Dünyada ayrı-ayrı xalqlara və dövlətlərə müxtəlif yanaşmalar mövcud olduqca ədalətsizliklər və mülki insanların faciələri də davam edəcək
Son illər beynəlxalq leksikonda ikili standartlar, ikili yanaşma kimi termin yer alıb. Bu termin istənilən cəmiyyət tərəfindən, Şərqdə yaxud Qərbdə yerləşməsindən asılı olmayaraq, ictimai şüurda ikiüzlü yanaşma kimi qavranılır. Dünya ictimaiyyəti açıq şəkildə onu müşahidə edir ki, eyni mahiyyətli problemlərə, eyni çalarlı münaqişələrə münasibətdə bir-birinə diametral şəkildə zidd olan yanaşma sərgilənir. Bu, kifayət qədər təhlükəli, zərərli və zəhərli tendensiyadır. İlk növbədə ona görə ki, ikili standartların müəllifi və ya təşəbbüskarı qismində ayrı-ayrı dünya dövlətləri, bəzi beynəlxalq təşkilatlar çıxış edir. Bunun acı, zəhərli nəticəsi ondan ibarətdir ki, həmin yanaşma tərzi dünya nizamını və sivil idarəçiliyi silkələyib təhdid edir, mizan-tərəzini pozur və ictimai şüurda beynəlxalq hüquqa olan inamı sarsıdır. Təəssüf ki, son 30 ildə ölkəmizə münasibətdə də eyni yanaşmanı, ikili standartlar modelini müşahidə etməkdəyik.
Azərbaycan əraziləri 30 ilə yaxın işğal altında qaldı. Beynəlxalq təşkilatların uzun illər yürütdükləri ikili standartlar siyasəti münaqişənin sülh yolu ilə həllini qeyri - mümkün etdi. Bu illər ərzində saysız - hesabsız görüşlər sanki, münaqişəni unutdurmağa, xalqımızı mövcud reallığı qəbul etməyə yönləndirilmişdi. Vasitəçilərin əsas məqsədləri də münaqişəni dondurmaq və Azərbaycanı işğal faktı ilə barışdırmaq idi. Münaqişənin nizamlanması üçün 1992-ci il 24 mart tarixində təsis olunmuş ATƏM-in (indiki ATƏT) Minsk qrupu fəaliyyətinin 29 ili ərzində məsələnin həllinə yox, dondurulmasına çalışmış və bununla da illər ərzində aparılan danışıqlar nəticəsiz qalmışdı. Həm işğalçıya, həm də işğala məruz qalmış tərəfə eyni münasibət bəslənilmiş və beynəlxalq qətnamələr kağız üzərində qalmışdı. Bu illər ərzində özlərini əbədi qalib hesab edən, cəzasız qalacaqlarına tam əmin olmuş ermənilər isə ölkəmizə qarşı yeni ərazi iddiaları irəli sürməkdə idi. Bu səbəbdən Azərbaycanı selektiv yanaşmadan və ikili standartlar siyasətindən ən çox əziyyət çəkən ölkələrdən biri hesab etmək olar.
BMT-nin tarixində də ən böyük rüsvayçılığı Azərbaycanla Ermənistan arasında yaşanan münaqişədə müşahidə etdik. Məlumdur ki, BMT Təhlükəsizlik Şurasının bəzi qətnamələri bir neçə günün içində icra olunub. Yuqoslaviyada, Liviyada və digər bölgələrdə aksiyalar, böhranlar baş verən zaman BMT-nin qəbul etdiyi qətnamələrin hansı çevikliklə icra olunduğu bütün dünyaya bəllidir. Lakin Azərbaycana gəldikdə, Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisindən dərhal və qeyd-şərtsiz çıxarılmasına dair BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinə 30 ilə yaxın bir müddətdə məhəl qoyulmadı. BMT Təhlükəsizlik Şurası Kəlbəcərin işğalından sonra 30 aprel 1993-cü il tarixində 822 saylı qətnamə qəbul etdi. Bu qətnamədə Ermənistan qoşunlarının Kəlbəcərdən qeyd-şərtsiz geri çəkilməsini tələb edildi. 