19 sentyabr 2024 18:46
428

Azərbaycan suverenliyini təmin etməklə Cənubi Qafqazda sülh və təhlükəsizliyin bərpasına real imkan yaratdı

Xalqımızın yaddaşında əbədi qalacaq 44 günlük Vətən Müharibəsində parlaq qələbədən sonra Azərbaycan Ermənistana sülh və ikitərəfli münasibətlərin normallaşdırılmasını təklif etdi. Prezident İlham Əliyev İrəvanı bu tarixi fürsətdən istifadə etməyə və suverenliyin və ərazi bütövlüyünün qarşılıqlı tanınmasına əsaslanan sülh müqaviləsi bağlamağa çağırdı. Lakin Ermənistanın hərbi-siyasi rəhbərliyi 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanatın müddəalarını tam şəkildə yerinə yetirmək əvəzinə, təxribatlar edir, üzərinə götürdüyü öhdəliklərdən boyun qaçırırdı. 2023-cü il sentyabrın 2-də Ermənistanın baş naziri Nikol Paşinyan qanunsuz xunta liderlərini qondarma “müstəqillik günü” münasibətilə təbrik edib.

Bundan əlavə, İkinci Qarabağ Müharibəsi başa çatdıqdan sonra əldə edilmiş razılaşmalara baxmayaraq, 2023-cü il sentyabrın 9-da Rusiya sülhməramlı kontingentinin müvəqqəti məsuliyyət daşıdığı ərazidə qondarma “seçkilər” keçirildi və nəticədə qondarma “prezident” seçildi. Eyni zamanda, Ermənistan Azərbaycan ərazisinə canlı qüvvə, silah və hərbi  texnika göndərməkdə davam etdi. Bundan başqa, Rusiya sülhməramlı kontingentinin məsuliyyəti zonasında erməni tərəfi yeni istehkamlar tikməyə, mövqelərinin möhkəmləndirilməsi üçün mühəndis işləri aparmağa cəhd göstərir və minalar  basdırırdı. Belə ki, 2023-cü il sentyabrın 19-da Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda erməni diversiya qrupları tərəfindən əvvəllər yerləşdirilmiş minanın partlaması nəticəsində iki mülki şəxs həlak olub. Həmin gün Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-təxribat qrupu tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçularını daşıyan avtomobil minaya düşərək partladılıb, nəticədə 4 nəfər həlak olub. Bütün bunlar Qarabağ iqtisadi rayonunda genişmiqyaslı təxribatların qarşısının alınması, erməni birləşmələrinin tərksilah edilərək ərazilərimizdən çıxarılması, o cümlədən bölgədə konstitusiya quruluşunun bərpası məqsədilə lokal antiterror tədbirlərinə başlanılması üçün real zəmin yaratdı.  2020-ci il Vətən Müharibəsində Qələbəmizin davamı olaraq, ötən il sentyabrın 19-da lokal xarakterli antiterror tədbirləri nəticəsində Azərbaycan öz suverenliyini tamamilə bərpa etdi. Xankəndi, Ağdərə, Əsgəran, Xocavənd və Xocalıda erməni separatizmi nəhayət ki, aradan qaldırıldı. İstər 44 günlük Vətən Müharibəsi, istərsə də,1 gündən də az davam edən anti terror əməliyyatı zamanı Azərbaycan Ordusu bütün dünyaya ləyaqətlə mübarizə apardığını bir daha nümayiş etdirdi. Antiterror tədbirləri zamanı Azərbaycan Ordusu yüksək peşəkarlıq və qəhrəmanlıq göstərdi. Şəhidlərimiz böyük ehtiram hissi ilə yad edir, qazılərimizə isə Allahdan şəfa diləyirik.  Əməliyyat öncəsi hərbi birləşmələrə mülki şəxslərin qorunması ilə bağlı tapşırıqlar verilmişdir. Müdafiə Nazirliyi mülki əhalinin təhlükəsizliyini təmin etmək üçün müxtəlif xəbərdarlıq tədbirləri həyata keçirdi. Antiterror tədbirləri aparıldığı zaman mülki əhali hədəf alınmadı, mülki infrastruktura zərər vurulmadı, yalnız legitim hərbi infrastruktur və obyektlər sıradan çıxarıldı. Yaşayış yerlərini tərk etməmək barədə Azərbaycan tərəfinin çoxsaylı çağırışlarına, tətbiq etdiyi reinteqrasiya proqramına baxmayaraq, erməni sakinlər Azərbaycan ərazilərini tərk etmək barədə qərar verdilər. Bu onların azad seçimi idi və bütün bunlar dünyanın gözü qarşısında baş verdi. Və Azərbaycan tarix yazdı:  23 saat ərzində  Ermənistanın Qarabağda illərdir q qanunsuz olaraq saxladığı 15-18 minlik işğalçı hərbi dəstələrini təslim olmağa  məcbur etdi. Qarabağda 100 ildən çox kök salmış separatizm tamamilə məhv edildi, ölkəmizin suverenliyi və yurisdiksiyası Qarabağın hər yerində bərpa olundu.Sentyabr əlamətdar tarixlər ayıdır. Bu gün biz Azərbaycan ordusunun 2023-cü il 19-20 sentyabr tarixlərində uğurla həyata keçirdiyi unikal antiterror əməliyyatının ildönümünü qeyd edirik.  Azərbaycanın bütün əraziləri üzərində tam suverenliyini təmin etdi və Qarabağda, Şərqi Zəngəzurda erməni separatizmini məhv etdi.  Sentyabrın 20-də ölkəmizdə və regionda müsbət proseslərin əsasını qoyan tarixi “Əsrin müqaviləsi”nin 30 illiyi tamam olacaq. “Əsrin müqaviləsi” müstəqil Azərbaycan üçün təkcə iqtisadi nailiyyət deyil,  həm də möhtəşəm siyasi və diplomatik uğurdur. 27 sentyabr Qələbəyə aparan çətin yolun başladığı gündür.  Həmin gün biz Vətənin azadlığı və ərazi bütövlüyü uğrunda şəhid olanların hamısını yad edirik. Prezident İlham Əliyevin sərəncamı ilə hər il sentyabrın 20-si Azərbaycanda Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü” və Dövlət Suverenliyi Günü kimi qeyd ediləcək. Bu tarixlərin hər biri ölkənin müasir tarixinə qızıl hərflərlə yazılıb. Və fəxr edə bilərik ki, belə tarixlər təqvimimizdə var.

