Avropa Paralimpiya Komitəsinin prezidenti Raymon Blondel “Paris-2024” Yay Paralimpiya Oyunlarından sonra ilk rəsmi səfərini Azərbaycana edib.
Milli Paralimpiya Komitəsindən (MPK) “İki sahil”ə verilən məlumata görə, o, səfər çərçivəsində MPK rəhbərliyi ilə birgə Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib, abidəsi önünə gül dəstələri qoyub.
Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə gül dəstələri düzülüb.
Daha sonra Şəhidlər xiyabanı ziyarət olunub, ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi hörmət və ehtiramla yad edilib.