13 sentyabr 2024 23:58
448

Formula 1 Azərbaycan Qran-Prisi: Tanıtım üçün ideal platforma

Təcrübəyə əsaslanaraq, deyə bilərik ki, Azərbaycan Formula 1 yarışlarının ən uğurlu ev sahiblərindən biridir. Beynəlxalq qiymətləndirmələrə görə, Azərbaycan Qran prisi ən yaxşılar sırasında birincidir. Formula 1-i keçirməklə Azərbaycan ən yüksək səviyyəli turnirləri nümunəvi təşkil etməyə qadir olduğunu dünyaya göstərir. Yüksək səviyyəli təşkilatçılıq təcrübəsi Formula 1-in Azərbaycanla əməkdaşlığın müddətini uzatması ilə nəticələnib.

Artıq Bakının sayca səkkizinci dəfə ev sahibliyi edəcəyi Formula 1 Azərbaycan Qran-Prisinə start verilib. 10 komandadan 20 pilotun birincilik uğrunda mübarizə aparacağı yarış trekinin uzunluğu 6 kilometrdir. Bakı Şəhər Halqasında dünyanın ən məşhur pilotları - Luis Hemilton, Fernando Alonso, Maks Ferstappen, Şarl Lekler və digərləri yarışacaqlar. Formula 1 təqvimindəki ən uzun treklərdən sayılan Bakı trasının 20 döngəsi var. Azadlıq meydanından başlayan trek Hökumət Evinin ətrafı ilə fırlanaraq Qız qalasına çatmaq üçün İçərişəhər ətrafında 2,2 kilometr dairə edir və Neftçilər prospektinə çıxaraq başlanğıc yerində başa çatır. 51 dövrədən ibarət trekin ən geniş yeri 13, ən dar hissəsi trekin İçərişəhər ətrafında olan bölmələrində, o cümlədən 7-ci və 8-ci döngələrdə 7,6 metr təşkil edir. Saat əqrəbi istiqamətinin əksinə hərəkət edən trek məşhur almaniyalı memar Hermann Tilke tərəfindən hazırlanıb. Yarış zamanı pilotlar və milyonlarla televiziya tamaşaçıları UNESCO-nun Ümumdünya Mədəni İrs Siyahısına daxil edilmiş İçərişəhəri, paytaxtın müasir memarlıq abidələrini və Xəzərin sahilboyu hissəsini özündə birləşdirən ecazkar mənzərəni görəcəklər. Yarışın start və finiş xətləri Azadlıq meydanında olacaq. Burada, həmçinin “Paddok klub”, komandaların boksları və pit-leyn qurulub. Yarışın ilk günündə Formula 1 və Formula 2 üzrə sərbəst yürüş və sıralama turu təşkil olunacaq. Bu gün isə Formula 1 üzrə sərbəst yürüş və sıralama turu, Formula 2 üzrə sprint yarışı keçiriləcək. Nəhayət, sonuncu gün - ayın 15-də əsas yarış baş tutacaq.

Əvvəlki illərdən fərqli olaraq, azarkeşlər bu il Formula 1-in məşhur bütün əyləncəli aktivasiyalarını Bulvar ərazisində görə biləcəklər. Ən populyar aktivasiyalardan biri “Pit Stop Challenge”dir. Burada azarkeşlər F1 bolidinin təkərlərini mümkün olan ən qısa zamanda dəyişməyə çalışırlar. Günün ən sürətli komandası mükafatlar, o cümlədən imzalı əşyalar və paddok turu qazanmaq şansı əldə edəcək. Hər il olduğu kimi Dənizkənarı Bulvar ərazisində yerləşən azarkeş zonasında Fan-Forum keçiriləcək. Burada səhnənin qarşısında təşkil olunan sessiyada dünya şöhrətli F1 pilotları avtoidman həvəskarları ilə görüşəcək. Komandalar üçün ayrılmış vaxt ərzində azarkeşlər F1 ulduzlarına öz suallarını verib, onlardan avtoqraf almaq və şəkil çəkdirmək imkanı əldə edəcəklər.

