13 sentyabr 2024 22:30
458

Dünyanın Formula 1 fanatları Bakıya axışır

Doğma Bakının Yay Olimpiya Oyunlarından sonra ən böyük beynəlxalq idman tədbiri hesab olunan I Avropa Oyunlarına layiqincə ev sahibliyi bu mötəbər yarışın yüksək statusunu müəyyən etdi. Eyni zamanda, multiidman yarışı olan İslam Həmrəyliyi Oyunları, həmçinin Formula 1 Azərbaycan Qran-Prisi, dünya, Avropa çempionatları, digər irimiqyaslı idman tədbirləri şəhərimizin nə qədər geniş imkanlara, zəngin infrastruktura malik olduğunu göstərdi. Bu yarışların hər birinin təşkili ilə dünyaya nümunə oluruq.

Bakıda dünyanın ən nüfuzlu idman yarışlarından biri – Formula 1 Qatar Airways Azərbaycan Qran-Prisinə start verilib. 10 komandadan 20 pilotun birincilik uğrunda mübarizə aparacağı yarış trekinin uzunluğu 6 kilometrdir. Dünyanın sürət həvəskarları Bakı şəhərində növbəti dəfə keçirilən bu mötəbər yarışın startını böyük həyəcanla gözləyirlər. Bakı Şəhər Halqasında dünyanın ən məşhur pilotları - Luis Hemilton, Fernando Alonso, Maks Ferstappen, Şarl Lekler və digərləri yarışacaqlar.

Azarkeşlərin böyük marağı səbəbindən bu il Bakı yarışının 8 tri­bunasına “Zəfər” və “Qız Qalası” tribunaları əlavə edilib. Yarış tribunalarının ümumi tutumu ötən ilə nisbətdə 35 faiz artırılıb. 

Formula 1 təqvimindəki ən uzun treklərdən sayılan Bakı trasının 20 döngəsi var. Azadlıq meydanından başlayan trek Hökumət Evinin ətrafı ilə fırlanaraq Qız qalasına çatmaq üçün İçərişəhər ətrafında 2,2 kilometr dairə edir və Neftçilər prospektinə çıxaraq başlanğıc yerində başa çatır. 51 dövrədən ibarət trekin ən geniş yeri 13, ən dar hissəsi trekin İçərişəhər ətrafında olan bölmələrində, o cümlədən 7-ci və 8-ci döngələrdə 7,6 metr təşkil edir. Saat əqrəbi istiqamətinin əksinə hərəkət edən trek məşhur almaniyalı memar Hermann Tilke tərəfindən hazırlanıb.

Əvvəlki illərdən fərqli olaraq, azarkeşlər bu il Formula 1-in məşhur bütün əyləncəli aktivasiyalarını Bulvar ərazisində görə biləcəklər. Formula 1 Qatar Airways Azərbaycan Qran-prisi 2024 əcnəbi qonaqların axını ilə yeni bir re­korda imza atacaq. Ölkəmizə 100-dən çox fərqli ölkədən azarkeş axını gözlənilir. Ən çox bilet alan ölkələr arasında Azərbaycan, Türkiyə, Birləşmiş Krallıq, ABŞ, Niderland və Hindistan liderdir. Ən populyar aktivasiyalardan biri “Pit Stop Challenge”dir. Burada azarkeşlər F1 bolidinin təkərlərini mümkün olan ən qısa zamanda dəyişməyə çalışırlar. Günün ən sürətli komandası mükafatlar, o cümlədən imzalı əşyalar və paddok turu qazanmaq şansı əldə edəcək.

Hər il olduğu kimi Dənizkənarı Bulvar ərazisində yerləşən azarkeş zonasında Fan-Forum keçiriləcək. Burada səhnənin qarşısında təşkil olunan sessiyada dünya şöhrətli F1 pilotları avtoidman həvəskarları ilə görüşəcək. Komandalar üçün ayrılmış vaxt ərzində azarkeşlər F1 ulduzlarına öz suallarını verib, onlardan avtoqraf almaq və şəkil çəkdirmək imkanı əldə edəcəklər.

