21 sentyabr 2024 00:57
373

Beynəlxalq ictimaiyyət Ermənistanın yeraltı terroruna göz yumur?

Hazırda Azərbaycanın üzləşdiyi mina təhlükəsi kütləvi qırğın silahlarının doğurduğu dəhşət ilə müqayisə oluna bilər

Vətən müharibəsindən qalib çıxan Azərbaycanın məğlub Ermənistana qarşı irəli sürdüyü tələblərdən biri də işğaldan azad edilmiş ərazilərdə basdırılmış minaların xəritələrinin verilməsi idi. Lakin Ermənistan həmin xəritələri verməkdən hələ də müxtəlif bəhanələrlə  boyun qaçırır ki, bu da beynəlxalq hüquqda insanlıq əleyhinə cinayətdir. İlkin hesablamalara görə, 30 illik işğal dövründə torpaqlarımıza 1,5 milyondan artıq mina basdırılıb. Bu, ilk növbədə, beynəlxalq humanitar hüququn pozulmasıdır. Ən böyük ədlalətsizlik isəodur ki, işğala son qoyulduqdan sonra sülh perspektivinin gündəlikdə olduğu bir vaxtda vasitəçilik iddiasında olan tərəflər minalı ərazilərin xəritəsinin Azərbaycana verilməsini Ermənistandan tələb etmirlər.

Hətta bu azmış kimi, İkinci Qarabağ müharibəsindən sonra da Ermənistan riyakar əməllərini davam etdirərək bir müddət Laçın yolundan istifadə etməklə Azərbaycan ərazilərinə minalar döşəməyə davam etdi. Həmçinin Ermənistan keçmiş təmas xəttinin arxasında yerləşən yollara, qəbiristanlıqlara, mülki təyinatlı digər obyektlərə tələ xarakterli minalar yerləşdirmişdir ki, bu da mina qurbanlarının sayının gündən-günə artmasına səbəb olur. Prezident İlham Əliyev çıxışlarında bu barədə deyib: « Bu gün Azərbaycanın üzləşdiyi mina təhlükəsi kütləvi qırğın silahlarının doğurduğu dəhşət ilə müqayisə oluna bilər.»

Xatırlatmaq yerinə düşər ki, İkinci Qarabağ müharibəsi başa çatandan bu günə qədər 350 vətəndaşımız mina qurbanına çevrilib, onlardan 65-i həlak olub, 285-i isə ağır yaralanıb. Ümumilikdə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün başladığı ilkin dövrdən indiyədək 3429-a yaxın vətəndaşımız minalardan zərər çəkib, onlardan 595-i həyatını itirib. Mina qurbanlarından 357-si uşaq, 38-i isə qadındır.

Ermənistanın uzun illər davam edən mina basdırma əməliyyatları  onu deməyə əsas verir ki, qarşı tərəf Qarabağın nə vaxtsa işğaldan azad olunacağını bilirdi. Rəsmi İrəvan başa düşürdü ki, Qarabağ Ermənistan ərazisi deyil. Elə buna görə də həmin əraziləri rahatlıqla minalayırdı. Digər tərəfdən, bu, həm də o demək idi. Ermənistan beynəlxalq hüquq normalarına etinasız yanaşmaqla yanaşı, mülki insanlara qarşı vandallıq törətməkdən də çəkinmir.

Mina təhlükəsi azad olunmuş ərazilərdəki genişmiqyaslı bərpa və yenidənqurma işlərini, insanların öz doğma yurdlarına qayıdış prosesini ləngidir, insanların həyat və sağlamlığına ciddi təhlükə  yaradır. Hazırda işğaldan azad olunmuş ərazilərdə minatəmizləmə fəaliyyətinin 90 faizindən çoxu Azərbaycanın daxili resursları hesabına aparılır. Bu istiqamətdə bəzi xarici tərəfdaşlarla əməkdaşlıq edilsə də, ümumilikdə xaricdən verilən dəstək azdər. Hazırda humanitar minatəmizləmə Azərbaycan dövlət siyasətinin əsas prioritetlərindən biridir. Çünki rəsmi Bakı vətəndaşların öz tarixi torpaqlarına mümkün qədər tez qayıtmasına çalışır.