Bildirək ki, Bakı treki artıq 8 ildir ki, yarım milyardlıq auditoriyaya malik “Formula 1” üzrə dünya çempionatının təqvimində yer alıb. Formula 1 bu göstərici ilə tamaşaçı sayının çoxluğuna görə futboldan sonra ikincidir.  Müqaviləyə əsasən, Azərbaycanın paytaxtının hələ bir neçə il də ev sahibliyi edəcək yarışın ölkə üçün faydaları müxtəlif istiqamətlərdə özünü biruzə verməkdədir. Dünyanın 4 ən iri audit və konsaltinq şirkətlərindən olan “PwC”-in hesabatına görə, keçirilmiş ilk dörd yarış ölkə iqtisadiyyatına ümumilikdə 506,3 milyon dollar gəlir qazandırıb. Bu, əsasən turizm, mehmanxana və nəqliyyat sektorunda öz əksini tapıb. Eləcə də peşəkar xidmətlər, restoran, sosial və mədəni xidmətlər, poçt və telekommunikasiya, tikinti sektoru və digər sahələrdəki inkişafı da bu sıraya aid etmək olar. Çempionatın rəsmi “Twitter” səhifəsində 2018-ci il mövsümü ilə bağlı mərhələli şəkildə aparılan səsvermənin nəticəsinə əsasən, Bakı treki birinci olub. Həmçinin müxtəlif illərdə “Daily Mail”, “Sky Sports”, “The Times”, “Bild” ViaSat” kimi nüfuzlu nəşrlərin avtoidman azarkeşləri, media nümayəndələri və Paddok Klubun təmsilçiləri arasında apardıqları sorğularda Bakıdakı yarış ən yaxşı seçilib. “Washington Times” “Formula 1”i Azərbaycana səfər etmək üçün 5 əsas səbəbdən biri kimi göstərdiyi halda, “Forbes” Bakı və “Formula 1”i ideal cütlük kimi qələmə verib. Formula-1” azarkeşləri arasında keçirilən sorğuda respondentlərin 74  faizi  “Formula-1” Azərbaycan Qran-prisinin davamlı keçirilməsinin tərəfdarıdır. Onların 73 faizi Bakı Şəhər Halqasının “Formula-1” yarışının təşkili üçün möhtəşəm yer olduğunu, 74 faizi onun ötmə manevri üçün ideal imkan yaratdığını qeyd edib.  Ümumilikdə respondentlərin 62 faizi Bakı yarışının “Formula-1” təqvimində ən sevimli yarışlardan biri olduğunu vurğulayıb.

Azərbaycan Qran-prisinə media orqanlarının marağı da yüksəkdir. Ümumən, qlobal televiziya izləyicisi 1,55 milyard olan “Formula-1” yarışlarını ESPN, “Sky Sports”, “Motorsport”, “Autosport” kimi bir çox nüfuzlu idman kanalları və informasiya agentlikləri işıqlandırır. Hər zaman gözlənilməz anlarla dolu olan Azərbaycan Qran-prisi həm xarici medianın, həm də azarkeşlərin sevimlisinə çevrilib. ESPN-in verdiyi məlumata əsasən, 2021 “Formula-1” Azərbaycan Qran-prisi ABŞ-də son iki ildə ən çox izlənilən avtoidman yarışı (1,04 milyon izləyici ilə - red.) adına layiq görülərək həmin ilin Monako Qran-prisinin rekord izləyici sayını üstələyib. Belə mühüm idman tədbirinin keçirilməsinin Azərbaycanın gücü, dünyada nüfuzu, yüksək iqtisadi potensialı ilə birbaşa əlaqəsi var. Məsələ ondadır ki, heç də bütün ölkələrə bu yarışların təşkilinə icazə verilmir.

Formula 1 yarışlarının təşkil edilməsi, Azərbaycanda yumşaq güc amili kimi böyük təsirə malikdir. Yumşaq güc, bir ölkənin daha çox mədəniyyət, idman vasitəsilə beynəlxalq səviyyədə nüfuzunu və təsirini artırması deməkdir. Yarışın uğurla keçirilməsi, Azərbaycanın qonaqpərvərliyini, təşkilatçılıq bacarığını nümayiş etdirir. Bu, ölkənin beynəlxalq ictimaiyyət tərəfindən müsbət şəkildə tanınmasına və Azərbaycanın strateji əhəmiyyətini bir daha vurğulamasına kömək edir. Belə böyük bir qlobal tədbirin uğurla keçirilməsi, Azərbaycanın beynəlxalq səhnədəki nüfuzunu artırır və onun qlobal arenada daha güclü aktora çevrilməsinə şərait yaradır. Eyni zamanda, bu tədbirlərin təşkil edilməsi, Azərbaycanın qlobal siyasətdə və iqtisadiyyatda mühüm rol oynadığını və dünyanın diqqət mərkəzində olduğunu göstərir. Bu, Azərbaycanın xarici siyasətinə dəstək verir və ölkənin beynəlxalq əlaqələrini daha da gücləndirir.

Sevinc Azadi, “İki sahil”