12 sentyabr 2024 10:12
274

Azərbaycan Yeni Kaledoniyanın yanındadır

Yandığından Makronun cızdığı çıxır, ancaq acizdir

Ölkəmiz otuz il işğaldan əziyyət çəkib və onun müsibətlərini yaşayıb. Biz işğalın dəhşətli nəticələrini bir çoxlarından yaxşı bilirik. Ona görə də ölkəmiz İkinci Qarabağ müharibəsindəki böyük Qələbədən sonra kiçik, zəif və müstəmləkə əsarəti altında əzilən xalqlara kömək əlini uzadır, onların yanında olduğunu bəyan edir. Azərbaycanın dövlət müstəqilliyi uğrunda mübarizə aparan Yeni Kaledoniya xalqına verdiyi dəstək bəzi imperiya iddialı ölkələr tərəfindən düşməncəsinə qarşılanır. Həmişə Ermənistana dəstək vermiş və onu silahlandırmış Fransa bu məsələdə birinci yerdədir. Bizim fransız xalqı ilə heç bir ədavətimiz, hansısa iddiamız və ya həll edilməmiş məsələmiz yoxdur. Ancaq nədənsə Fransanın indiki rəhbərliyi heç bir səbəb olmadan Azərbaycana düşmən kəsilib. Baxmayaraq ki, öz ölkələrində həllini gözləyən kifayət qədər ağır sosial problemlər var, əhali etiraz mitinqləri keçirir, hökumətin tədbir görməsini tələb edir. Ancaq bu, prezident Makronu düşündürmür və başabəla dövlət başçısı dünyanın jandarmı olmaq istəyir. Görünür, o, imperiya xislətindən və eqoizmdən doğan cılız hisslərinin məngənəsindən qurtula bilmir.

Siyasi təfəkkürünü itirmiş Makron hökumətinin ölkəmizə qarşı sərsəmliyi o həddə çatıb ki, öz vətəndaşlarının Azərbaycana səyahətə gəlməsinə belə qadağa qoyur. Bu, sarsaqlıqdan savayı heç nə deyil.  İndiyədək bura qonaq gəlmiş hansı fransızın burnu qanayıb, yainki onları kim incidib? Əlbəttə, suala mənfi cavab vermək mümkün deyil. Çünki belə hal olmayıb. Azərbaycanın dostları isə makronçuların axmaq fikirlərini və hərəkətlərini ifşa edərək bizimlə həmrəy olduqlarını bildirirlər.

Belə ki, Fransa Koloniyalarının Azadlıq Cəbhəsi Fransa Xarici İşlər Nazirliyinin (XİN) Azərbaycana səyahət xəbərdarlığı  bəyanatına cavab verib: “Fransanın Baş naziri hələ öz hökumətini formalaşdırmasa da, istefaya gedən daxili işlər nazirinin addımları və Fransa Xarici İşlər Nazirliyinin Azərbaycanla bağlı həyəcan xəbərdarlıqları heç kəsi çaşdırmır. Hökumətin növbəti addımı, şübhəsiz ki, Fransa koloniyalardakı "vətəndaşlarına” sözügedən ölkəni ziyarət etməyi tamamilə qadağan etmək olacaq. Bu qərar “insan hüquqları”, “insanların və yüklərin sərbəst hərəkəti” ilə ziddiyyət təşkil edir və tamamilə qeyri-qanuni olacaq. Fransa dövlətinin addımlarının yalnız bir məqsədi var: Bakı Təşəbbüs Qrupunun Birləşmiş Millətlər Təşkilatı çərçivəsində ona Qoşulmama Hərəkatı tərəfindən verilmiş mandatın yerinə yetirilməsinə davam etməsinə yol verməmək. Məlumdur ki, Bakı Təşəbbüs Qrupunun missiyası dünyada kolonializmə son qoymaqdır."

Fransa beynəlxalq səviyyədə imicinin sürətlə pisləşdiyini yaxşı anlayır. Bunun kökündə Bakı Təşəbbüs Qrupunun təşkilata üzv olan ölkələrin ərazilərinin “insan hüquqları ölkəsi” (Fransa) tərəfindən necə zəbt edildiyini və yerli xalqlara qarşı necə barbarcasına davrandığını beynəlxalq ictimaiyyətin diqqətinə çatdırması durur. Kanakların (Yeni Kaledoniya əhalis) hazırkı vəziyyəti bunun ən yaxşı nümunəsidir.

Fransa əsarəti altında saxladığı son koloniyalarını əldən buraxmamaq üçün ən kobud və antidemokratik hərəkətlərə əl atmaqdan çəkinmir. Burada məqsəd varlığını davam etdirməyə, hələ də güclü olduğunu göstərməyə və bununla da regionda maraqlarını qoruyub saxlamaqla böyük dəniz güclərinin hit-paradında yerini qorumaqdır. Yəni, başqasının ərazisini, sərvətlərini əlindən almaqla və bir xalqa iztirablar gətirməklə öz iddialarını həyata keçirir.

Fransa Koloniyalarını Azadlıq Cəbhəsi bildirir ki, "Biz öz tərəfimizdən Bakı Təşəbbüs Qrupu ilə BMT-nin müəyyən etdiyi çərçivədə və ya nəhayət, müstəqilliyimizi əldə etmək və xalqlarımızın maraqlarını qorumaq naminə zəruri hesab etdiyimiz hər hansı digər tərəfdaşla işləməyə davam edəcəyik!”

Bəyanatı Fransa müstəmləkəsi altında olan ərazilərdəki 14 siyasi hərəkatın rəhbərləri imzalayıblar. Xatırladaq ki, bu ilin iyul ayında Fransa koloniyalarında müstəqillik uğrunda mübarizə aparan siyasi partiya və hərəkatların rəhbərləri Bakıda birinci qurultaylarını keçirərək Fransa Koloniyalarının Azadlıq Cəbhəsini yaradıblar. Fransa və Niderlandın 17 koloniyasının səlahiyyətli rəsmiləri Azadlıq Cəbhəsinin yaradılması haqqında yekun Bəyannaməni imzalayıblar. Həmçinin iştirakçılar Cəbhənin Nizamnaməsini təsdiqləyiblər. Koloniyaların təmsilçiləri həmrəyliyə, dostluq köməyinə, qonaqpərvərliyə və onlara yaradılan şəraitə görə Azərbaycan rəhbərliyinə dərin minnətdarlıqlarını bildiriblər.

Haqqında danışdığımız mövzu onu göstərir ki, Azərbaycan daxil olduğu regiondan uzaq ölkələrdə də haqqın tərəfindədir. Bununla da ölkəmiz beynəlxalq səviyyədə uğurlu siyasət aparır və əzilən xalqlara dostluq əli uzadır. Eyni zamanda, ölkəmiz belə xeyirxah addımları ilə dünyada öz reytinqini daha da yüksəldir. Fransanı yandırıb-yaxan da elə bu məqamdır. Azərbaycan rəhbərliyinin koloniyaların azadlığı üçün apardığı ağıllı siyasət qarşısında aciz qalan yarıtmaz Makron hakimiyyəti bu səbəbdən daha da sərtləşib özündən çıxır, təmkinini itirir və anormal hərəkətlərə yol verir. Nəticədə o, ölkəsinə çoxlu  düşmənlər qazandırıb. Nahaq yerə deməyiblər ki, “Sirkə nə qədər tünd olsa, öz qabını çatladar.”

Vəli İlyasov, "İki sahil"