ABŞ və Fransa son zamanlar Cənubi Qafqazla bağlı daha aqressiv, radikal mövqe ortaya qoymağa başlayıblar. Məlum olduğu kimi, həm rəsmi Vaşinqtonun, həm də Parisin bölgə ilə bağlı öz planları var. Onlar Cənubi Qafqazdakı təsir güclərini artırmaq istəyirlər. Bu, özünü xüsusilə Ermənistanı silahlandırmada göstərir. Qərb Azərbaycanın maraqlarını, Cənubi Qafqazın təhlükəsizliyini nəzərə almadan Ermənistanı gücləndirməyə başlayıb. Qarabağın 30 illik işğal müddəti Azərbaycan xalqı üçün belə bir həqiqəti ortaya çıxardı ki, beynəlxalq hüquq normaları, insan azadlıqları supergüclər üçün ikinci, hətta sonuncu məsələdir. Əsas olan maraqlar və mənafelərin təmin edilməsidir.
Hazirda erməni lobbisindən ilham alan Niderland da Azərbaycana qarşı qərəzli mövqe sərgiləməkdə davam edir. Belə ki, bir müddət əvvəl Qarabağdan erməni sakinlərin guya məcburi çıxarılmasını bəyan edən Niderland parlamentinin ardınca bu dəfə ölkə hökuməti Azərbaycana qarşı birmənalı ədalətsiz mövqe nümayiş etdirib. Belə ki, sentyabrın 13-də Niderland hökumətinin saytında dərc edilmiş xarici siyasət proqramında Qarabağ ələ keçirilmiş region kimi təqdim edilib və "Dağlıq Qarabağ" kimi qeyd edilib.
Azərbaycan Xarici İşlər Nazirliyinin(XİN) Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə məsələyə münasibət bildirərək deyib ki, Niderland tərəfi növbəti dəfə Azərbaycana və postmünaqişə dövründə regiondakı mövcud vəziyyətə münasibətdə qərəzli yanaşma nümayiş etdirir. Bu ölkənin Azərbaycanın işğal olunmuş ərazilərinin azad edilməsini “Dağlıq Qarabağın ələ keçirilməsi” kimi qeyd etməsi qəbuledilməzdir: "Qarabağ bölgəsi hər zaman ölkəmizin ayrılmaz hissəsi olub və 30 ilə yaxın Ermənistanın qanunsuz işğalı altında idi. Niderlandın Ermənistanın bu qanunsuz hərəkətlərinə göz yumması təəssüf doğurur. Azərbaycanın bu ərazilərin azad edilməsi ilə bağlı tədbirləri beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan, habelə bu və ya digər şəkildə yanlış dəyərləndirilə bilinməyəcək qədər ölkəmizin suveren hüququ olub". XİN sözçüsü bildirib ki, Azərbaycanın Qarabağ bölgəsinin qondarma “Dağlıq Qarabağ” şəklində yanlış adlandırılması qətiyyən doğru deyil:"Bu, Ermənistanın Azərbaycana qarşı ərazi iddialarının daha bir bariz təzahürüdür. Azərbaycanda “Dağlıq Qarabağ” adlı inzibati və ya coğrafi vahid olmadığını, habelə hər bir dövlət və təşkilatın Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərində Azərbaycanın müvafiq orqanları tərəfindən standartlaşdırılmış və Birləşmiş Millətlər Təşkilatının Coğrafi Adlar üzrə Ekspertlər Qrupu çərçivəsində qəbul edilmiş coğrafi adlara istinad etməli olduğunu bir daha təkrar edirik. Biz Niderland tərəfini Azərbaycan və Niderland arasında ikitərəfli münasibətləri daha da sarsıdan və regionun beynəlxalq hüququn norma və prinsiplərinə hörmət əsasında gələcək inkişafına mane olan bu cür bəyanatlara son qoymağa çağırırıq".
Ölkəmizin nə ABŞ, nə də digər qərəzli mövqe sərgiləyən dövlətlər qarşısında heç bir öhdəliyi yoxdur. Azərbaycan heç bir dövlətin daxili işinə müdaxilə etmir və öz daxili işinə müdaxiləni də yolverilməz hesab edir. ABŞ və digər qərəzli ölkələr özlərinin günbəgün artan dövlət borclarından başlayaraq irqi ayrı-seçkilik, polis zorakılığı, kriminal hadisələrin baş alıb getməsi və digər çoxsaylı daxili problemləri ilə məşğul olsalar daha düzgün olar. Bu gün dünyanın müxtəlif bölgələrində baş verən siyasi kataklizmlərdə, müharibələrdə, dövlət çevrilişlərində, vətəndaş müharibələrində ABŞ-ın iştirakı göz önündədir. Uzun illər Əfqanıstanı işğal altında saxlayan ABŞ bu ölkədə heç bir abadlıq yaratmadı, əksinə bədbəxt etdi. Bütün ölkəni narkotik plantasiyasına çevirdi. Son məlumatlara görə, ABŞ Əfqanıstanı tərk etdikdən sonra bu ölkədə narkotik plantasiyalarının həcmi 20 dəfədən çox azalıb. Bu gün dünyada baş verən bütün savaşların ssenari müəllifləri məhz Qərb və Amerikadır. Köklü xalqların məhvi, qonşu dövlətlərin torpaqları hesabına imperiya quran dövlət indi durub dünyaya “ədalət dərsi” keçir. Bununla da kifayətlənsəydi dərd yarı idi. Başqa dövlətlərin daxili işlərinə qarışmaq, münaqişələr törətmək ABŞ-ın əsas mahiyyətidir.
