Sentyabrın 6-da “Dünya, Avropa və İtaliya haqqında bilgilər” mövzusuna həsr olunmuş Beynəlxalq Çernobbio Forumunda “Yeni geosiyasi şəraitdə Azərbaycanın rolu” adlı sessiyada çıxışı zamanı Prezident İlham Əliyev Azərbaycan-İtaliya münasibətlərindən geniş bəhs etdi. Ölkə başçısı vurğuladı ki, Azərbaycan İtaliyanın bir nömrəli neft və ikinci ən böyük qaz təchizatçısıdır. Həmçinin İtaliya Azərbaycanın dünyada bir nömrəli ticarət tərəfdaşıdır. Ötən il ölkələrimizin ticarət dövriyyəsi 16 milyard ABŞ dollarına yaxın olub.
Forumda Prezident İlham Əliyev qeyd etdi ki, müasir dövrdə
enerji təhlükəsizliyi milli təhlükəsizliyin ayrılmaz parçasıdır. Azərbaycandan İtaliyayadək uzanan, Cənub Qaz Dəhlizi adlanan 3500 kilometrlik inteqrasiya edilmiş boru kəməri sistemi bu gün 10 ölkənin enerji təhlükəsizliyini təmin edir. Azərbaycandan qaz alan həmin 10 ölkənin 7-si Avropa İttifaqının üzvüdür. Bu səbəbdən Avropa Komissiyası Azərbaycanı ümum-Avropa qaz təchizatçısı və etibarlı tərəfdaş adlandırır. Prezident İlham Əliyev bildirdi ki, boru kəmərinin başlanğıcı Azərbaycandadır və İtaliyaya qədər uzanır. Ancaq marşrut boyu mövcud olan əlavələr və interkonnektorlar sayəsində bu kəmər geniş Avropa və Avrasiya çoğrafiyasını əhatə edir. Burada da artım üçün güclü potensial var.
İkitərəfli əlaqələrin enerji və ticarətlə məhdudlaşmadığını diqqətə çatdıran ölkə başçısı hazırda humanitar məsələlər üzərində də fəal şəkildə işlərin aparıldığını vurğuladı. Artıq ölkəmizdə İtaliya-Azərbaycan Universiteti fəaliyyətə başlayıb və bu, əməkdaşlığın şaxələndirilməsinin gözəl nümunəsidir. İtaliyanın beş aparıcı universiteti – Lyuis, Sapyensa, Boloniya, Milan və Turin universitetləri və onların Azərbaycandan olan tərəf müqabilləri bu müştərək təsisatı yaradıb. Bu, ölkələrimizin gələcək əməkdaşlığı üçün mühüm əhəmiyyət kəsb edəcək.
Azərbaycan və İtaliya arasında ikitərəfli münasibətlər qarşılıqlı etimad və hörmət, habelə qarşılıqlı maraqların nəzərə alınması üzərində qurulub. Bu münasibətlər bir-birindən uzaqda, fərqli qitələrdə yerləşən ölkələr arasında münasibətlərin necə qurulmalı olduğunun nümunəsidir.
Beynəlxalq Çernobbio Forumunda “Yeni geosiyasi şəraitdə Azərbaycanın rolu” adlı sessiyada çıxışı zamanı Prezident İlham Əliyev Azərbaycan həqiqətlərinə də diqqət çəkdi. Ölkə başçısı bildirdi ki, təkcə Qafqazda deyil, daha geniş regionda baş vermiş ən böyük geosiyasi dəyişiklik Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpasıdır. Bu, həqiqətən onu nümayiş etdirdi ki, beynəlxalq hüququn aliliyi o zaman təmin edilə bilər ki, burada hüquqi çərçivə ilə yanaşı, həmçinin cəsarət və real güc də var. Azərbaycanın beynəlxalq səviyyədə tanınmış əraziləri 30 il ərzində Ermənistanın işğalı altında idi. Beynəlxalq təşkilatların çoxsaylı qərar və qətnamələrinə, o cümlədən Ermənistan qoşunlarının torpaqlarımızdan dərhal çıxarılmasını tələb edən və hüquqi öhdəlik yaradan BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinə baxmayaraq, işğal davam etmişdir. ATƏT bu məsələ ilə məşğul olacaq xüsusi bir qrup da yaratmışdır və həmin qrup 28 il ərzində sıfır nəticə hasil etmişdir. Bu, onu nümayiş etdirir ki, ədaləti və sülhü təmin etmək üçün təkcə beynəlxalq hüquq kifayət deyil. Masa üzərində digər amillər də olmalıdır. Azərbaycanın işğal altında olan ərazilərinin böyük hissəsi 2020-ci ildə 44 günlük Vətən müharibəsi nəticəsində azad edildi. Lakin məsələ bununla bitmədi, çünki separatçılar Azərbaycanın suverenliyinə xələl gətirməyə davam edirdilər. Bu məsələdə sonuncu nöqtə ötən ilin sentyabrında qoyuldu və Azərbaycanın suverenliyi tam şəkildə bərpa edildi. Prezident İlham Əliyev Çernobbio Forumunda onu da bəyan etdi ki, Sovet İttifaqının süqutundan sonra ilk dəfə Cənubi Qafqazda sülhə nail olmaq mümkündür. Ölkəmiz öz nümunəsi ilə onu nümayiş etdirdi ki, beynəlxalq hüquq, güclü siyasi iradə, cəmiyyətin səfərbər olması və fiziki güc ciddi siyasi dəyişikliklə nəticələnə bilər.
Cavid Osmanov,
YAP İdarə Heyətinin üzvü