12 sentyabr 2024 23:50
324

İkitərəfli əlaqələrimiz enerji və ticarətlə məhdudlaşmır

Azərbaycan Prezidenti İlham Əliyevin cari ilin 6 sentyabr tarixində Beynəlxalq Çernobbio Forumunda “Yeni geosiyasi şəraitdə Azərbaycanın rolu” mövzusunda çıxışı, ölkəmizin qlobal və regional arenada artan əhəmiyyətini bir daha ön plana çıxardı. Prezident Əliyev çıxışında Azərbaycanın müxtəlif sahələrdə tərəfdaşları ilə möhkəm ikitərəfli əlaqələr qurduğunu vurğuladı və bu əlaqələrin təkcə enerji və ticarət sahələri ilə məhdudlaşmadığını xüsusi qeyd etdi.

Azərbaycanın enerji sahəsindəki uğurları və ölkəmizin dünya enerji bazarındakı rolunu hər kəs bilir. Bununla yanaşı, Prezident İlham Əliyev Azərbaycanın həm regional, həm də beynəlxalq səviyyədə nəqliyyat, logistika, təhlükəsizlik və humanitar sahələrdə də önəmli tərəfdaş olduğunu qeyd etdi. O, ölkəmizin müxtəlif sahələrdə göstərdiyi fəaliyyətin, regionun sabitliyinə və inkişafına verdiyi töhfələrin əhəmiyyətini diqqətə çatdırdı.

Çernobbio Forumunda Prezident Əliyev Azərbaycan-İtaliya əlaqələrinin də dinamik inkişafını xüsusi vurğuladı. İtaliya Azərbaycanın ən böyük ticarət tərəfdaşlarından biridir və hər iki ölkə arasında enerji sahəsində sıx əməkdaşlıq mövcuddur. Lakin Prezident Əliyev bu əməkdaşlığın təkcə enerji ilə məhdudlaşmadığını, mədəni, təhsil, innovasiya və texnologiya sahələrində də əlaqələrin genişləndirilməsi istiqamətində konkret addımlar atıldığını bildirdi. İtaliya ilə Azərbaycanın birgə mədəni layihələr həyata keçirdiyini və hər iki ölkənin mədəni irsini dünya səviyyəsində təbliğ etdiyini vurğuladı.

Prezident İlham Əliyev çıxışında Azərbaycanın qlobal nəqliyyat və logistika layihələrindəki rolunu da qeyd etdi. Bakı-Tbilisi-Qars dəmir yolu və Şimal-Cənub nəqliyyat dəhlizi kimi layihələrin həyata keçirilməsi Azərbaycanın coğrafi mövqeyini iqtisadi cəhətdən daha da gücləndirir və ölkəmizin Avropa ilə Asiya arasında etibarlı bir körpü rolunu oynadığını sübut edir.

Prezident İlham Əliyevin Çernobbio Forumundakı çıxışı, Azərbaycanın yeni geosiyasi şəraitdə daha geniş rol oynadığını və ölkəmizin strateji mövqeyini müxtəlif sahələrdə möhkəmləndirdiyini göstərdi. İkitərəfli əlaqələrimizin enerji və ticarətlə məhdudlaşmadığını, daha geniş sahələrdə inkişaf etdiyini vurğulayan bu çıxış, Azərbaycanın beynəlxalq arenada etibarlı tərəfdaş olduğunu bir daha sübut etdi.

E. Ağayeva,
YAP Xətai rayon təşkilatının “Q.Nəbi 6a” ünvanı üzrə ərazi partiya təşkilatının üzvü