Azərbaycanın hərb tarixinə şanlı qələbələr ayı kimi düşən sentyabr həm Qarabağda azadlıq müharibəsinin başlanması, həm də ərazi bütövlüyümüzün bərpası kimi yadda qalıb
Hər bir xalqın, dövlətin strateji yolunu, siyasi taleyini, perspektivlərini müəyyənləşdirən həlledici anlar, tarixi əhəmiyyətə malik məqamlar var. Bir əsrdə iki dəfə müstəqillik qazanaraq istiqlaliyyət ideyasına və məfkurəsinə sadiqliyini, mübarizə əzmini, siyasi potensialını, zəngin dövlətçilik ənənələrini, eləcə də unikal milli dəyərlərini dünyaya nümayiş etdirən, tarixin ictimai-siyasi yaddaşına əbədi həkk etdirən Azərbaycan xalqı da bu baxımdan istisna deyil. XX əsrin 80-ci illərinin sonları - 90-cı illərinin əvvəllərində Ermənistan Azərbaycanın tarixi torpaqlarına açıq formada ərazi iddiaları ilə çıxış etmiş və ölkəmizə qarşı hərbi təcavüzə başlamışdı. Həmin dövrdə Azərbaycanda hökm sürən hərc-mərclikdən istifadə edən Ermənistan torpaqlarımızın 20 faizini işğal etmiş, Ermənistanın həyata keçirdiyi etnik təmizləmə siyasəti nəticəsində 1 milyondan artıq azərbaycanlı öz doğma yurd-yuvasından didərgin düşmüşdü. Azərbaycana qarşı hərbi təcavüzün nəticələrinin aradan qaldırılması və BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinin həyata keçirilməsi üzrə 30 ilə yaxın davam edən danışıqlar prosesi Ermənistanın destruktiv mövqeyinə görə nəticə verməmişdi. Ermənilərin bəzi böyük güclərin hərbi, siyasi dəstəyinə arxalanması nəticəsində bu istiqamətdəki cəhdlər, danışıqlar, müxtəlif səpkili konfranslar da nəticəsiz qalırdı. Hətta Ermənistanın indiki və keçmiş rəhbərliyi açıq şəkildə Azərbaycanın işğal altında olan torpaqlarının geri qaytarılmasının mümkünsüzlüyündən danışırdılar.
2016-cı ildə Ermənistanın diversiya-təxribat cəhdləri nəticəsində baş vermiş 4 günlük Aprel döyüşləri işğalın əbədi olmadığını, Azərbaycan Silahlı Qüvvələrinin işğal altında olan torpaqlarımızı azad etmək gücündə, əzmində və iqtidarında olduğunu bütün dünyaya nümayiş etdirdi. Həmin döyüşlər zamanı Azərbaycan Ordusu 2000 hektara yaxın ərazini, o cümlədən Lələtəpə və Talış yüksəkliklərini azad etməklə həm də “güclü Ermənistan ordusu” mifini darmadağın etmiş oldu. Şübhəsiz ki, 4 günlük döyüşlərdən 44 günlük müharibəyə gedən yolda atılan hər bir addım Azərbaycanın tarixi Qələbəsinə - möhtəşəm Zəfərinə etibarlı zəmin formalaşdırdı. 2019-cu ildən etibarən Ermənistan hərbi-siyasi rəhbərliyinin bir-birinin ardınca verdiyi təxribatçı bəyanatlar və atdığı addımlar danışıqlar prosesini məqsədyönlü şəkildə tamamilə pozmuşdu. Bununla Ermənistan bir daha özünün əsl məqsədinin mövcud status-kvonu möhkəmləndirməkdən və Azərbaycan ərazilərini ilhaq etməkdən ibarət olduğunu nümayiş etdirmişdi. Ermənistanın qəbul etdiyi təcavüzkar və hücum xarakterli milli təhlükəsizlik strategiyası və hərbi doktrina, işğal edilmiş ərazilərdə qeyri-qanuni məskunlaşdırma siyasətini genişləndirməsi, “yeni ərazilər uğrunda yeni müharibə” çağırışı, mülki şəxslərdən ibarət “könüllü dəstələri” yaratmaq qərarı, 2020-ci il iyulun 12-də Ermənistan–Azərbaycan dövlət sərhədinin Tovuz istiqamətində təxribat törətməsi, eyni zamanda, bütövlükdə qoşunların təmas xəttində gərginliyi artırması, cəbhə xəttinə yaxın ərazilərdə qoşunlarını cəmləşdirməsi, böyük həcmdə silah-sursat toplaması təcavüzkarın genişmiqyaslı hücuma hazırlaşdığını göstərirdi. Belə də oldu.
