14 sentyabr 2024 23:32
320

FIA prezidenti: Bakıdakı yarışın qadın marşalları idman dünyası üçün ilham mənbəyi olacaq

Ümid edirəm ki, Bakı yarışının qadın marşalları idman dünyası üçün yeni ilham mənbəyi olacaq.

“İki sahil” xəbər verir ki, bunu Bakıda səfərdə olan Beynəlxalq Avtomobil Federasiyasının (FIA) prezidenti Məhəmməd Ben Sulayem deyib.

FIA rəhbəri "Formula 1" üzrə Azərbaycan Qran-prisindəki qadın marşallar haqqında danışıb.

“Qürurverici haldır ki, Azərbaycan Avtomobil Federasiyası və Bakı Şəhər Halqası Əməliyyat Şirkəti qadınların idmandakı nüfuzunun artması üçün bu cür təşəbbüslə çıxış edib. Bərabərlik, Müxtəliflik və İnklüzivlik siyasəti FIA-nın başlıca qayəsi olmaqla, qadınların idarəçilik mövqeyinin artmasına töhfə vermək vacib məqsədlərimizdəndir. Ümid edirəm, Bakı yarışının qadın marşalları idman dünyası üçün yeni ilham mənbəyi olacaq".

Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin baş direktoru Maqsud Fərzullayev isə bunları söyləyib: “Qadın marşallarımızın 16-cı döngədə yerləşən postu onların töhfələrinin yarışın gələcəyi üçün nə qədər vacib olduğunu göstərir. Qadınları belə mühüm bir posta yerləşdirməklə, biz sadəcə onların nailiyyətlərini qeyd etmirik—eyni zamanda daha inklüziv və dinamik bir idman üçün yol açırıq. Qlobal miqyasda motoraport inkişaf etdikcə, Bakı Şəhər Halqasının Qadın Marşal Postu bu idmanın müxtəlifliyi qəbul etdiyini və qadınlar üçün daha çox imkanlar yaratdığını nümayiş etdirir.”

Hazırda Azərbaycan Qran Prisinin ümumi marşal heyətinin 36%-ni təşkil edən qadınlar kişi həmkarları ilə mühüm vəzifələri yerinə yetirir, o cümlədən trekdə baş verən hadisələri idarə və yarış əməliyyatlarına nəzarət edirlər.

Qeyd edək ki, Azərbaycan Qran-prisi sentyabrın 15-də başa çatacaq.