Əliyev dəfələrlə  bəyan edib ki, Azərbaycanın Qərb əyalətlərini Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək Zəngəzur dəhlizi bərpa olunmasa  Ermənistanla sərhəd açılmayacaq.

"Ən uyğun variant Mehri rayonundan keçəcək marşrutdur. Həm dəmir yolu, həm də avtomobil yolu oradan keçməlidir.  İnsanlar və yüklər Azərbaycandan Azərbaycana yoxlayış olmadan keçməlidir. Əks halda Ermənistan sonsuzadək dalanda dirənəcək. Qeyd etdiyim marşrut açılmasa, Ermənistanla sərhədimizi açmayacağıq" söyləyən Prezident İlham  Əliyev bildirib ki, Ermənistanın sülh sazişi üçün  kənar müdaxilələrə,  "qarant dövlət"lərlə bağlı  əsassız tələblərə  ehtiyac yoxdur.

Beynəlxalq əhəmiyyətli  Orta Dəhliz layihəsinin əsas tərəfdaşı olan   Azərbaycan regionda dayanıqlı sülh və təhlükəsizliyin  təminatı üçün  tərəfdaş ölkələrin maraqlarına uyğun  humanitar siyasətini davam etdirir.  Azərbaycan Şərq-Qərb, Şimal-Cənub, Şimal-Qərb nəqliyyat dəhlizləri kimi regional bağlantı layihələrinin icrasına mühüm töhfə verən tərəfdir. «Zəngəzur nəqliyyat dəhlizi» üzərində çalışırıq. Bu dəhliz Azərbaycana Avrasiyanın nəqliyyat və logistika mərkəzi kimi mövqeyini gücləndirməyə imkan verəcək. Mən Asiya və Sakit okean hövzəsindən olan tərəfdaş ölkələri bu regional layihənin potensialını nəzərdən keçirməyə dəvət edirəm» sözləri ilə  Zəngəzur dəhlizinin bərpasının beynəlxalq əhəmiyyətini diqqətə çatdıran  Prezident İlham Əliyev Ermənistanın baş naziri Nikol Paşinyanın  «sülhün kəsişməsi» kimi  bəhanəsini sərsəm ideya, siyasi savadsızlıq adlandırır.  Bildirir ki,  Zəngəzur Azərbaycanın tarixi ərazisidir. Bu baxımdan  azərbaycanlılar  Zəngəzur dəhlizindən istifadə zamanı   heç bir yoxlama aparılmadan keçməlidirlər. Azərbaycan, Türkiyə, İran, Gürcüstan və Ermənistan arasında kommunikasiyaların inkişafına təsir edəcək bu dəhlizə başqa dairələrin nəzarəti  barədə açıqlamalar isə gülüncdür.

Şəmsiyyə Əliqızı, “İki sahil”