29 iyul 1993-cü ildə qəbul edilən 853 saylı qətnamə və həmin ilin 14 oktyabrında qəbul edilən 874 saylı qətnamə də atəşkəs imzalanmasını, hərbi əməliyyatları dayandıraraq erməni qoşunlarının son dövrlərdə işğal etdiyi ərazilərdən geri çəkilməsini tələb edirdi. Qarabağ münaqişəsi ilə bağlı 1993-cü il noyabrın 12-də qəbul edilmiş 884 saylı dördüncü qətnamədə tərəflər arasında yenidən hərbi əməliyyatlar nəticəsində atəşkəs pozulmaları qınanılır, Ermənistandan ermənilərin qondarma respublika üzərindəki bütün təsir vasitələrindən istifadə etməsi istənilirdi. Nəinki BMT Təhlükəsizlik Şurası, eləcə də özünü demokratiya beşiyi hesab edən dünyanın aparıcı dövlətləri Ermənistanın Azərbaycan torpaqlarını 30 il ərzində işğal altında saxlamasına, etnik təmizləmə siyasətinə, Xocalı soyqırımına, 1 milyondan çox azərbaycanlının öz doğma yurdlarından qovulmasına, Azərbaycan xalqının mədəni irsinin məqsədli şəkildə dağıdılmasına və talan olunmasına, qeyri-qanuni məskunlaşdırma siyasətinə göz yumdu və BMT özünün qəbul etdiyi qətnamələrin icrası istiqamətində heç bir addım atmadı. Lakin zaman yetişdi və Azərbaycan 44 günlük Vətən müharibəsi, lokal xarakterli antiterror əməliyyatı ilə ərazi bütövlüyünü və tarixi ədaləti hərbi-siyasi yolla bərpa etdi və BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasını özü təmin etdi. Vətən müharibəsi başlayanda və 44 gün ərzində özlərini beynəlxalq birlik adlandıran ölkələr ədalətin bərpa olunması üçün heç bir addım atmadılar, əksinə müxtəlif alətlərdən istifadə edərək Azərbaycana təzyiqlər göstərməyə başladılar. Lakin Prezident İlham Əliyevin qeyd etdiyi kimi, beynəlxalq hüququn normaları ölkəmizin tərəfində idi. Ölkəmiz öz gücü, qüdrəti sayəsində suverenliyini və ərazi bütövlüyünü bərqərar etdi. Azərbaycan xalqının Lideri, Ali Baş Komandan, Prezident İlham Əliyev tarixi yenidən yazdı. Xankəndində Azərbaycan Bayrağını ucaltmaqla Azərbaycan xalqına sonsuz qürur yaşatdı. Respublikamızın əraziləri üzərində nəzarəti və suverenliyini bərpa etdi. Bu Böyük Qələbədə hər bir vicdanlı, vətənpərvər azərbaycanlının zəhməti olmuşdur.
Ölkəmizə qarşı ikili standartlar bu gün də davam etməkdədir. İşğalçı Ermənistan və havadarları zaman-zaman dünyaya sırımaq istədikləri, hal-hazırda isə məhv edilmiş "Artsax respublikası" ideyasını yenidən diriltməyə çalışırlar. Qarabağı könüllü tərk etmiş erməniləri "qovulmuş", "genosidə" uğramış kimi qələmə verirlər. Dünyanın hər yerində, xüsusilə Avropada saysız-hesabsız erməni cəmiyyətləri təşkil ediblər. Bu cəmiyyətlər gecə-gündüz yalan məlumatlar yaymaqla məşğuldurlar. Bu informasiya axını bir sıra mötəbər təşkilatlar tərəfindən Azərbaycana qarşı qərəzli qərarlar qəbul edilməsinə, ölkə haqqında obyektiv olmayan fikirlərin formalaşmasına səbəb olur. Amma məhz bu dövlətlərin etdiyi vəhşilikdən söz açılmır. Təkcə Fransa dünyanın 50-dən artıq dövlətinin ərazisini işğal etmişdir. Həmin ölkələrin sərvətini talan edərək, xalqalarını əsarət altında saxlamışdır. Erməni vəhşilikləri də məhz bu silsilənin davamı idi.
Azərbaycan dövləti Ermənistanın təcavüzünün davam etdiyi 30 il müddətində müstəqil dövlət qurmaqla yanaşı, təkcə erməni işğalına qarşı deyil, həm də beynəlxalq münasibətləri və hüququ iflic edən ikili standartlara qarşı da mübarizə aparıb. Ermənistanın işğalçılıq və etnik təmizləmə siyasətinin ağır nəticələrinin, dünya ictimaiyyətinin erməni həyazıslığına biganəliyinin və bitərəfliyinin ən yüksək tribunalardan bəyan edilməsi, ölkəmizlə bağlı həqiqətlərin beynəlxalq aləmə çatdırılması üçün gecə-gündüz yorulmadan çalışıb və bu, hazırda da davam edir. Məhz haqq-yalan savaşında Azərbaycanın qalib gəlməsi ilə Zəfər diplomatiyası modeli ortaya qoyuldu. Bu, həm də onu göstərdi ki, beynəlxalq aləmdə ikili standartlar siyasəti ağır nəticələr doğurur. Bu ədalətsiz yanaşma, ikili standartlar bumeranq effekti verərək həmin dövlətlərin özlərinə zərər vuracaq.
Sevinc Azadi, “İki sahil”