14 sentyabr 2024 01:59
447

Türkiyə-Azərbaycan qardaşlığı regionda hərbi-siyasi sabitliyin qarantıdır

Ermənistandakı revanşistlər ölkəmizə qarşı hərbi-ideoloji təxribatlarını davam etdirməyə calışırlar. Xüsusilə Fransanın, Hindistanın və ABŞ-ın hayları silahlandırması onlarda «bəlkə də qaytardılar» sərsəmləməsini gücləndirir. Təbii ki,  həm İkinci Qarabağ müharibəsində, həm də 19 sentyabr birgünlük antiterror tədbirlərində Azərbaycan Ordusundan ölümcül zərbə alan bu işğalçı ölkə belə bir cəsarəti anti- Azərbaycan və anti-Türkiyə qüvvələrindən alır. Əslində ermənilərin ən böyük şərəfsizliyi onların başqalarının arxasında gizlənərək bizə diş qıcartmalarıdır. Ancaq onlar qanmalıdırlar ki, ordumuz bizə qıcanan çox dişləri qırıb.

Bu gün də Azərbaycan dik duruşu və qətiyyəti ilə düşmənlərinə layiq olduqları yeri göstərir. Ona görə ki, biz həm haqlı tərəfik, həm də qardaş Türkiyə kimi müttəfiqimiz var. Bu, həmin Türkiyədir ki, hazırda iqtisadi gücünə görə dünyanın ən güclü 20 ölkələrinin sırasında qərarlaşıb. Eyni zamanda, həm Cənubi Qafqazın, həm də Yaxın Şərqin söz sahiblərindən biridir. Qardaş ölkənin müdafiə sənayesi indi bir çox böyük dövlətlərin həsəd aparacağı dərəcədə inkişaf edib. Hazırda dünya bazarında Türkiyə PUA-larının, tanklarının, təyyarələrinin alıcıları durmadan artır.

Qardaş Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan da beynəlxalq aləmdə nüfuzlu və qətiyyətli lider kimi qəbul edilir. Son illərdə dünyanın  qaynar nöqtələri hesab edilən Suriyada, Liviyada türk ordusu əsl peşəkarlıq nümayiş etdirərək ölkəsinin milli mənafeyinə zidd olan qüvvələri uğurla zərərsizləşdirib. Eyni zamanda, Rusiya- Ukrayna cəbhəsində ən ziddiyyətli məsələlərin həllində (Rusiya tərəfindən taxıl ixracına qoyulan qadağanın aradan qaldırılmasında və əsirlərin dəyişdirilməsində) dünya gücləri Prezident Rəcəb Tayyib Ərdoğanın nüfuzundan  və vasitəçiliyindən yararlanıblar. Azərbaycanla qardaş Türkiyənin dostluğu və müttəfiqliyi hər iki dövlətin ən çətin günlərində sınaqdan mərdliklə çıxıb. Biz ən dar məqamlarda bir yumruq kimi birləşərək düşmən üzərinə daha qətiyyətlə getmişik. Son illərdə isə bu birlik daha da möhkəmlənərək hər iki dövlətin gücünə güc qatmışdır. Prezident İlham Əliyev bu dostluq və qardaşlıq münasibətlərinin inkişafı barədə deyib: «Bu gün dünyada ikinci belə nümunə yoxdur ki, iki ölkə bir-birinə bu qədər yaxın olsun, belə arxa-dayaq dursun. Bu gün Türkiyə-Azərbaycan əlaqələri ən yüksək zirvədədir».

Hətta qlobal beynəlxalq tədbirlərdə, dövlətlərimizlə bağlı istənilən məsələlərdə daim birlik nümayiş etdirərək bir-birinə dayaq duran iki qardaş ölkə terrorizmə, işğal siyasətinə qarşı birlikdə mübarizə aparırlar. Bütün bunlar ölkələrimiz arasındakı siyasi-diplomatik münasibətlərdən əlavə, iki qardaş xalqın mənəvi bağlılığının göstəricisidir. Xüsusilə 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan Türkiyənin siyasi, mənəvi dəstəyini ən yüksək səviyyədə hiss etdi. Türkiyə müharibənin ilk anlarından etibarən Azərbaycanın yanında olduğunu nümayiş etdirdi. Nə qədər beynəlxalq təzyiqlər olsa da qardaş ölkə bu mövqeyindən bir addım belə geri çəkilmədi. Türkiyənin siyasi və mənəvi dəstəyi tarixi Qələbəmizin qazanılmasında mühüm rol oynadı.