Fərqli texnoloji təcrübələri sevənlər üçün isə “Giant Helmet” çox maraqlı olacaq. Fanatlar nəhəng F1 dəbilqəsinin köməyi ilə virtual reallıqda öz sürücü dəbilqələrini dizayn edəcək və bu unikal təcrübəni sosial mediada paylaşa biləcəklər.

“Ninja əngəl zolağı” fiziki aktivlik axtaranlar üçün idealdır. Hər yaş üçün uyğun olan bu zolaqda fanatlar müxtəlif maneələri dəf edərək əylənəcəklər.

Formula 1 yarışlarının həyəcanı ilə sirkin möcüzəsi bir araya gəlir. Yarış həftəsində akrobatlardan illüziya ustalarına qədər valehedici çıxışlarla dolu möhtəşəm sirk abu-havasını yaşanacaq.

Əyləncənin ekstrimal tərəfi isə motosikletçilərin sürət və cazibə qanunlarını pozaraq nəhəng qlobusda 70 kilometr saat sürətlə yarışmasıdır. Onların təhlükəli döngələri sizə adrenalin dolu anlar yaşadacaq.

Bakı Şəhər Halqası kiçik qonaqları da unutmayıb. Bulvar ərazisində uşaqlar üçün xüsusi əyləncə nöqtələri mövcuddur. Bundan başqa, milli rəqslər, nağara şoular, retro avtomobillərin sərgisi, müxtəlif foto zonalar, həmçinin kiçik konsertlər kimi əyləncələr də burada yer alacaq.

Bu il yarış həftəsonu “Kristal zal”ında təşkil olunacaq dünya ulduzlarının konsertləri ilə davam edəcək. Sentyabrın 13-də dünya şöhrətli aktyor və musiqi ulduzu Uill Smit öz unikal musiqi proqramı ilə səhnədə fanatları əyləndirəcək. Eyni axşam yarış həvəskarlarını Cənubi Afrika Respublikasının məşhur DJ-i və prodüseri “Black Coffee”nin ritmik, enerjili performansı gözləyir. Sentyabrın 14-də isə dünya musiqisinin parlaq ulduzu DJ Balvin Bakı səhnəsində avtoidman həvəskarlarına möhtəşəm gecə yaşadacaq.

Yarış zamanı pilotlar və milyonlarla televiziya tamaşaçıları UNESCO-nun Ümumdünya Mədəni İrs Siyahısına daxil edilmiş İçərişəhəri, paytaxtın müasir memarlıq abidələrini və Xəzərin sahilboyu hissəsini özündə birləşdirən ecazkar mənzərəni görəcəklər.

Yarışın start və finiş xətləri Azadlıq meydanında olacaq. Burada, həmçinin “Paddok klub”, komandaların boksları və pit-leyn qurulub.

Formula 1 həvəskarlarının həyəcanla gözlədiyi məqamlardan biri pit zolağı gəzintisi saat 16:00-da başlayıb və sürət həvəskarlarına xüsusi anlar bəxş edib. Təxminən iki saat davam edən gəzinti üç günlük bilet sahiblərinə dünya şöhrətli pilotlarla şəkil çəkdirmək imkanı qazandırıb.

Pit zolağında azarkeşlər sevimli komandalarının, xüsusilə “Ferrari”, “Red Bull Racing” və “Mercedes” kimi nəhənglərin qarajlarını canlı şəkildə izləməklə onların bolidlərinin texniki baxımdan necə hazırlandığını görmək şansı əldə ediblər. Bu gəzinti Formula 1 dünyasının pərdə arxasına nəzər salmaq və yarış atmosferini dərindən hiss etmək üçün əvəzsiz bir fürsət olub.

Azarkeşlər mühərriklərin gurultusu ilə müşayiət olunan bu gəzintidə maşınların performansına və mexaniklərin sürətli iş prosesinə şahid olublar. Yarışın ilk həyəcanını məhz pit zolağında hiss edən avtoidman həvəskarları üçün bu yarış həftə sonu üçün mükəmməl başlanğıc olub.

