17 sentyabr 2024 02:58
363

Hayastanın Aİ-yə üzvlüyü: Real gələcək, yoxsa xam xəyal?..

Yaxın illərdə Ermənistanın Avropa İttifaqına üzvlüyündən bəhs edilməyəcək, bu məsələ ilə bağlı Avropanın əsas siyasi qüvvələrinin heç bir baxışı, vədi yoxdur

Ermənistanın Avropa İttifaqına (Aİ) üzvlük məsələsi son günlərdə nəinki regionun, hətta digər xarici ölkələrin, Beynəlxalq qurumların diqqət mərkəzindədir. Ermənistan parlamentinin sədri Alen Simonyanın sözügedən məsələ ilə bağlı söylədikləri, eləcə də bununla Ermənistanın öz təhlükəsizliyini təmin edəcəyini vurğulaması siyasi aləmdə böyük rezonansa səbəb olub. Artıq Ermənistanın baş naziri Nikol Paşinyan da ölkəsinə Aİ-yə üzvlüklə bağlı vəd verib. Amma bunun da Hayastan liderinin xalqına söylədiyi növbəti yalan olacağı istisna deyil. Əslində Qərbin özünün belə Ermənistanın Avropa İttifaqına qoşulması ilə bağlı heç bir planı yoxdur. Brüsselin əsas məqsədi Ermənistanın Ukrayna kimi özünə “inteqrasiya” etməsinə nail olmaqdır. Amma Ukraynaya verilən vədin də nəticələri hər kəsə məlumdur. Vaxtilə rəsmi Kiyevə Avropa İttifaqına üzv olacağı barəsində verilən söz tutulmadı və Ukrayna meydanda təkbaşına qaldı. Uzun müddətdir davam edən Rusiya-Ukrayna müharibəsi nəticəsində isə ölkə ərazilərinin xeyli hissəsini itirdi. Hazırda müharibədən canını qurtarmış milyonlarla insan öz torpaqlarını tərk edərək Avropaya sığınıb. Qərbin “alovlandırıcı” mövqeyini nəzərə alsaq, müharibənin də tezliklə başa çatacağı gözlənilmir. Hazırda Qərbin Aİ-yə üzvlük məsələsini ortaya atması “Ukrayna ssenarisi”ni Ermənistan üçün də həyata keçirmək istəyi ilə əlaqəlidir. Digər tərəfdən, Qərb bu cür vədlər verməklə Hayastanla Rusiya arasındakı bağları tamamilə qırmaq istəyir.

Təsadüfi deyil ki, bu günlərdə İrəvan və Brüssel viza rejiminin liberallaşdırılması ilə bağlı danışıqlara başlamaq fikrindədirlər. Faktiki olaraq Ermənistan Avropa İttifaqı ilə gündəlikdə duran məsələləri genişləndirir. Bunu Ermənistanın baş naziri Nikol Paşinyan Avropa Komissiyasının sədr müavini Marqaritis Shinas ilə görüşündə deyib. Paşinyan Ermənistanın real olaraq Avropa İttifaqı ilə münasibətlərdə öz gündəmini genişləndirdiyini və mümkün üzvlük məsələsinin artıq siyasi gündəmin bir hissəsinə çevrildiyini deyib: “Bu sadə məsələ deyil, lakin Ermənistanda siyasi gündəmin bir hissəsinə çevrilib, ona görə də bu mövzuya ətraflı və hərtərəfli yanaşmaq lazımdır. Avropa İttifaqındakı tərəfdaşlarımızın iradlarını və məsləhətlərini dinləmək vacib olacaq. Şadam ki, münasibətlərimizdə nəzərəçarpacaq dəyişikliklər var: viza rejiminin liberallaşdırılması ilə bağlı danışıqlar başlayır, Avropa Sülh Fondu ilə Ermənistan Respublikasına dəstək verilməsi barədə qərar qəbul edilib, biz bunu çox yüksək qiymətləndiririk”. Digər tərəfdən, Paşinyan Ermənistanın Aİ-yə üzv olması üçün danışıqlara start verib. Sentyabrın 16-da Ermənistanda ölkənin Avropa İttifaqına daxil olması ilə bağlı imzaların toplanmasına başlanılıb. Bu barədə Ermənistanın Mərkəzi Seçki Komissiyasının (MSK) mətbuat xidməti məlumat yayıb. Məlumatda deyilir ki, komissiya sentyabrın 11-də “Ermənistan Respublikasının Avropa İttifaqına qoşulma prosesinin başlanması haqqında” qanun layihəsinin parlamentin müzakirəsinə çıxarılması üçün təşəbbüs qrupunun yaradılması təklifi ilə razılaşıb. “Respublika” Partiyası Siyasi Şurasının üzvü, 2018-2019-cu illərdə Ermənistanın ədliyyə naziri vəzifəsində çalışmış Artak Zeynalyan təşəbbüs qrupunun səlahiyyətli nümayəndəsi təyin edilib.