Bundan başqa, 2021-ci ilin 15 iyunu Azərbaycan- Türkiyə əlaqələri tarixinə daha bir əlamətdar gün kimi yazıldı. Prezident İlham Əliyev, Prezident Rəcəb Tayyib Ərdoğanı Qarabağda qarşıladı və mədəniyyət paytaxtımız Şuşa şəhərində Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında tarixi Şuşa Bəyannaməsi imzalandı. Azərbaycanın Milli Qurtuluş Günündə, tarixi Qars müqaviləsindən yüz il sonra iki qardaş ölkə arasında müttəfiqlik münasibətlərinə dair imzalanan Bəyannamə ilə əzəldən var olan münasibətlərimiz daha yüksək zirvəyə ucaldı. Bəyannamədə göstərilən müddəalar da onu deməyə əsas verir ki, tarix boyu olduğu kimi, bundan sonra da qardaş Türkiyə hər zaman Azərbaycanın yanında olacaq.

Sözügedən Bəyannamədə diqqətçəkən müddəa Silahlı Qüvvələrimizin müasir tələblərə uyğun olaraq yenidən formalaşdırılması və modernləşdirilməsi istiqamətində birgə səylərin göstərilməsinə aiddir. Sənəddə müdafiə qabiliyyətlərinin və hərbi təhlükəsizliyin möhkəmləndirilməsinə yönələn tədbirlərin həyata keçirilməsi, iki ölkənin silahlı qüvvələrinin birlikdə fəaliyyət qabiliyyətinin artırılması, müasir texnologiyalara əsaslanan silah və sursatların idarə olunmasında sıx əməkdaşlığın təmin edilməsi vurğulanır. Buraya, həmçinin hər iki ölkənin təhlükəsizlik şuralarının milli təhlükəsizlik məsələləri üzrə müntəzəm olaraq birgə iclaslarının keçirilməsi və bu iclaslarda milli mənafe, ölkələrin maraqlarına toxunan regional və beynəlxalq təhlükəsizlik məsələlərinin müzakirəsinin aparılması daxildir. Göründüyü kimi, qardaş ölkələrimizdən birinin təhlükəsizliyinin, ərazi bütövlüyünün təhdid edilməsi digəri üçün də təhdid kimi qəbul ediləcəkdir.

Həmçinin sülh və əməkdaşlığı təşviq etməyə istiqamətlənmiş bu tarixi Bəyannamə Azərbaycan və Türkiyənin regional güc mərkəzi kimi beynəlxalq səviyyədə mövqelərinin möhkəmlənməsini də təmin edir. Xüsusilə qeyd etmək lazımdır ki, iki ölkənin qardaşlıq əlaqələrinin möhkəmlənməsində Azərbaycan və Türkiyə prezidentlərinin şəxsi dostluq münasibətləri də mühüm əhəmiyyət kəsb edir. 

Digər önəmli bir məsələ isə türkdilli dövlətlərin birliyinin- böyük Turanın yaradılması istiqamətində  addımların atılmasıdır. Məhz bu istiqamətdə aparılan ciddi geosiyasi fəaliyyətin öndərləri Azərbaycan Prezidenti İlham Əliyevlə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğandır. Bütün bu işlər isə ondan qaynaqlanır ki, bu gün həm qardaş Türkiyənin, həm də Azərbaycanın beynəlxalq nüfuzu yüksəkdir. Eyni zamanda, bu birliyin yaradılması nəinki bölgədə, həm də dünyada milli maraqlarımızın yüksək səviyyədə qorunmasına, düşmən qüvvələrin zərərsizləşdirilməsinə xidmət edir.  

Unutmaq olmaz ki, 2023-cü il fevralın 6-da Türkiyədə baş verən dəhşətli zəlzələdən sonra dərhal qardaş dövlətin köməyinə çatan ilk ölkə Azərbaycan oldu. Bundan başqa, Azərbaycan dövləti  zəlzələdən zərər çəkənlərə 100 milyon dollardan çox maddi yardım etdi. Bu yardımlar bu gün də davam edir.

 Azərbaycan-Türkiyə iqtisadi əməkdaşlığı da davamlı olaraq genişlənir. Son 10 ildə ölkəmiz Türkiyəyə  20 milyard dollara yaxın investisiya yatırıb. Məhz bunun sayəsində qardaş ölkədə neft emalı üzrə böyük sənaye potensialı yaradılıb. Eyni zamanda, işğaldan azad olunan Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulmasında türkiyəli sərmayədarlar ön sıradadır.

Elçin Zaman, "İki sahil"