Prezident İlham Əliyevin xarici siyasət kursunda Avropa ölkələri ilə xüsusilə də İtaliya ilə çoxtərəfli əməkdaşlıq əlaqələri mühüm yer tutur. Bu mənada, hər iki ölkənin münasibətləri qarşılıqlı faydalı tərəfdaşlıq xarakteri daşımaqla bərabər, qarşılıqlı hörmət prinsiplərinə əsaslanır. Azərbaycan və İtaliya rəhbərlərinin qarşılıqlı səfərləri də bu münasibətlərin inkişafına ciddi təkan verir. Məhz Prezident İlham Əliyevin son dörd ildə İtaliyaya 3 səfərinin reallaşması deyilənlərin əyani sübutudur.
Hazırda İtaliya-Azərbaycan münasibətləri çoxvektorludur. Eyni zamanda, bu münasibətlər strateji tərəfdaşlıq səvyyəsindədir və hər iki ölkənin, strateji maraqlarına xidmət edir. İtaliya Avropa İttifaqının üzv ölkələri arasında Azərbaycanın əsas siyasi, iqtisadi və ticarət tərəfdaşıdır. İtaliya ikitərəfli müstəvidə Azərbaycanın strateji tərəfdaşı olmaqla yanaşı, çoxtərəfli müstəvidə də Azərbaycanın sıx əməkdaşlıq etdiyi vacib ölkədir. Prezident İlham Əliyevin bu ölkəyə səfəri zamanı qarşılıqlı münasibətlərin inkişafına dair faydalı müzakirələr aparılıb. İtaliya Respublikasının Prezidenti Sercio Mattarella və Nazirlər Şurasının Sədri Ciorcia Meloni ilə görüşlərdə ölkələrimiz arasında siyasi dialoqun inkişafından məmnunluq ifadə olunub, əlaqələrimizin strateji tərəfdaşlıq zəminində inkişafı vurğulanıb. Eyni zamanda, tərəflər arasında enerji sahəsində sənədlər mübadiləsi də ölkələrimizin bu sahədə əməkdaşlığının genişlənməsinə müsbət təsir göstərəcək.
Prezident İlham Əliyevin «Dünya, Avropa və İtaliya haqqında bilgilər» mövzusuna həsr olunmuş Beynəlxalq Çernobbio Forumunda «Yeni geosiyasi şəraitdə Azərbaycanın rolu» adlı sessiyadakı çıxışı da maraqla qarşılanıb. Xüsusilə ölkəmizin başçısının «The European House – Ambrosetti» beyin mərkəzi tərəfindən təşkil olunan və sayca 50-ci olan beynəlxalq Çernobbio Forumunda əsas qonaq kimi iştirakı ölkəmizin beynəlxalq aləmdə yüksək nüfuzunun, etibarlı tərəfdaş statusunun, regionun aparıcı aktoru olmasının təsdiqidir. Həmçinin bu, Avropanın enerji təhlükəsizliyinə verdiyi əhəmiyyətli töhfənin beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirilməsidir.
Qeyd edək ki, 1965-ci ildən fəaliyyət göstərən «The European House – Ambrosetti» İtaliyanın idarəetmə-məsləhət xidməti sahəsində aparıcı beyin mərkəzi hesab olunur. Xidmət Avropa və onun hüdudlarından kənarda ofislərə və geniş tərəfdaşlıq şəbəkəsinə malikdir. Dünyanın beyin mərkəzləri ilə bağlı aparıcı reytinqlərə əsasən İtaliyada birinci və Avropada ilk onluqda qərarlaşan «The European House – Ambrosetti» İtaliya və Avropa şirkətləri üçün əhəmiyyət daşıyan məsələlərin müzakirə olunduğu forumlar, müxtəlif tədbirlər keçirərək italyan şirkətlərinin qlobal tərəfdaşları ilə əlaqələrinin yaradılmasına, eyni zamanda, əməkdaşlığın təşviqinə kömək edir. «The European House – Ambrosetti», eyni zamanda, İtaliya və Avropa üçün potensiala malik ölkələrlə əməkdaşlığın təşviqinə müsbət təsir göstərmək imkanına malik, ikitərəfli iqtisadi gündəmləri inkişaf etdirmək iqtidarında olan liderləri bir araya gətirərək yüksək səviyyəli müzakirə platformaları təqdim edir.
Prezident İlham Əliyev sözügedən forumda çıxışı zamanı bir sıra mühüm məsələlərə diqqətçəkib. Xüsusilə ölkəmizin İtaliya ilə əlaqələrindən, enerji təhlükəsizliyindən ətraflı bəhs edib. Ölkəmizin başçısı nitqində həmçinin, Cənubi Qafqazda sülhə nail olmağın mümkünlüyünü də vurğulayıb. Sülh müqaviləsinin mətninin təxminən 80 faizinin artıq razılaşdırıldığını vurğulayan dövlətimizin başçısı qeyd edib: «Artıq sərhədin delimitasiyası prosesinə, hətta demarkasiyasına nail olmuşuq. Bəli, bu, kiçik bir addımdır. On üç kilometrlik hissə demarkasiya edilib. Bizim Ermənistanla 1000 kilometrlik sərhədimiz var. Ancaq bu, düzgün istiqamətdə atılmış addımdır və ümid edirik ki, sülh danışıqları ilə bağlı Azərbaycanın irəli sürdüyü bu təşəbbüs sülh sazişinin imzalanması ilə nəticələnəcək».
“Ümumiyyətlə, Azərbaycanın İtaliya ilə strateji tərəfdaşlıq münasibətlərində iqtisadi-ticarət sahəsində əməkdaşlıq xüsusi əhəmiyyətə malikdir. İtaliya Azərbaycanın birinci ticarət tərəfdaşıdır. İki ölkə arasında enerji sahəsində də əməkdaşlıq yüksək səviyyədədir. Azərbaycan İtaliyanın neft təchizatında birinci, qaz təchizatında isə ikinci yeri tutur. Cənub Qaz Dəhlizi və onun tərkib hissəsi olan Trans-Adriatik qaz boru kəməri ikitərəfli enerji əməkdaşlığını və İtaliyanın enerji təhlükəsizliyini möhkəmləndirən vacib faktordur. Ən vacib məqamlardan biri də odur ki, Ermənistanın 30 illik işğalı dövründə İtaliya hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib. İkinci Qarabağ müharibəsində də İtaliya Azərbaycanın haqlı mövqeyinə dəstək nümayiş etdirib. Çox önəmli faktdır ki, indi Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında İtaliya şirkətləri ərazilərimizin bərpasında fəal iştirak edirlər.
İsmayıl İbrahimov,
YAP Hacıqabul rayon təşkilatının sədri