2020-ci il sentyabrın 27-də Ermənistan Respublikasının silahlı qüvvələri beynəlxalq hüquq normalarını yenidən kobud surətdə pozaraq müxtəlif növ silahlardan, o cümlədən ağır artilleriyadan istifadə etməklə bir neçə istiqamətdən Azərbaycan Respublikasının yaşayış məntəqələrini və hərbi mövqelərini atəşə tutmaqla törətdikləri növbəti hərbi təxribat nəticəsində mülki şəxslər və hərbçilər arasında ölən və yaralananlar oldu. Azərbaycan Respublikasının milli təhlükəsizliyinə qarşı real və potensial hərbi təhdidlərin qarşısının alınması və zərərsizləşdirilməsi üçün Silahlı Qüvvələrimiz tərəfindən əks-hücum əməliyyatlarına başlanıldı. İlk gündən ordumuz tərəfindən başlanılmış əks-hücum əməliyyatları nəticəsində Azərbaycan Respublikasının bir neçə rayonu, eləcə də strateji əhəmiyyətli digər əraziləri işğaldan azad edildi. Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız, bütövlükdə xalqımız əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək, düşmənə sarsıdıcı zərbələr endirdi. Azərbaycan Ordusunun Zəfər yürüşünə dözə bilməyən düşmən təxribatlara əl ataraq, günahsız mülki insanları hədəfə almaqla müharibə cinayətləri törətdi. 44 gün sürən hərbi əməliyyatlar nəticəsində rəşadətli Azərbaycan Ordusu Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərlərini, Azərbaycan xalqının tarixində, mədəniyyətində və qəlbində xüsusi yeri olan, Qarabağın tacı sayılan Şuşa şəhərini, Zəngilan rayonunun Mincivan, Ağbənd, Bartaz qəsəbələrini, Xocavənd rayonunun Hadrut qəsəbəsini və bir çox kəndlərini, Tərtər rayonunun Suqovuşan kəndi, Xocalı və Laçın rayonlarının bir neçə kəndləri daxil olmaqla, ümumilikdə, 300-dən çox yaşayış məntəqəsini, həmçinin Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəklikləri işğaldan azad etdi. Rəşadətli Azərbaycan əsgər və zabitləri addım-addım irəliləyərək, Ermənistanın uzun illər ərzində qurduğu mühəndis-istehkam sistemlərini yarıb keçdi, torpaqlarımız qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin qanı və canı bahasına azad edildi. 2020-ci il noyabrın 10-da imzalanan Azərbaycan Respublikası Prezidentinin, Ermənistan Respublikası baş nazirinin və Rusiya Federasiyası Prezidentinin Bəyanatı ilə müharibə Azərbaycanın qələbəsi ilə nəticələndi. Ermənistan kapitulyasiya olunaraq Kəlbəcər, Ağdam və Laçın rayonlarını Azərbaycana qaytarmağa məcbur oldu.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Vətən müharibəsindən sonra qarşılıqlı şəkildə bir-birinin ərazi bütövlüyü və suverenliyinin tanınmasını ehtiva edən 5 əsas prinsip əsasında Ermənistan ilə sülh müqaviləsinin hazırlanması təşəbbüsü ilə çıxış etdi. 2022-ci il oktyabrın 6-da Praqada “Avropa Siyasi Birliyi” Zirvə Toplantısı çərçivəsində keçirilmiş dördtərəfli görüşdə Ermənistan Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanıdığını bəyan etdi. Ermənistan tərəfindən Azərbaycan Respublikasının Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi ərazilərində təbii sərvətlərimizin qanunsuz istismarına etiraz əlaməti olaraq 2022-ci il dekabrın 12-dən etibarən qeyri-hökumət təşkilatları nümayəndələrinin, ekofəalların Laçın-Xankəndi yolunun Şuşa ərazisindən keçən hissəsində dinc etiraz aksiyası başladı və 138 gün davam etdi. 2023-cü il aprelin 23-də növbəti tarixi hadisə baş verdi. Laçın rayonunda, Azərbaycan-Ermənistan sərhədində sərhəd-buraxılış məntəqəsi quruldu. Bununla da Azərbaycanın ərazi bütövlüyünün tam bərpası prosesi başa çatdı. Ermənistanın Laçın yolundan sui-istifadəsinə, silah və sursatların daşınmasına və digər qanunsuz əməllərinə son qoyuldu. Lakin sual oluna bilər: Bəs nə oldu ki, Azərbaycan lokal xarakterli hərbi əməliyyatlara start verdi? Bu əməliyyatları zəruri edən nə idi?
