12 sentyabr 2024 23:00
341

Əli Kərimli istefa verməkdən niyə qorxur?

O, 20  ildir ki, boyat fikirləri və şablon nitqləri ilə həm cəmiyyəti. həm də ətrafını bezdirib

Azərbaycanın dağıdıcı müxalifət partiyası AXCP- də şəxsiyyətə pərəstiş halları çoxalmağa başlayıb. Belə ki, partiyanın bəzi funksionerləri sədr Əli Kərimlini vəsf etməklə məşğuldurlar. Amma niyə məhz vəsf edirlər? Görünür,  ya Əli Kərimlinin partiyada yaratdığı diktatura rejimindən çəkinirlər, ya da sədrlərinin xaricdən alınan qrantlarından paylarını artırmağa çalışırlar.

Məsələn, Əli Kərimlinin «fanat»larından biri də onun elə öz müavini Ayaz Məhərrəmlidir. O, sosial şəbəkə statusunda yazır ki, hamısının yalnız bir dərdi var. Necə etsinlər ki, Əli Kərimlinin istefasına nail olub, hakimiyyəti sevindirsinlər: «Bundan ötrü hətta ləyaqətini, əqidəsini, vicdanını satmış insanları belə nümunə gətirib, elələrinin siyasətdən getmələrini ləyaqət nümunəsi adlandıracaq qədər  cılızlaşırlar.
Bu gün Əli Kərimliyə də «sən də ləyaqət nümunəsi göstərib, siyasətdən get!» demək, «sən də satıl, sən də əyil, sən də boyun əy» deməyə bərabərdir. Amma boşuna özlərini yorurlar. Əli Kərimlini yaxından tanıyan biri kimi əminliklə deyirəm ki o, yalnız o zaman siyasətdən gedər ki, ömrünün əhəmiyyətli hissəsini uğrunda fəda etdiyi ideyalar gerçəkləşsin.»

Ayaz Məhərrəmlinin bu statusu çox pafoslu olduğu qədər də xeyli avantürist məqamlarla zəngindir. Əvvəla qeyd edək ki, 1 sentyabr növbədənkənar parlament seçkilərində uduzan REAL Partiyasının sədri İlqar Məmmədovun sədrlikdən istefa verməsi Əli Kərimlidə bir qorxu hissi yaradıb. O, ehtiyat edir ki, yaxın gələcəkdə ətrafı da onun istefası üçün ayaqlana bilər. Çünki o, 20  ildən artıqdır ki, partiya sədri kimi müxalifətdə qalaraq nəinki əqidədaşlarını, hətta cəmiyyəti bezdirib. Belə tükənmiş «lider»lə eyni yolda davam etmək təbii ki, onlara xeyir gətirməyəcəkdir. Axı nə qədər boyatlamış fikirlərə, şablon nitqlərinə qulaq asmaq olar?

Əslində, bu gün dağıdıcı müxalifət düşərgəsindəki acınacaqlı durum belədir ki,  Əli Kərimli bu düşərgəni nəinki inhisara alıb, hətta orada özünün diktaturasını yaradıb. Düzdür, zaman-zaman Əli Kərimlinin bu diktatura rejimindən iyrənib partiyadan istefa verənlər də olub. Lakin Kərimli isə digər gəncləri şirnikləşdrici vədlərlə, populist fikirlərlə ətrafında saxlamağı bacarıb. Ancaq bunlar da müvəqqəti olub. Çünki onun ətrafındakı mütləq çoxluq yaxşı anlayır ki, bu antimilli ünsürlə birlikdə olmağın heç bir  perspektivi yoxdur.

Bəli, son bir ildə AXCP-dəki istefalar partiya daxilində böyük səs-küy yaratdı. İllərini və enerjisini partiyaya həsr etmiş insanlar bu gün əslində Əli Kərimlinin ailəsinin xidmətçisi olduqlarını anlyaraq oradan qaçmağa çalışırlar. Son bir ildə istefa verənlərdən biri AXCP Ali Məclisinin və təşkilat şöbəsinin üzvü, bir müddət AXCP Nizami rayon şöbəsinə sədrlik etmiş Seymur Əhmədzadə illərdir uğrunda həbsə belə düşdüyü Əli Kərimli tərəfindən oğru adlandırılıb. Eyni zamanda, digər istefa vermiş Pərvin Hüseynliyə ailəli olmasına baxmayaraq, guya kiminləsə əxlaqsız münasibətdə olduğu barədə böhtanlar atıldı. Daha bir cəbhəçi gənc Tərlan Babayev partiyadan istefa verdiyini açıqladı.

