10 sentyabr 2024 14:15
323

Möhkəm dostluq və əməkdaşlıq ənənələri

Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri ikitərəfli əlaqələrin qurulması və qarşılıqlı etimada söykənərək yeni istiqamətlər üzrə inkişaf etdirilməsidir. Avropa ölkələri ilə əməkdaşlıq Azərbaycan üçün xüsusi əhəmiyyət kəsb edir. Bu baxımdan ölkəmizin istər Avropa İttifaqı, istərsə də bu quruma üzv olmayan dövlətlərlə əlaqələri yüksələn xətlə inkişaf edir. Hazırda İtaliya ilə münasibətlər fonunda Azərbaycanın Avropa ölkələri ilə əməkdaşlığı barədə aydın təsəvvür yaranır. Məlum olduğu kimi, bu günlərdə dövlət başçısı İlham Əliyev İtaliya Prezidenti Sercio Mattarellanın dəvəti ilə bu ölkədə işgüzar səfərdə olub.

Möhkəm dostluq və əməkdaşlıq ənənələri Azərbaycan ilə İtaliya münasibətlərini təcəssüm etdirir. Bu münasibətlər qarşılıqlı faydalı tərəfdaşlıq xarakteri daşıyır, bir-birinin maraqlarına hörmət prinsiplərinə əsaslanır. Hər iki ölkənin rəhbərlərinin qarşılıqlı səfərləri münasibətlərin inkişafına böyük təkan verir. Dövlət başçısı İlham Əliyevin səfər çərçivəsində keçirdiyi görüşlər,  “Dünya, Avropa və İtaliya haqqında bilgilər” mövzusuna həsr olunmuş Beynəlxalq Çernobbio Forumunda iştirakı,  “Yeni geosiyasi şəraitdə Azərbaycanın rolu” adlı sessiyada çıxışı iki ölkə arasında əlaqələrin dünəninə, bu gününə işıq salaraq perspektivlər barədə aydın təsəvvür yaradır. “Mən ikinci dəfədir ki, Çernobbio Forumunda iştirak edirəm və iki il əvvəl buradakı iştirakımla bağlı xoş təəssüratlarım var” söyləyən cənab İlham Əliyev qeyd edib ki, səfər çərçivəsində keçirilən görüşlər və müzakirələr zamanı  bir daha ikitərəfli münasibətlərimizin strateji xarakterini təsdiq etdik. Uzun illər ərzində Azərbaycan və İtaliya strateji tərəfdaşlar kimi fəaliyyət göstərirlər. Müvafiq Bəyannamə təqribən 10 il əvvəl qəbul edilib. Əməkdaşlığımız bir çox sahəni əhatə edir. Müntəzəm siyasi təmaslarımız var.

Bu, 2020-ci ildən bəri Azərbaycan Prezidentinin İtaliyaya üçüncü rəsmi səfəridir. İtaliya Prezidenti Sercio Mattarella 2018-ci ildə Azərbaycana səfər edib. Yüksək səviyyəli siyasi təmaslar yaxın siyasi tərəfdaş olduğumuzu nümayiş etdirir.

İki strateji tərəfdaşın münasibətlərinin tarixinə qısa nəzər salaq. Ulu Öndər Heydər Əliyevin 1997-ci ildə  İtaliyaya ilk rəsmi səfəri iki dövlət arasında bütün sahələrdə münasibətlərin inkişaf etdirilməsi üçün əhəmiyyətli addım olub. Həmin səfər zamanı Ümummilli Lider İtaliya Prezidenti, Baş nazir, Senatın və Deputatlar Palatasının sədrləri ilə görüşüb. İtaliya rəhbərləri Ulu Öndər Heydər Əliyevlə söhbət zamanı hazırda tarixə qovuşan Qarabağ probleminin sülh yolu ilə ədalətli həllinə və Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasına tərəfdar olduqlarını bildiriblər. Ümummilli Liderin İtaliyaya səfəri nəticəsində iki dövlət arasında siyasi-iqtisadi, mədəni və texniki əməkdaşlıq üzrə yeddi saziş imzalanıb. Yaradılan möhkəm təməl üzərində qarşılıqlı münasibətlər və əlaqələr yüksələn xətlə inkişaf etməyə başlayıb, ardıcıl  səfərlər həyata keçirilib.

Ümumiyyətlə, ölkələrarası münasibətlərdə qarşılıqlı səfərlər xüsusi əhəmiyyətə malikdir. Bu mənada Azərbaycan ilə İtaliya arasında yüksək səviyyəli qarşılıqlı səfərlər münasibətlərimizin dinamikasını nümayiş etdirən növbəti amildir. Prezident İlham Əliyevin 2022-ci ildə İtaliyaya səfəri zamanı İtaliya-Azərbaycan Universitetinin yaradılması ilə əlaqədar imzalanmış sənədlərin mübadiləsi mərasiminin keçirilməsi, həmçinin dövlətimizin başçısının Çernobbio şəhərində keçirilən Beynəlxalq Forumda iştirakı və çıxışı, eləcə də bu ilin iyun ayında İtaliyanın “Leonardo” şirkətinin istehsalı olan “C-27J Spartan” tipli hərbi nəqliyyat təyyarəsinin ölkəmizə təhvil verilməsi və digər mühüm amillər iki ölkə arasında əməkdaşlıq sahələrinin genişlənməsinin bariz nümunəsidir. 

Azərbaycan-İtaliya münasibətləri hazırda yeni inkişaf mərhələsini yaşayır, strateji tərəfdaşlığa əsaslanan əlaqələrin möhkəmlənməsi üçün yeni səhifələr açılır. Hazırda İtaliya Azərbaycanın dünyada bir nömrəli ticarət tərəfdaşıdır. Ötən il bu ölkə ilə ticarət dövriyyəmiz 16 milyard dollara yaxın olub. Artım üçün potensialı yalnız enerji sektorunda deyil, digər sahələrdə də görürük. Azərbaycan İtaliyanın bir nömrəli neft və ikinci ən böyük qaz təchizatçısıdır. Bu da əməkdaşlığın mühüm tərkib hissəsidir.

Reallıq budur ki, enerji təhlükəsizliyi milli təhlükəsizliyin ayrılmaz hissəsidir. Azərbaycandan İtaliyayadək uzanan, Cənub Qaz Dəhlizi adlanan 3500 kilometrlik inteqrasiya edilmiş boru kəməri sistemi bu gün 10 ölkənin enerji təhlükəsizliyini təmin edir. Hazırda Azərbaycandan qaz alan 10 ölkənin 7-si Avropa İttifaqının üzvüdür. Avropa Komissiyası Azərbaycanı Ümumavropa qaz təchizatçısı və etibarlı tərəfdaş adlandırır.

Göründüyü kimi, Azərbaycanın malik olduğu imkanlar ikitərəfli əməkdaşlıq əlaqələrinin bütün sahələr üzrə inkişafına stimul verir. Tərəflər əlaqələrin yeni istiqamətlər üzrə inkişafında maraqlıdırlar. Dövlətimizin başçısı İtaliyaya son səfəri zamanı çıxışında onu da vurğulayıb ki, münasibətlər qarşılıqlı etimad və hörmət, qarşılıqlı maraqların nəzərə alınması üzərində qurulursa, o zaman tərəqqinin şahidi oluruq. Bu, bir-birindən uzaqda, fərqli qitələrdə yerləşən ölkələr arasında münasibətlərin necə qurulmalı olduğunun nümunəsidir.

Samir Qocayev,
​Yeni Azərbaycan Partiyası Goranboy rayon təşkilatının sədri