Azərbaycan öz ərazilərində minatəmizləmə işlərini davam etdirməklə yanaşı, qlobal miqyasda da bu işə əhəmiyyətli töhfə verir. 2023-cü ilin mayında Ağdamda «Mina təhlükəsi ilə mübarizə – dayanıqlı inkişafa gedən yol» mövzusunda beynəlxalq konfrans keçirilmişdi. Həmin konfrans zamanı Azərbaycan Prezidenti İlham Əliyev iştirakçılara müraciət etmiş, öz çıxışında çox mühüm mesajlar vermişdi. Özəlliklə qeyd edilmişdi ki, Azərbaycanın təşəbbüsü ilə UNESCO tərəfindən  silahlı münaqişələr zamanı mədəni irsin qorunmasının çox mühüm bir istiqaməti kimi minaların mədəni mülkiyyətə təsiri mövzusunda xüsusi qətnamə qəbul olunub.

Bütün bunlara rəğmən demək olar ki, Ermənistan 1999-cu il Ottava Konvensiyasının piyada əleyhinə minaların istifadə edilməsini, istehsalını, yığılmasını və ötürülməsini qadağan edən bəndlərini, «Müharibə qurbanlarının müdafiəsi haqqında» 1949-cu il 12 avqust tarixli Cenevrə konvensiyalarını, 10 oktyabr 1980-ci il tarixli  «Hədsiz zərərli sayıla bilən və ya seçimsiz nəticələrə malik ola bilən müəyyən adi silah növlərinin istifadəsinə qoyulan qadağalar və ya məhdudiyyətlər haqqında» Konvensiyanın ikinci protokolunun tələblərini kobud şəkildə pozub. Beynəlxalq konvensiyalara görə, piyada əleyhinə minaların tətbiq olunması qəti qadağandır və bu, cinayət hesab edilir. Lakin bu çərçivədə müvafiq beynəlxalq təşkilatlar Ermənistanın beynəlxalq hüquqazidd davranışlarının qarşısının alınması üçün  heç bir addım atmayıblar. Nəticə etibarilə Ermənistanın hələ də  minalanmış ərazilərin xəritələrinin ölkəmizə tam təhvil verməməsi mina qurbanlarının sayını artırır. Qeyd edək ki, piyadalar əleyhinə minaları qadağan edən  «Landmine Monitor 2023» beynəlxalq təşkilatı ötən il Cenevrədə nəşr etdirdiyi hesabatda Ermənistanı piyadalar üçün mina istehsal edən ölkələr siyahısına salıb. Bununla da hesabatda bir daha ölkəmizin 44 günlük müharibədən sonra Ermənistan tərəfindən Azərbaycan ərazilərinə minaların daşınması və yerləşdirilməsi ilə bağlı əsaslı tələbləri öz təsdiqini tapmış olub.

Bu gün işğaldan azad edilən ərazilərimizin bərpası və doğma yurd-yuvalarımıza həyatın qaytarılması Azərbaycanın əsas strateji hədəflərindən biridir. Lakin dədə-baba torpaqlarımızda ölümsaçan minaların hələ də aşkar edilərək zərərsizləşdirilməməsi prosesin ləngiməsinə səbəb olur. Bu təxribatlar  həm də yeni insidentlərin baş verməsinə səbəb olur ki, bunun da məsuliyyəti birbaşa Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür. Bütün bunlara rəğmən qüdrətli Azərbaycan dövləti suveren ərazilərini öz gücü hesabına minalardan təmizləməkdə davam edir.

