Prezident İlham Əliyev qeyd etdi ki, işğal altında olan ərazilərimizin böyük hissəsi 2020-ci ildə 44 günlük Vətən müharibəsi nəticəsində azad edildi. Lakin məsələ bununla bitmədi, çünki separatçılar Azərbaycanın suverenliyinə xələl gətirməyə davam edirdilər. Bu məsələdə sonuncu nöqtə ötən ilin sentyabrında qoyuldu və Azərbaycanın suverenliyi tam şəkildə bərpa edildi. Azərbaycan öz nümunəsi ilə onu nümayiş etdirdi ki, beynəlxalq hüquq, güclü siyasi iradə, cəmiyyətin səfərbər olması və fiziki güc ciddi siyasi dəyişikliklə nəticələnə bilər.
“Dünya, Avropa və İtaliya haqqında bilgilər” mövzusuna həsr olunmuş Beynəlxalq Çernobbio Forumunda “Yeni geosiyasi şəraitdə Azərbaycanın rolu” adlı sessiyada Prezident İlham Əliyev həmçinin açıqladı ki, Sovet İttifaqının süqutundan sonra ilk dəfə Cənubi Qafqazda sülhə nail olmaq mümkündür. Belə ki, Azərbaycan və Ermənistan arasında sülh danışıqları çərçivəsində baş verən hadisələr, sülh müqaviləsinin bəndlərinin təqribən 80 faizinin razılaşdırılması, sərhədin delimitasiyası prosesinin başlanması və hətta kiçik addım hesab oluna bilən 13 kilometrlik hissəsinin demarkasiyasının, - halbuki sərhədin uzunluğu 1000 kilometrdən artıqdır, - özü belə düzgün istiqamətdə atılan addımdır.
Çernobbio Forumunda Prezident İlham Əliyev onu da vurğuladı ki, Azərbaycan qlobal arenada müxtəlif aktorlar arasında körpülərin qurulması üzərində fəal çalışır. Qlobal Cənub və qlobal Şimal arasında körpülərin qurulması mümkündür. Hər kəsə məlumdur ki, iqlim mövzusu ölkələri və xalqları ayıran bir mövzudur. 120 ölkəni birləşdirən Qoşulmama Hərəkatına 4 il sədrliyi onu nümayiş etdirir ki, Azərbaycan yaxşı nəticə hasil edə biləcək ölkədir. Bir çox Avropa ölkəsi ilə fəal əməkdaşlıq əlaqəsi mövcuddur. Avropa İttifaqının 10 üzvü rəsmi olaraq Azərbaycanın strateji tərəfdaşıdır. Azərbaycan iki aydan sonra ən böyük iqlim konfransına – COP29-a ev sahibliyi edəcək. Bununla bağlı qərar ötən ilin dekabrında verildi və ölkəmizin hazırlıq üçün bir ildən az vaxtı var idi. Burada ən vacib məqam ondan ibarətdir ki, qərar 200-ə yaxın ölkə arasında konsensusa əsaslanırdı. Sözügedən amil Azərbaycana olan etibarın təzahürüdür.
Forumda Prezident İlham Əliyev Rusiya-Ukrayna münaqişəsinə də münasibət bildirərək qeyd etdi ki, Rusiya və Ukrayna ilə yanaşı, Azərbaycan 70 il ərzində Sovet İttifaqının tərkib hissəsi olub. Ölkəmizin xalqlararası və siyasi səviyyədə şaxələndirilmiş münasibətləri var. Bu gün Azərbaycanın Rusiya və Ukrayna ilə çox yaxşı münasibətləri var. Azərbaycan Ukrayna da daxil olmaqla, bütün ölkələrin ərazi bütövlüyünü və suverenliyini güclü şəkildə dəstəkləyir.
Əlişah Rəcəbov,
YAP Ağdaş rayon təşkilatının sədri