Azərbaycan torpaqları işğal altında olduğu illərdə də beynəlxalq vasitəçilər rəsmi İrəvanın törətdiyi əməllərə görə sanksiyalar tətbiq etməyib, əksinə, müxtəlif məqsədlər adı altında ona maliyyə yardımları edib. 44 günlük müharibədən sonra məlum oldu ki, ermənilər həmin maliyyə yardımlarını işğal etdikləri Azərbaycan torpaqlarında hərbi istehkamlar tikməyə sərf edib. Odur ki, Qərbin Ermənistanı slilahlandırması İrəvanı Azərbaycana qarşı ərazi iddialarından imtina etdirməyəcək. Onun təyinatı üzrəınəclənməyəcəyi də sirr deyil. Hayastanın həmin maliyyə vəsaitini Fransadan və Hindistandan öldürücü hücum silahlarının alınmasına yönəldəcəyi gözlənilir. Ermənistanda hələ də Azərbaycana qarşı ərazi iddiası irəli sürən separatçılar “Artsax nümayəndəliyi”nin təmsilçisi kimi fəaliyyət göstərir. Rəsmi İrəvan və havadarları buna da göz yumurlar. Görünən odur ki, Ukraynanı sonu görünməyən bataqlığa qərq edən Qərb Azərbaycanla Ermənistan arasında da münaqişənin, düşmənçiliyin sonsuzadək davam etməsində maraqlıdır. Dünyanın istənilən yerində qaynar bir nöqtənin, münaqişənin olması Qərb üçün əlverişlidir. Çünki həmin regiona nüfuz edir, öz təsir dairəsini yaradır. Necə ki, Fransa illərlə Afrika qitəsində hökmranlıq edib, sərvətlərini talamaqla məşğul olub. Nəticədə bu gün Afrika xalqları yoxsulluq içində yaşayırlar, qitəni xəstəlik bürüyüb və həmin Fransa bütün bu qanlı, talançı əməllərinə görə artıq Afrikadan qovulur. Fransa, həmçinin öz sərhədlərindən uzaqda yerləşən ərazilərdə - Sakit və Atlantik okeanların dənizaşırı icma və ərazilərində yaşayan xalqlara qarşı kolonializm siyasətini davam etdirir. Xalqların azad yaşamaq, öz dövlətlərini qurmaq istəklərini boğur. Bu gün Azərbaycanın öz ərazi bütövlüyünü, suverenliyini tam bərpa etməsi, dövlətimizin güclənməsi ilə barışa bilməyən bəzi Avropa təsisatları, o cümlədən Avropa İttifaqı, Avropa Parlamenti, həmçinin Fransa, Niderland, Almaniya və digərləri öz mövqelərində bunu aydın nümayiş etdirərək Ermənistanla sülh sazişinin imzalanmaması üçün əllərindən gələni edirlər. Təəssüf ki, müstəqil dövlət olduğunu unudan Ermənistan tərəfi də məhz bu güclərin diktəsi ilə hərəkət edir. 44 günlük Vətən müharibəsindən sonra Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasında vasitəçi kimi çıxış edən Avropa İttifaqı bu gün nümayiş etdirdiyi mövqeyi ilə özü-özünü ifşa edir, vasitəçilik təşəbbüsünə kölgə salır. Avropa təsisatları Azərbaycanın öz ərazisində keçirdiyi bir günlük lokal antiterror tədbirlərinin mahiyyətinə və nəticəsinə də ədalətlə yanaşmadılar. Qərb dairələri tərəfindən əsassız şəkildə Azərbaycanı "etnik təmizləmə" siyasəti həyata keçirən ölkə kimi təqdim etmək cəhdləri özünü açıq büruzə verdi. Ermənistana ardıcıl maliyyə və humanitar yardımın göstərilməsi, silahlandırılması istiqamətində atılan addımlar, Nikol Paşinyan başda olmaqla Ermənistan rəsmilərinə edilən siyasi reveranslar Qərbin ikiüzlülüyünə, ikili standartlarına və riyakarlığına heç bir şübhə yeri qoymur.
Şəmsiyyə Əliqızı, “İki sahil”