19 sentyabr 2024 14:51
458

“Dəmir yumruq” hər zaman yerində olacaq!

Əsrlər boyu Azərbaycan xalqı bir çox tarixi günlərə şahidlik etmiş, ağrılı-acılı dönəmlərlə yanaşı, qürurverici və sevincli anlarla dolu məqamlar yaşamışdır. 2020-ci ilin 27 sentyabrda başlanan və 44 gün davam edən Vətən müharibəsində qazanılan şanlı Qələbə müasir tariximizin ən parlaq səhifəsi, indiki və gələcək nəsillərin hər zaman fəxr edəcəyi və iftixar duyacağı qəhrəmanlıq salnaməmizdir.

İkinci Qarabağ müharibəsində dünya hərb tarixinə yeni səhifə yazan yenilməz Azəbaycan Ordusu bir müddət sonra növbəti Zəfərə imza atdı. Şanlı ordumuzun 19-20 sentyabr 2023-cü il tarixlərində Qarabağ bölgəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində yenilməz, məğrur Azərbaycan Ordusu üzərinə düşən növbəti vəzifəni şərəflə yerinə yetirdi.
Azərbaycan üçtərəfli Bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycanın Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirlərinə başladı. Bir gün ərzində rəşadətli ordumuz qarşıya qoyulan hədəflərə yüksək səviyyədə nail oldu. Növbəti qələbə nəticəsində ordumuz peşəkarlığını, döyüş ruhunu, planlı şəkildə fəaliyyətini dünyaya nümayiş etdirdi.

Prezident İlham Əliyevin sentyabrın 20-də xalqa müraciətində ordumuzun üzərinə düşən missiyanı şərəflə yerinə yetirməsi ilə bağlı səsləndirdiyi fikirlər hər birimizdə böyük qürur hissi yaratdı. Bu, həm də Qarabağda yaşayan erməniəsilli sakinlərə ünvanlanan bir ismarıcdır. Həmin müraciətdə dövlətimizin başçısı bildirdi ki, İkinci Qarabağ müharibəsi başa çatandan sonra bu günə qədər 300-dən çox Azərbaycan vətəndaşı mina terrorunun qurbanı olmuşdur, ya da ki, ağır yaralanmışdır.

Laçın sərhəd-buraxılış məntəqəsi qurulanadək İkinci Qarabağ müharibəsindən sonra Ermənistandan Azərbaycanın Qarabağ bölgəsinə qanunsuz olaraq minalar gətirilmiş və müxtəlif yerlərdə basdırılmışdır. Bir müddət bundan əvvəl Azərbaycan Silahlı Qüvvələri tərəfindən aşkarlanmış minalar Rusiya sülhməramlı kontingentinin və Rusiya-Türkiyə Monitorinq Mərkəzinin nümayəndələrinə göstərilmiş və onlardan ciddi tədbir görülməsi tələb edilmişdir. Bu minalar 2021-ci ildə Ermənistanda istehsal olunub. İkinci Qarabağ müharibəsindən sonra məqsədyönlü şəkildə Azərbaycana qarşı terror aktlarını həyata keçirmək üçün bu minalar gətirilmişdir. Lokal xarakterli antiterror tədbirlərinə başlanıldı və qarşıda duran bütün vəzifələr cəmi bir gün ərzində yerinə yetirildi. Terrorçular cəzalandırıldı və bir daha Ermənistana göstərildi ki, onların istənilən təxribatına layiqli cavab veriləcəkdir.
Ağır relyef, düşmən tərəfindən uzun illər böyük mühəndislik işləri nəticəsində istehkamların mövcudluğu şəraitində, düşmən mövqelərinin təpələrdə, əlverişli yerlərdə yerləşdirilməsinə baxmayaraq, bizim hərbçilərimiz qəhrəmanlıq, peşəkarlıq göstərdilər və qısa müddət ərzində bütün istiqamətlər üzrə əhəmiyyətli dərəcədə hərbi uğurlar əldə etdilər. Aparılmış qısamüddətli lokal xarakterli antiterror tədbirləri nəticəsində düşmənin silah və texnikalarının böyük hissəsi sıradan çıxarıldı. Antiterror tədbirləri zamanı həlak olan bütün şəhidlərimizə Allah rəhmət eləsin, yaralı əsgər və zabitlərimizə şəfa versin. Onlar Vətən yolunda, haqq-ədalət uğrunda, Azərbaycanın suverenliyi yolunda öz canlarını fəda etmişlər. Şəhidləmizin əziz xatirəsi bizim qəlbimizdə əbədi yaşayacaqdır.
Əməliyyatın uğurlu gedişatı Ermənistan dövlətini və onun himayəsi altında fəaliyyət göstərən qanunsuz xunta rejimini ciddi təşvişə salmışdır. Cəmi bir gün davam etmiş döyüşlər nəticəsində qanunsuz silahlı birləşmələri ağır məğlubiyyətə düçar oldular. Birbaşa dialoq üçün lazımi addımlar atıldı. Qarabağın erməni icması Yevlax şəhərində Azərbaycan nümayəndələri ilə görüşməyə məcbur oldu. Azərbaycanın niyyəti sülh, qarşılıqlı anlaşma və hörmət əsasında birgə həyat qurmaqdır.
Bizə xor baxanlar, torpağımıza göz dikənlər, uğurumuzu həzm edə bilməyənlər heç vaxt unutmasınlar ki, dəmir yumruq yerindədir və hər zaman yerində olacaq. Heç kim bizimlə diktat və ultimatum dilində danışa bilməz. Onu da unutmasınlar ki, Qarabağ Azərbaycandır!

Fidan Hüseynova
Yeni Azərbaycan Partiyası Quba rayon təşkilatının sədri