Yarışın ilk günündə Formula 1 və Formula 2 üzrə sərbəst yürüş və sıralama turu təşkil olunub. Sentyabrın 14-də Formula 1 üzrə sərbəst yürüş və sıralama turu, Formula 2 üzrə sprint yarışı keçiriləcək. Nəhayət, sonuncu gün - ayın 15-də əsas yarış baş tutacaq.

Qeyd edək ki, Azərbaycan 2016-cı ildən dünyanın ən nüfuzlu avtoidman yarışına ev sahibliyi edir. Ölkəmizdə təşkil olunan ilk Formula 1 yarışı Avropa Qran-prisi adlandırılıb. Həmin yarışda almaniyalı Niko Rosberq birinci olub. Növbəti illərdə müvafiq olaraq Daniel Rikkardo (Avstraliya), Luis Hemilton (Böyük Britaniya), Valtteri Bottas (Finlandiya), Serxio Peres (Meksika) və Maks Ferstappen (Niderland) bütün rəqiblərini qabaqlayaraq podiumun ən yüksək pilləsinə qalxıblar. Yalnız 2020-ci ildə Azərbaycan Qran-Prisi koronovirus pandemiyası səbəbindən keçirilməyib.

Daxili İşlər Nazirliyi (DİN) Bakıda təşkil olunan “Formula 1 Qatar Airways Azərbaycan Qran Pri 2024” yarışları zamanı azarkeş zonasına gətirilməsi qadağan olunan əşyaların siyahısını açıqlayıb. Nazirliyin mətbuat xidmətindən  bildirilib ki, ictimai asayişə potensial zərər və zədə gətirə biləcək əşyaların yarışlar zamanı azarkeş zonasına, yarışların keçirildiyi məkana gətirilməsi qadağandır.

Həmçinin:

- Heyvanlar (fiziki məhdudiyyətli insanlara yardım göstərən xidməti heyvanlar istisna olmaqla);

- Spirtli içkilər, su qabları və hər növ içki qablaşdırmaları (qadağa uşaq üçün olanlara aid deyil);

- Qidalar və içkilər (qadağa uşaq üçün olanlara aid deyil);

- Odlu silah, soyuq silah və digər qeyri-döyüş silah oxşarları, fişənglər, alovlandırıcılar;

- Lazer işıqları, rolik, skeytbord, seqvey, velosiped, skuter;

- Oturacağın altına yerləşməyən iri əşyalar, oturacaqlar və əyləşmək üçün digər ləvazimatlar (fiziki məhdudiyyətlilər istisna olmaqla);

- Dronlar və digər uçan cihazlar;

- Meqafon və buna oxşar cihazlar daxil olmaqla səs gücləndiriciləri və musiqi alətləri;

- Soyuducu qutular, piknik üçün səbətlər;

- Provokativ rəmzlər və şəkillər, dini, siyasi ifadələr və şüarlar, təhqiredici banerlər və əşyalar;

- İri əşyalar və bel çantaları;

- Tutacağı 1 metrdən uzun olan bayraqlar və çətirlər;

- Peşəkar video çəkən cihazlar və obyektivi 30 sm-dən uzun olan fotokameralar yarışlar zamanı azarkeş zonasına gətirilməsi qadağan olunan əşyalar siyahısına daxildir.

Formula 1 Azərbaycan Qran-prisi ilə əlaqədar paytaxt ərazisində yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və nəqliyyat sıxlığının qarşısının alınması ilə bağlı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi hərəkət iştirakçılarına müraciət edib. Bildirilib ki, Bakı şəhərində keçiriləcək Formula 1 Azərbaycan Qran-Prisi ilə əlaqədar paytaxtda nəqliyyat sıxlığının qarşısının alınması məqsədilə sentyabrın 13-dən 15-dək Bakı şəhərinə bitişik kənd və qəsəbələrdən, həmçinin respublikanın digər şəhər və rayonlarından paytaxta gələn vətəndaşlardan ictimai nəqliyyat vasitələrindən istifadəyə üstünlük vermələri, paytaxt sakinlərindən isə yarışın keçirildiyi müddət ərzində fərdi minik avtomobillərindən mümkün qədər az istifadə etmələri, şəhərin mərkəzi hissəsinə yalnız ictimai nəqliyyat vasitələri ilə hərəkət etmələri, istismar müddəti çox olan və nasaz nəqliyyat vasitələri ilə ümumiyyətlə yola çıxmamaları xahiş olunur.