İlk öncə onu qeyd edək ki, Ermənistanın və qondarma rejimin qalıqlarının təxribatları səngimirdi. Məlum olduğu kimi, bütün dünya Qarabağı Azərbaycanın ərazi hüdudları daxilində olduğunu, orada yaşayan erməniləri bizimlə reinteqrasiyaya çağırsa da, hətta Ermənistan rəsmilərinin özləri belə bu beynəlxalq tələblərlə sözdə razılaşsa da, Xankəndidə daha fərqli mənzərə hökm sürürdü. Sentyabrın 9-da qondarma “Dağlıq Qarabağ”ın qondarma hakimiyyət orqanları “seçki” keçirdilər, özlərinə yeni quldurbaşı seçdilər, bu isə mövcud reallıqların tam şəkildə inkar edilməsi demək idi. Bundan əlavə, ermənilərin yalandan “humanitar böhran” görüntüsü yaradaraq, beynəlxalq müzakirələrdə söhbəti “xalqların öz müqəddəratını təyinetmə” hüququna gətirmək istədikləri də aydın sezilirdi. Beynəlxalq müzakirələrdə guya Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanıdığını bəyan edən Nikol Paşinyan hökuməti də müxtəlif siyasətlərlə onların bu iddialarını dəstəkləyir, bəzi təxribatçı addımlara əl atırdı. İstənilən dövlət bu cür separatçı iddialara laqeyd qala bilməz, öz suverenlik hüquqlarının bərpası üçün antiterror əməliyyatlarına başlamağa məcbur qalardı.
Ötən il sentyabrın 19-da Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupları tərəfindən Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda terror məqsədilə əvvəlcədən quraşdırılmış minanın partlaması bardağı daşıran son həmlə oldu. Həmin təxribat nəticəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə məxsus nəqliyyat vasitəsi sıradan çıxdı və mülki şəxslər dünyasını dəyişdilər. Həmin gün Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçularını daşıyan nəqliyyat vasitəsi də eyni şəkildə mina terroruna məruz qaldı, polis əməkdaşımız, hərbi qulluqçularımız şəhid oldu və yaralandı. Bütün bunlar Azərbaycanı Qarabağdakı erməni terrorçularını zərərsizləşdirmək üçün lokal hərbi əməliyyatlar keçirmək məcburiyyətində qoydu. Bu, Azərbaycanın bütün beynəlxalq konvensiyalarda təsbit olunmuş legitim hüququdur və heç bir beynəlxalq təşkilat bu tədbirlərin keçirilməsinə görə ölkəmizi qınaya bilməz.
Azərbaycan Respublikası Prezidentinin Administrasiyası 2023-cü il sentyabrın 19-da yaydığı məlumatda Azərbaycan dövlət adından antiterror tədbirlərinin dayandırılması üçün 3 şərt açıqlamışdı: qanunsuz erməni silahlı dəstələri ağ bayraq qaldırmalı, bütün silahlar təhvil verilməli, qanunsuz rejim özünü buraxmalıdır. Əks-təqdirdə, lokal antiterror tədbirləri sona qədər davam etdiriləcək. Bir neçə ay ərzində Azərbaycan nümayəndələri ilə görüşdən imtina edən Qarabağın erməni icmasının nümayəndələri səhəri gün bu şərtləri qəbul etmək məcburiyyətində qaldılar. Bir gündən az davam edən antiterror əməliyyatı nəticəsində bölgədə qalan Ermənistan silahlı qüvvələri tam tərksilah edilərək Azərbaycan ərazisindən çıxarıldı, qondarma rejimin qalıqları isə onun ləğv olunduğunu elan etdi. Azərbaycan öz ərazisində separatçılığa, “boz zona”ya son qoydu. Bununla da Azərbaycan Respublikasının dövlət suverenliyi tam bərpa edildi.
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev 2023-cü il oktyabrın 15-də Xankəndi şəhərində, Xocalı şəhərində, Xocalı rayonunun Əsgəran qəsəbəsində, Xocavənd şəhərində və Ağdərə şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltdı. 2023-cü il noyabrın 8-də Xankəndi şəhərində Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümünə həsr olunan hərbi parad keçirildi. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev paradda çıxış edərək dedi: “Bu günü bizə bəxş edən müzəffər Silahlı Qüvvələrimiz döyüş meydanında cəsarət, qəhrəmanlıq, fədakarlıq göstərərək düşməni bizim əzəli torpaqlarımızdan qovmuşdur. Bu, böyük tarixi hadisədir”
Bu gün Azərbaycanın qarşısında duran strateji vəzifələrdən biri işğaldan azad edilmiş ərazilərdə nəhəng quruculuq işlərinin aparılması, həmin torpaqlarda layiqli və dayanıqlı məskunlaşmanın təmin olunması üçün Böyük Qayıdışın həyata keçirilməsidir. Bu istiqamətdə mühüm addımlar atılır, həmin ərazilərdə müasir texnologiyalardan istifadə olunur, innovasiyalar tətbiq edilir, yeni infrastruktur yaradılır. Bununla yanaşı, regionda kommunikasiya xətlərinin bərpası geniş formatda unikal əməkdaşlıq imkanlarının formalaşması deməkdir. Bu, Azərbaycanın həm tranzit, həm də ixracatçı ölkə kimi mövqeyini möhkəmləndirəcək, Şərqdən Qərbə, Asiyadan Avropaya doğru geniş coğrafiyada Azərbaycanın geosiyasi nüfuz zonasının, işbirliyi və inteqrasiya dairəsinin genişlənməsini təmin edəcək.
Sevinc Azadi, “İki sahil”