Sonda bir daha ölkə başçısı, Ali Baş Komandan İlham Əliyevin keçən il sentyabrın 20 –də xalqımıza etdiyi müraciətindəki fikirləri xatırlatmaq istərdim:  “Biz təklif edirik ki, Cənubi Qafqaz ölkələrinin gələcəyi sülhə, əmin-amanlığa, inkişafa söykənsin. Biz təklif edirik ki, bölgəmizdən uzaqda yerləşən, ancaq öz siyasi gündəliyini güdən və erməni xalqından bir alət kimi istifadə edən, onları istismar edən və dar gündə onları, necə deyərlər, satan qüvvələr, saxtakarlar, korrupsiyalaşmış siyasətçilər əl çəksinlər bizdən. Dünyanın o başında oturub bizə qarşı əsassız ittihamlar irəli sürənlər əl çəksinlər bizdən, qoysunlar Cənubi Qafqaz rahat nəfəs alsın. Bu bölgə əsrlər boyu davalar, savaşlar, qanlı toqquşmalar məkanı olmuşdur. Yetər artıq! Azərbaycan və Ermənistan öz aralarında olan məsələləri tənzimləyəcək, sülh müqaviləsi imzalayacaq və Cənubi Qafqaz ölkələri üçtərəfli formatda gələcək əməkdaşlıq haqqında işləməyə başlayacaqlar. Ancaq bununla bərabər, onu da bildirməliyəm ki, bizə xor baxanlar, torpağımıza göz dikənlər, uğurumuzu həzm edə bilməyənlər heç vaxt, heç vaxt unutmasınlar ki, “dəmir yumruq” yerindədir və hər zaman yerində olacaq! Heç kim bizimlə diktat və ultimatum dilində danışa bilməz! Bunu heç kim unutmasın! Onu da unutmasın ki, Qarabağ Azərbaycandır!”

Hicran Hüseynova,
VI çağırış Milli Məclisin deputatı