Həmin gənclər bildirirlər ki, partiyadan istefa verib gedənlər Əli Kərimlinin şəxsi tapşırığı ilə şərlənir və təhqir olunur, hətta linç edilirlər. Xatırladaq ki, bu istefalar dalğası təxminən iki il əvvəl də qeydə alınmışdı. O zaman isə AXCP-çi gənclər Dilarə Miriyeva, Məmməd Balaməmmədov, Aydın Əliyev, Könül Əhmədova, hətta kənd təsərrüfatı üzrə tanınmış ekspert Vidadi Məhərrəmli öz «dostları» tərəfindən ən ağır təhqirlərə məruz qalmışdılar.

Əslində, AXCP sədri Əli Kərimlinin trolları bu cür təbliğatları ilə gələcəkdə istefa verməyə çalışan digər gənclərin gözünü qırmağa çalışırlar. Amma onlar hələ də anlamırlar ki, istefa verən gəncləri əxlaqsızlıqda ittiham etmək elə partiyanın özünün əxlaqsızlar yuvası olduğuna bir işarədir. Trolların sosial şəbəkə statuslarına istinad etsək onda belə anlaşılır ki, AXCP dələduzlar  yığnağıdır…Təhqirlərə məruz qalan Seymur Əhmədzadə ilə Pərvin Hüseynliyə əxlaqsızlıq şərinin atılması AXCP Gənclər Komitəsinin sədri olmuş Əbülfəz Qurbanlını da xatırlatdı. Onu da elə bu cür əxlaqsızlıqda ittiham edərək partiyadan uzaqlaşdırmışdılar.

AXCP-dən istefa verən cəbhəçi gənclər bildirirdilər ki, onları sosial şəbəkələrdə təhqir edən trolbaşı Məmməd İbrahimdir. Ümumiyyətlə, Məmməd İbrahim Əli Kərimlinin antidemokratik idarəçiliyinə etiraz edərək istefa verən partiya üzvlərini şantaj  etməklə məşğuldur. Təbii ki, gənclər etiraf edirlər ki, diktaturanın hökm sürdüyü AXCP-də Məmməd İbrahim bu cür təhqir kampaniyalarını özbaşına etmir. Çünki hər kəs onu yalnız AXCP Rəyasət Heyətinin üzvü kimi yox, daha çox sədr Əli Kərimlinin təsərrüfat işlərinə baxan, hətta lazım olanda diktatorun evindəki məişət texnikalarını da təmir edən biri kimi tanıyır. Ona görə də şübhə yoxdur ki, Məmməd İbrahim təhqir və şərləmə kampaniyalarının tapşırığını birbaşa Əli Kərimlidən alır.

Görünən odur ki, gənclərin AXCP-dən istefaları axırıncı deyil və bu xəmir hələ çox su aparacaq. Bəli, bu istefalar və partiyadakı ciddi ziddiyyətlər göstərir ki, artıq AXCP sədri Əli Kərimli siyasi iflasın bir addımlığındadır. Çünki ən yaxın ətrafı onun antimilli və qeyri-demokratik fəaliyyətindən nəinki, yorulublar, hətta iyrəniblər.  Artıq ağlı başında olan cəbhəçilər gec də olsa anlayıblar ki, nə kecmişdə, nə indi heç bir dəyərli siyasi fəaliyyətlə məşğul olmayan bu lidercikdən  bundan sonra ciddi fəaliyyət gözləməyə dəyməz.

Təbii ki, Əli Kərimli antimlli fəaliyyətinin  «mükafat»ını alır. Çünki əgər bir partiya düzgün idarə olunmursa, milli maraqlardan çıxış etmirsə və hətta xəyanətə yol verirsə, çirkli pullarla, xüsusən də avtoritar formada idarə olunursa onun siyasi arenadan biabırçı şəkildə çəkilməsi qaçılmazdır. Xüsusilə 44 günlük Vətən müharibəsində xalq-ordu-Prezident birliyinə kölgə salan bu adam xarici dövlətlərin agentura şəbəkəsi ilə işbirliyinə gedib qələbəmizə kölgə salırdı.

Ən nəhayət, AXCP-də yeni istefa dalğası qaçılmazdır. Çünki Əli Kərimli bu partiyaya yeni nəfəs, müasir siyasi ab-hava gətirmək iqtidarında deyil. Yenilənmək, inkişaf edən Azərbaycan cəmiyyətinə adaptasiya olmaq, çağdaş gəncliyə geniş meydan vermək- bütün bunlar əsl siyasətçinin xarakterik xüsusiyyətidir ki, bunlar da Əli Kərimlidə və onun ətrafındakılarda qəhətə çəkilib.

Elçin Zaman, «İki sahil»