USAID haylara beş illik yardım paketini iki dəfədən çox artıraraq 120 milyon dollardan 250 milyon dollara çatdırıb
ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAID) Ermənistana beş illik yardım paketini iki dəfədən çox artıraraq 120 milyon dollardan 250 milyon dollara çatdırıb. Təbii ki, Azərbaycan tərəfi hələ bir neçə ay əvvəl bildirmişdi ki. ABŞ, Avropa İttifaqı və Ermənistan arasında aprelin 5-də Brüsseldə imzalanan 20 maddəlik sənəd məhz Ermənistanı silahlandırmaq üçündür. Sonrakı hadisələr Azərbaycanın bu iddiasında heç də yanılmadığını göstərdi. Çünki həmin üçtərəfli görüşdən sonra Ermənistana hərbi dəstək göstərildi, ona maliyyə yardımı edildi. Ən başlıcası isə Azərbaycanla sərhədyanı ərazilərdə hərbi infrastruktur yaradılmağa başlanıldı. ABŞ, Avropa İttifaqı və Ermənistan arasında aprelin 5-də Brüsseldə imzalanan 20 maddəlik sənəddən bəzi məqamları xatırlatmaq istərdik. Sənəddə bildirilib ki, Birləşmiş Ştatlar İrəvana Strateji Müdafiə İcmalının aparılmasına və bu ölkənin yeni hərbi doktrinanın hazırlanmasına ekspert dəstəyi verəcək. ABŞ Ermənistanın hərbi və müdafiə qabiliyyətini əhəmiyyətli dərəcədə inkişaf etdirmək, sərhəd nəzarəti və təhlükəsizliyini gücləndirmək üçün lazımi yardım göstərəcək, xüsusilə İranla sərhədə diqqət yetirəcək. Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə sabiq xüsusi nümayəndəsi Toivo Klaarın Ermənistan KİV-nə verdiyi müsahibədə «ermənilərin Qarabağa qayıdışı»nı xüsusi məsələ kimi vurğulaması da yuxarıda qeyd etdiyimiz siyasətin tərkib hissəsidir.
Bu gün ABŞ-ın Cənubi Qafqazda möhkəmlənmək istəyi və bu istəyə uyğun Ermənistana hərbi yardımlar etməsi də qəbuledilməzdir. Xüsusilə Ağ Ev bir tərəfdən bölgədə Azərbaycanla Ermənistan arasında sülh prosesini dəstəklədiyini bəyan edir, digər tərəfdən Ermənistan ordusu ilə hərbi əməkdaşlığa, hətta hərbi təlimlərə başlayır. Hər kəsə də bəllidir ki, İrəvanın hələ uzun müddət nəinki qalib gəlməyə, hətta müharibə aparmağa nə resursu, nə də qüdrəti var. Burada əsas məqsəd ABŞ-ın Rusiyanı hər vəchlə bölgədən sıxışdırıb çıxarmağa çalışmasıdır. Xüsusilə son bir neçə ildə Rusiya ilə Ermənistan arasındakı siyasi gərginlik ABŞ-ı bu işlərə həvəsləndirir.
Məlumdur ki, Ermənistandakı anti-Rusiya əhval -ruhiyyəsinin yaradıcısı və bu prosesi həyata keçirən baş nazir Nikol Paşinyandır. O, hakimiyyətə gəldiyi ilk gündən Avropaya, xüsusilə ABŞ-a inteqrasiya etmək xətti tutub. Hətta bu ölkədəki bəzi ərazilərdən rus ordusunun çıxarılması reallaşdı. Lakin bununla belə Paşinyanın hədəfində Rusiyanın 102-ci ordusunun çıxarılması da var. Onların yerini isə Fransa və ABŞ hərbçiləri tutmalıdır. Artıq ilk olaraq Ermənstanda hər iki ölkənin hərbi əməkdaşları yerləşdriliblər. Xüsusilə ABŞ hərbçilərinin Hayastanda təlimlər keçməsi, təcavüzkar orduya təimatçılar göndərilməsi Rusiya-Ermənistan münasibətlərini daha da gərginləşdirib. Eyni zamanda, ABŞ-ın hərbi yük təyyarələrinin dəfələrlə İrəvanın «Zvarnots» hava limanına enməsi və Ermənistana silah daşıması da artıq bir danılmaz faktdır. ABŞ hərbçiləri isə birbaşa Zəngəzur dəhlizi istiqamətində yerləşdirilirlər .
