16 sentyabr 2024 23:14
317

Əli Kərimliyə və xaricdəki havadarlarına tərs şillə

Heç kim, nə AXCP sədri və onun başıpozuq dəstəsi, nə də bu antimilli ünsürlərin Qərbdəki ağaları “Bir millət, iki dövlət” olan Azərbaycan və Türkiyə arasındakı dostluq, qardaşlıq, müttəfiqlik münasibətlərinə xələl gətirə bilməz

Qərbdəki bəzi qərəzli dairələrin sifarişlərini yerinə yetirərək  Azərbaycanın əleyhinə “qara piar” kampaniyası aparan, milli və dövlətçilik maraqlarını şəxsi ambisiyalarına, ertmənipərəst fondların çirkli qrantlarına qurban verən radikal müxalifət düşərgəsinin ünsürləri indi də Azərbaycan-Türkiyə münasibətlərinə kölgə salmaq üçün sosial şəbəkələrdə xüsusi canfəşanlıq göstərirlər.

Heç kimə sirr deyil ki, Cənubi Qafqazda geosiyasi maraqları olan ayrı-ayrı güc mərkəzləri, Qərbdəki  məlum “beyin mərkəzləri”, xüsusilə Azərbaycana, eləcə də Türkiyəyə düşmən münasibət bəsləyən Fransa kimi dövlətlər iki qardaş ölkə arasındakı əlaqələrə xələl gətirmək üçün respublikamızdakı “5-ci kolon” rolunu oynamaq istəyən antimilli qüvvələrdən namərdcəsinə istifadə edirlər. Azərbaycan və Türkiyə arasındakı əbədi və sarsılmaz olan dostluq, qardaşlıq, yüksək siyasi həmrəylik, mütəffiqlik münasibətlərini həzm edə bilməyən dairələrin tapşırıqlarını cani-dildən yerinə yetirən AXCP sədri Əli Kərimli və dəstəsinin son günlər sosial şəbəkələrdəki çıxışları bütün bunların əyani təsdiqidir.

Heç uzağa getməyək, elə AXCP sədrinin dünən özünün sosial şəbəkə statusunda yazdıqlarına diqqət edək: “Türkiyə-Azərbaycan qardaşlığı heç bir hökumətin, ideologiyanın, ambisiyanın girovu ola bilməz. Heç bir siyasi qüvvənin monopoliyasında da ola bilməz. Türkiyə - Azərbaycan qardaşlığının daimiliyinin təminatı bu xalqın özü və onun bağrından çıxan gerçək vətənpərvərlərdir. 106 il öncə Bakının işğaldan azad edilməsi uğrunda savaşda şəhid olmuş Türk şəhidləri anmaq üçün Türk Şəhidliyini ziyarət etdik. Şəhidlər Xiyabanında uyuyan şəhidlərimizi də hörmət və rəhmətlə andıq”.

Göründüyü kimi, Ə.Kərimli sosial səbəkə seqmentlərindəki bu cəfəngiyyatı ilə iki qardaş ölkə arasında münasibətlərə xələl gətirmək, ictimai rəyi çaşdırmaq üçün erməni lobbisinə yaxınlığı ilə tanınan mərkəzlərdən aldığı çirkin missiyanı mənəviyyatsızcasına yerinə yetirdiyini bir daha büruzə verir.

Radikal müxalifət ünsürlərinin məsələ ilə bağlı “Facebook” səhifələrində yazdıqlarından aydın olur ki, AXCP sədri özünün qaragüruhçu dəstəsinə məsələ ilə bağlı ictimai rəyi zəhərləmək tapşırığını verib. AXCP sədrinin müavini Ayaz Məhərrəmlinin və digərlərinin sosial şəbəkələrdəki ürəkbulandıran cızma-qarası bunun bariz güstəricisidir: “...Azərbaycan-Türkiyə qardaşlığına bir kimsə xələl gətirə bilməsin deyə, ənənəvi olaraq bu gün də, AXCP və Milli Şura olaraq, böyük izdihamla Bakıda yerləşən Türkiyə-Azərbaycan qardaşlığının simvoluna çevrilmiş türk şəhidlərinin abidəsini ziyarət etdik. Ziyarət tədbiri türk qardaşlarımızın şanına ucaldılmış abidənin önündə Milli Şuranın sədri Cəmil Həsənlinin və Azərbaycan müxalifətinin lideri, AXCP sədri Əli Kərimlinin çıxışları ilə başlayıb, Azərbaycanın azadlığı uğrunda canını fəda etmiş 20 Yanvar şəhidlərinin məzarlarını ziyarət etməklə sona çatdı...”

Təbii ki, bütün bunlar absurd, mənasız cəfəngiyyatdan başqa bir şey deyil.  Azərbaycanın Türkiyə ilə iqtisadi, hərbi, siyasi, mədəni əlaqələrinin ən yüksək səviyyədə olduğunu bütün dünya bilir. Bu əlaqələr gündən-günə möhkəmlənməkdədir. Buna görə də heç kim, nə Ə.Kərimli və başıpozuq dəstəsi, nə də onların Qərbdəki havadarları “Bir millət, iki dövlət” olan Azərbaycan və Türkiyə arasındakı dostluq, qardaşlıq, müttəfiqlik münasibətlərinə xələl gətirə bilməz. Böyük fərəh hissi ilə deyə  bilərik ki, hazırda iki qardaş ölkə arasında bütün sahələr üzrə əlaqələr yüksələn xətlə inkişaf edir. Bu inkişafın, dostluğun qarşısını isə heç bir qüvvə ala bilməz.

Yeri gəlmişkən, bu günlərdə Türkiyənin Kahramanmaraş şəhərində yeni inşa edilən Azərbaycan məhəlləsindəki məktəbin açılışının baş tutması, eləcə də ölkəmizdə yeni tədris ilindən Türkiyə-Azərbaycan Universitetinin fəaliyyətə başlaması mənəvi-psixoloji burulğanlar girdabında çırpınan Ə.Kərimliyə, onun “əqidədaşları”na, bunlarla bir cərgədə yer alan digər antimilli ünsürlərə, eləcə də onların ermənipərəst havadarlarına ən tutarlı cavab və tərs şillədir...

Zahid Rza, “İki sahil”