Bu il Bakı yarışının qlobal izləyici kütləsinin rekord həddə çatacağı gözlənilir.Dünyanın ən nüfuzlu idman tədbirinə paytaxt Bakı 8 -ci dəfə ev sahibliyi edəcək. 13-15 sentyabr tarixlərində baş tutacaq yarışı 300-ə yaxın media nümayəndəsi işıqlandıracaq. Bunların 200-ə yaxını beynəlxalq jurnalistlərdir. Dünya media nəhəngləri Sky Sports, Motorsport, Canal+, Netflix, The Sun və sair bu sırada yer almaqla 3 gün ərzində həyəcanlı Bakı yarışını bütün dünya ilə paylaşacaq. 

Tədbirin promoteri Bakı Şəhər Halqası Əməliyyat Şirkəti tərəfindən qurulmuş, hazırda 450 nəfərlik tutumu olan Media Mərkəz jurnalistlərin artıq ixtiyarındadır. Yarış həftəsi, çərşənbə günündən etibarən fəaliyyətə başlayan Mərkəzdə yerli və xarici media mənsubları Media Akkreditasiya Mərkəzinin, Media Mərkəzinin xidmətlərindən faydalanır. Həmçinin, mərkəzdə komandaların mətbuat konfransları həyata keçirilir. Jurnalistlər sorğularını Mərkəzin qəbul-sorğu masalarına yönəldə bilir. Qeyd edək ki, Media Mərkəzi Beynəlxalq Avtomobil Federasiyasının tələblərinə uyğun qaydada təsis edilir. 

Qeyd edək ki, 2023 -cü il Formula 1 Azərbaycan Qran-Prisini televiziya və sosial media platformalarından 90 milyon insan izləyib. Formula 1 tərəfindən təqdim edilən rəsmi statistikaya əsasən 2022 -ci ildə bu rəqəm 59 milyon olmuşdur. Ümumi olaraq azarkeş və turist sayında, eyni zamanda bilet satışlarındakı rekordu nəzərə alaraq,  bu il Azərbaycan Qran Prisinin qlobal izləyici sayında da daha bir rekorda imza atılacağı istisna deyil. 

Qeyd edək ki, “Euronews” telekanalı Bakıda keçirilən “Formula 1 Qatar Airways Azərbaycan Qran-Prisi 2024”ə dair reportaj hazırlayıb. Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin baş direktoru Maqsud Fərzullayevin müsahibəsinin də yer aldığı reportajda yarışa hazırlıqlarla bağlı məlumat verilib. Qurum rəsmisi Formula 1-in qlobal miqyasda genişlənən və inkişaf edən bir idman növü olduğunu qeyd edib: “Bu yarışa ev sahibliyi etmək ölkəmizin beynəlxalq nüfuzunu artırmaqla yanaşı, həm də ona böyük iqtisadi imkanlar qazandırır. Turizmdən əldə edilən gəlirlər, xarici qonaqların şəhərə olan marağı və iqtisadiyyata verdiyi töhfə 2016-cı ildən bəri hər il daha da artmaqdadır".

Reportajda yarış həftəsində paytaxt Bakıda böyük sayda turist axını və azarkeş kütləsinin gözlənildiyi, ötən illə müqayisədə tribunaların tutumunun 35 faiz artdığı vurğulanıb. Bundan başqa, Qran-prinin təşkilinə 1500-ə yaxın əməkdaşın, 2000 könüllü və 1400-dən çox marşalın cəlb olunması, şəhərdəki otellərin tam tutumu faktı, Bakı Halqasının ərsəyə gəlməsində istifadə olunan ən son texniki yeniliklərin tətbiqi, yol infrastrukturundakı müsbət dəyişikliklər, təhlükəsizlik və ətraf mühitin qorunması məsələləri də yer alıb.

Yaqut Ağaşahqızı, “İki sahil”