Bu gün ABŞ və Fransanın ən böyük hədəfi Qarabağı könüllü tərk etmiş erməniləri yenidən qaytarmaqdır. Halbuki bu məsələdə Ermənistan özü susur. Hətta 2023-cü ilin sentyabrın 20-də bir günlük antiterror tədbirləri nəticəsində ləğv edilən separatçı xuntanın İrəvana qaçmış tör-töküntülərinin fəaliyyətinə və ofis açmalarına Paşinyan hakimiyyəti icazə vermədiyi halda, ABŞ və Fransa onların anti-Azərbaycan fəaliyyətlərini yenidən diriltmək istəyirlər. Digər dəhşətli məsələ ABŞ-ın Ermənistanda yeni nüvə reaktoru yaratmağa başlamasıdır. Bu isə onsuz da bütün region üçün böyük təhlükə kəsb edən «Metsamor» Atom Elektrik Stansiaysını daha da gücləndirir. Yəni, bu məsələdə amerikalı mütəxxəsislər Ermənistanın seysmik zonada yerləşməsini və nüvə qaçaqmalçılığını nəzərə almaq istəmirlər.
Bundan başqa, Ermənistanda ABŞ-la birgə hərbi təlimlərin keçirilməsi də Ağ Evin irəvana hərbi yardımı kimi dəyərləndirilməlidir.
USAID-in rəhbərinin tarixdə qalmış qondarma rejimin keçmiş dövlət naziri, bu gün isə Bakı təcridxanasında «dincələn» Ruben Vardanyanla sıx əlaqələri olub. O da məlumdur ki, vaxtı ilə Vardanyanın maliyələşdiridiyi Avropa mükafat komitəsində USAID-in rəhbəri Samanta Pauerin də fəal iştirak edirmiş. Bununla da bir daha aydın görünür ki, ABŞ dövlət maraqlarının reallaşdırılması ilə məşğul olan USAİD erməni lobbisinin əlində bir oyuncaqdır. Bir daha vurğulamaq lazımdır ki, ABŞ və onun himayəsindəki beynəlxalq təşkilatlar regionda Ermənistanı öz bastionuna çevirmək istəyirlər. Xüsusilə Fransa tərəfindən Ermənistana göstərilən hərbi və siyasi dəstək bilavasitə Vaşınqtondan koordinasiya edilir.
ABŞ-ın məsələyə ən ədalətsiz yanaşması isə ondan ibarətdir ki, 30 il torpaqlarımız işğal altında olanda bu ölkə Azərbaycanın ərazi bütövlüyünü və sərhəd toxunulmazlığını hazırda Ermənistanın sərhəd toxunlumazlığı qədər xatırlatmırdı. Hazırda işğaldan azad edilmiş ərazilərin vaxtıilə minalanması keçmiş məcburi köçkünlərin məskunlaşmalarına ən böyük təhlükədir. Çünki Azərbaycan minalardan ən çox çirklənmiş ölkələrdən biridir. Lakin ABŞ minaların təmizlənməsi proqramlarına mübarizəyə real dəstək vermir. Görünən odur ki, Qarabağa və Şərqi Zəngəzura azərbaycanlıların qayıdışı ABŞ-ı ciddi narahat edir.
Bundan başqa, ABŞ Ermənistana siyasi, iqtisadi və xüsusən hərbi dəstək olmaqla işğalçı ölkədə revanşizmin alovlanmasına zəmin yaradır. ABŞ regionda real sülh istəyirsə Ermənistana birtərəfli dəstəyi (xüsusən hərbi) dayandırmalıdır. Ermənistan hələ də nə KollektivTəhlükəsizlik Müqaviləsi Təşkilatından, nə Avrasiya İqtisadi İttifaqından çıxmayıb. Ermənistanda Rusiyanın 102 saylı hərbi bazası, Rusiya-Ermənistan birgə hərbi qruplaşması, birgə havadan müdafiə sistemləri fəaliyyət göstərir. Artıq son günlər Ermənistan rəsmiləri Rusiyaya yenidən reveranslara başlayıb. Sonda belə ola bilər ki, Ermənistan elə Rusiya orbitində qalsın.Belə olacağı təqdirdə itirən ABŞ olacaq. Çünki yaratdığı gərginliyə görə regionda heç bir dövlət onunla sıx əməkdaşlıq etməkdə maraqlı olmayacaq.
Elçin Zaman, "İki sahil"