Bu günə qədər aparılan minatəmizləmə prosesi nəticəsində 140 min hektara yaxın sahə 120 mindən çox mina və partlamamış hərbi sursatlardan təmizlənib. 2027- ci ilin ilk aylarına qədər isə daha 280 min hektar ərazi minalardan təmizlənmiş olacaq. Lakin minalanmış ərazilər bundan daha genişdir. Minatəmizləmə sahəsində səmərəliliyin artırılması üçün davamlı şəkildə müvafiq işlər görür və hazırda imkanlarımız əvvəlki illərlə müqayisədə xeyli artmışdır. Azərbaycanda ötən ildən başlayaraq qadın minatəmizləyən qrupları da fəaliyyətə başlamışdır.

Azərbaycan beynəlxalq ictimaiyyətin diqqətini bu məsələyə cəlb etmək üçün çoxsaylı təşəbbüslərlə çıxış edib. Belə ki, Azərbaycanın təşəbbüsü ilə «Silahlı münaqişə zamanı mədəni sərvətlərin qorunması haqqında» 1954-cü il tarixli Haaqa Konvensiyasına Tərəf Ölkələrin 2023-cü ildə keçirilmiş 15-ci görüşündə «Minaların mədəni irsə təsiri» ilə bağlı qətnamə qəbul edilib. Qeyd edək ki, bu ilin mayın 30-da Zəngilanda Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (BMT İP) birgə təşkilatçılığı ilə «Minaların ətraf mühitə təsirinin azaldılması: Təhlükəsiz və yaşıl gələcək üçün resursların səfərbər olunması» mövzusunda III beynəlxalq humanitar minatəmizləmə konfransı keçirilib. Konfransda 75 ölkədən 300-dən çox nümayəndə iştirak edib. Xüsusilə iştirakçılar arasında bir sıra ölkələrin yüksək vəzifəli şəxsləri, BMT-nin baş ofisinin rəhbər heyəti, nüfuzlu beynəlxalq təşkilatların təmsilçiləri və müxtəlif ölkələrin minatəmizləmə mərkəzlərinin rəsmilərinin, habelə ölkəmizdə akkreditə olunmuş diplomatik nümayəndəliklərin vəzifəli şəxsləri də olublar. Konfrans çərçivəsində ANAMA və BMT-nin İnkişaf Proqramı arasında niyyət sənədi imzalanıb. Bu əlamətdar hadisə Azərbaycanın bu sahədə öz təcrübəsini oxşar problemlərlə üzləşən digər ölkələrlə bölüşməsinə də kömək edəcəkdir.

Bu gün ölkəmiz minatəmizləmə prosesində texniki təchizata xüsusi önəm verir. 3 ildir  xaricdən minatəmizləmə maşınları alan Azərbaycan artıq öz texnikasını istehsal edir. Belə ki, son dövrlərdə «İmprotex» Şirkətlər Qrupunun «Revival P» minatəmizləmə maşınının testləri keçirilib və özünü doğruldub.

Xatırladaq ki, rəsmi İrəvan indiyədək Azərbaycana guya minalanmış ərazilərə dair 8 xəritə  verib. Lakin sonradan məlum olub ki, bu xəritələr heç də dəqiq deyil və sadəcə, çaşqınlıq yaratmaq məqsədi daşıyır. Məsələn, ötən il ölkə ərazisində qeydə alınan mina partlayışlarının 55 faizindən çoxu Ermənistan tərəfindən təhvil verilən xəritələrdən kənar ərazilərdə olub. Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi isə bildirmişdi ki, həmin xəritələrin dəqiqliyi cəmi 25 faizdir. Bu isə bir daha Ermənistanın  qeyri-səmimiliyinin, hələ də müharibə cinayətinin təşkilatçısı olduğunu  təsdiq edir.

Bəzi siyasi şərhçilər bu qənaətdədirlər ki, Ermənistan minalı ərazilərin xəritəsini verməməklə gözlənilən sülh danışıqlarında əlavə üstünlüklər qazanmağa çalışır. Amma bu, avantüra olmaqla bərabər, həm də sülhə hazırlıq dönəmində iki ölkə arasında qarşılıqlı etimad mühitinin yaranmasına mənfi təsir edir.

Elçin Zaman, «İki sahil»