Göründüyü kimi, Paşinyan hakimiyyəti yenə reallıqdan uzaq xəyallar qurur…Rəsmi İrəvan Avropa İttifaqına üzvlük məsələsini ortaya atsa da, bu istiqamətdə ölkəyə əngəl olacaq kifayət qədər nüans var. İlk olaraq bu quruma üzv olmaq üçün Avropa qitəsində yerləşmək ən mühüm tələblərdəndir. Ermənistan isə Asiyada yerləşir. Təşkilatın prosedur qaydalarına müvafiq olaraq Avropa İttifaqı Şurası üzvlüklə bağlı ərizəni yalnız yekdilliklə rədd və ya təsdiqləyə bilər. Bir çoxlarının fikrincə, Ermənistan hakimiyyətinin təsir gücü zəif olduğundan demokratik institutların fəaliyyətinə hər hansı bir məhdudiyyət tətbiq edə bilmir. Belə olduğu təqdirdə isə xaricdə Ermənistanda demokratiyanın olduğu barədə saxta "imic" formalaşır. Yəni, təşkilat ölkə daxilindəki vəziyyəti analiz etsə hər şeyin əslində sadəcə yalandan ibarət olduğu aşkara çıxacaq. Ermənistanın təşkilata üzv olmaq üçün qarşısında duran əngəllər sadəcə bununla da bitmir. Aİ-yə üzv ölkələrin hər birinin dövlət sərhədlərini mühafizə etməyə qadir olduğunu düşünsək, İrəvanın yenə də bu normativlərdən kənarda qaldığını söyləyə bilərik. Ölkə, həmçinin iqtisadi və siyasi baxımdan da Moskvadan asılı durumdadır. Ermənistan bir tərəfdən Avropa İttifaqı ilə yaxınlaşmaq üçün dəridən-qabıqdan çıxır, o biri tərəfdən Paşinyan Kazanda keçiriləcək BRICS sammitində ölkəsinin nümayəndə heyətinə rəhbərlik edəcək. Aİ ilə yaxınlaşmaq, quruma üzv olmağa hazırlaşmaq hara, BRICS tədbirinə qatılmaq hara? Bununla Paşinyan guya balanslaşdırılmış siyasət yürütdüklərini göstərərək qarşı tərəfi aldatmaq istəyir.  

Ermənistanın Avropa İttifaqı ilə bağlı xəyallar qurmasında Fransanın da rolu var. Belə ki, rəsmi İrəvan Parisin himayədarlığı sayəsində quruma üzv olacağını düşünür. Şübhəsiz, bu düşüncə çox yanlışdır. Çünki Makron hakimiyyəti ermənilərin deyil, məhz öz şəxsi maraqları üçün rəsmi İrəvanla müttəfiqlik edir. Paris Cənubi Qafqazda öz ambisiyaları üçün manipulyasiyalara əl atır. Bundan düzgün nəticə çıxara bilməyən Simonyan kimi xəyalpərəstlər isə asanlıqla Qərbə yönələ biləcəklərini düşünürlər. Ermənistanın hakim dairələri ölkənin mövcudluğunun Rusiyaya bağlı olduğunu unudurlar. Hindistandan Ermənistana strateji hava yolunun açılması məsələsinin gündəmə gəlməsi bir daha İrəvanın Qərbin əlaltısına çevrildiyini təsdiqləyir. Bununla yanaşı, Ermənistandakı Aİ missiyasının fəaliyyətini və Rusiya hərbi kontingentinə münasibəti nəzərə alsaq Paşinyan hakimiyyətinin xəyanətini açıq şəkildə görə bilərik.

Xatırladaq ki, Gürcüstanda da bir vaxtlar Avropa İttifaqına üzvlüklə bağlı fikirlər səslənirdi. Hələ 2014-cü ilin iyun ayında Gürcüstanın keçmiş baş naziri İrakli Qaribaşvili ilk dəfə Brüsseldə keçirilən konfransda ölkənin 5-10 il ərzində Aİ-nin tamhüquqlu üzvü ola biləcəyini söyləmişdi. Lakin üstündən xeyli keçsə də bu proqnozlar hələ də özünü doğrultmayıb. Halbuki Ermənistandan fərqli olaraq Gürcüstan Avropa standartlarına daha yaxındır. Bu baxımdan Ermənistanın Avropaya inteqrasiyası ancaq xəyal ola bilər.

Sevinc Azadi, “İki sahil”