18 sentyabr 2024 01:27
414

Sejurnedən "sülh göyərçini" olarmı?

Fransa nazirinin Azərbaycan haqqında danışması yersizdir

Bu günlər Parisin Bastiliya meydanında prezident Emmanuel Makronun istefasını tələb edən xalq kütləsinin etiraz səsləri səngimir. Orada bir sıra qanunsuzluqlara və özbaşınalıqlara yol vermiş Makronun “tükdən asılmış” taleyi həll olunur. Belə bir gərgin məqamda xarici işlər naziri Stefan Sejurnenin papağını götürüb Ermənistana gəlməsi təəccüb doğurur. Yəni, hayların məsələsi Makronun məsələsindən də vacibdir? Özü də hələ görün xarici işlər naziri nəyə gəlib?

"Fransa Azərbaycandan noyabrda Bakıda keçiriləcək COP29-a qədər Ermənistanla sülh danışıqlarında irəliləyiş gözləyir."

 Bu sözləri İrəvanda səfərdə olan Fransa xarici işlər naziri Stefan Sejurne deyib: "Fransa hər iki ölkənin suverenliyi və ərazi bütövlüyünə hörmətlə yanaşaraq ədalətli və sabit sülhü bərqərar edəcək müqavilənin tezliklə imzalanmasını dəstəkləyir. 1991-ci ildə Almatıda imzalanmış sənədin bütün mənası budur. Eyni ideya Praqada da ictimaiyyətə təqdim olundu”. Nazirin sözlərinə görə, Fransa guya eyni prinsiplərə əsaslanaraq ölkələr arasında sərhədlərin demarkasiyası prosesini dəstəkləyir, hesab edir ki, Cənubi Qafqaz sülh və əməkdaşlıq regionuna çevrilməlidir.

Bu, həm də o deməkdir ki, Fransanın avantürist rəhbərləri başqa dövlətlərin daxili işlərinə həyasızcasına burun soxmaqdan yenə də əl çəkməyiblər. Bu sözləri deməyə onların mənəvi haqları çatmır və Azərbaycanın Sejurnenin fikirlərinə və ya məsləhətlərinə heç bir ehtiyacı yoxdur. Azərbaycan nəyi nə vaxt edəcəyini hamıdan yaxşı bilir. Yaxşı olar ki, Sejurne Ermənistanı ələk-xəlbirə çevirmiş baş nazir Nikol Paşinyana ağıl versin, onun dörd yana baxmaqdan çəpləşmiş gözlərini bir yola yönləndirsin.

Hayastanın vəkili kimi danışan Sejurnenin iddiasına görə, Ermənistan da, Fransa da sülh istəyir: “Azərbaycan tezliklə COP29-a ev sahibliyi edəcəyindən, tədbirdən əvvəl sülhə nail olmaq istədiyini göstərməlidir. Düşünürəm ki, biz bu istiqamətdə sürətlə hərəkət edə bilməliyik”.

Görün ha, yüz illər boyu xalqlara soyqırımlar gətirən, müsibətlər yaşadan iki təcavüzkar birdən-birə “sülh elçiləri”nə çevriliblər. İnanan daşa dönsün! Əlbəttə, Ermənistan "böyük bacısı" Fransa ilə sülhə doğru “sürətlə hərəkət” etsə, bu, hamının xeyrinə olardı. Ancaq Fransa prezidenti Emmanuel Makron indiyədək sözdə bir, əməldə başqa cür hərəkət edib.

Fransalı nazir yekəxanalıqla deyib ki, biz daim Ermənistanın, yəni işğalçının  yanında olacağıq. Fransanın rəhbərliyində təmsil olunan yüksək çinli dövlət məmurlarının  İrəvana ardıcıl səfərləri və işğalçıya həm maddi-mənəvi dəstək verilməsi, həm də hücum və müdafiə silahları, raket və zirehli döyüş maşınları göndərilməsi Sejurnenin sayıqlamaları ilə üst-üstə düşmür. Ermənistanın İkinci Qarabağ müharibəsindəki biabırçı məğlubiyyətindən sonra Parisin qadın meri Ann İdalqonun o vaxt Qarabağdakı xunta rejiminə çatdırmaq üçün humanitar yardımla dolu maşın karvanını şəxsən İrəvana gətirməsini, oradakı çıxışında guya özünü saxlaya bilməyib göz yaşları axıtmasını unutmamışıq. Bütün bunlardan sonra indi Sejurnenin sözlərinə kim inanar?  Ermənistanı Azərbaycana qarşı silahlandıran Fransanın “sülh istəkləri” əsl sayıqlamadır və qətiyyən anlaşılan deyil. Həm işğal, həm də ondan sonrakı dönəmdə dəfələrlə Azərbaycan əleyhinə təxribatçı fəaliyyətlərə rəvac verən və bunu hazırda da davam etdirən təcavüzkar Fransa sülhdən danışa biləcək ən son dövlətdir. Makron hökuməti Yeni Kaledoniya xalqını və Cənubi Afrika xalqlarını yüz illərdir barbarlıqla istismar edir, onlara faciələr yaşadır. “Suverenlik”dən danışan xarici işlər naziri deməyib ki, zülm etdikləri Afrika xalqlarının və kanakların süverenliyinə də hörmət edirlərmi? Deyə bilməz. Əksinə, onların müstəmləkəçilik siyasətinə qarşı çıxanları dəhşətli işgəncələrə məruz qoyur, haqq və hüquqlarını tapdayırlar. Bu da "mədəni" Fransa! İndi utanmadan “sülh göyərçini” maskasında Cənubi Qafqaza gəlib özgələri əmin-amanlığa dəvət edir. Halbuki üç ildir ki, Parisin küçələrində yüz minlərlə insan prezident Makronun insanlıq əleyhinə cinayətlərinə son verməsini tələb edirlər. Onlar özlərinin pozulmuş hüquqlarının bərpasını, normal həyat və məişət şəraitinin təmin olunmasını istəyirlər. Bəs bu “ədalət carçısı”nın qulaqları yediyi şapalaqdan sonradamı eşitmir?      Fransa özünə olan inamını, münsiflik missiyasını və söz haqqını işğalçılığa və separatizmə dəstək verəndə itirib. İndi gəlib bölgədə abbatlıq etmək lazım deyil. Çünki lap qədimdən abbatların qara ləbbadə altında hansı tərbiyəsiz işlərlə məşğul olduqları məlumdur...

Vəli İlyasov, "İki sahil"