Düz bir il əvvəl sentyabr ayının 19-da Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Qarabağda lokal xarakterli antiterror tədbirləri həyata keçirdi. Cəmi 23 saat çəkən bu hərbi əməliyyatla Azərbaycan ərazilərində 200 il idi davam edən erməni separatçılığına birdəfəlik son qoyuldu. Qəhrəman ordumuzun möhtəşəm zəfəri ilə yekunlaşan bu əməliyyatla bütün torpaqlarımız üzərində dövlətimizin suverenliyi təmin edildi. Bununla da möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə dövlətçilik tariximizin növbəti şərəfli səhifəsi yazıldı.
Qeyd edilən bu antiterror tədbirləri Vətən müharibəsində qazandığımız tarixi Zəfərin məntiqi davamı oldu. Dövlətimizin, xalqımızın qürur mənbəyinə çevrilən 44 günlük Vətən müharibəsində Ermənistanın 30 ilə yaxın işğal altında saxladığı torpaqlarımız azad edildi, sözdən və sülhdən anlamayan düşmən döyüş meydanında ordumuz tərəfindən layiqli şəkildə cəzalandırıldı. Xalqımız bu müharibədə yumruq kimi bir oldu. Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qeyd etdiyi kimi, bu müharibə xalqımızın əyilməz ruhunu göstərdi. 44 gün ərzində dünya Azərbaycanı yenidən tanıdı, onun rəhbərinin yenilməzliyinə, siyasi müdrikliyinə şahidlik etdi.
2020-ci il noyabrın 10-da Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistan baş nazirinin imzaladıqları üçtərəfli Bəyanat Azərbaycanın 44 günlük müharibədəki qələbəsinin, Ermənistanın isə məğlubiyyətinin siyasi-hüquqi təsdiqi oldu. Həmin dövrdən 2023-cü ilin 19 sentyabr tarixinə qədər həmin ərazidə baş verənlər isə Azərbaycanın səbr kasasını daşdıran hadisələr oldu. Sentyabrın 19-da başlayan antiterror tədbirləri cəmi 23 saat 43 dəqiqə çəkdi. Elə əməliyyatın ilk dəqiqələrindən gedişat Azərbaycan Ordusunun ən yüksək və modern döyüş imkanlarına malik olduğunu göstərdi. Cəmi bir neçə saat ərzində düşmənin ön xətt və dərinlikdə olan mövqeləri, uzunmüddətli atəş nöqtələri, döyüş vasitələri və hərbi təyinatlı obyektləri sıradan çıxarıldı. Hər günü bir şanlı tarix olan 44 günlük Vətən müharibəsində olduğu kimi ildırımsürətli antiterror tədbirlərində də ordumuz yenidən möhtəşəm zəfər tarixi yazdı. Əməliyyat zamanı düşmənin min nəfərdən çox canlı qüvvəsi, yüzlərlə hərbi texnikası məhv edildi və bir o qədər də qənimət götürüldü. Qarabağın erməni sakinlərinin nümayəndələrinin Rusiya sülhməramlı kontingenti vasitəsilə müraciətini nəzərə alaraq 2023-cü il sentyabrın 20-də günorta lokal xarakterli antiterror tədbirləri dayandırıldı və separatçılar ağ bayraq qaldırdılar.
Qalib Sərkərdə, Müzəffər Ali Baş Komandan İlham Əliyev canından da çox sevdiyi xalqı üçün həlli mümkünsüz görünən vəzifəni reallaşdırdı. Ən önəmlisi isə 2023-cü ilin sentyabrın 20-də qazandığımız hərbi qələbə ilə ölkəmizin suverenlini tam bərpa etdik. Bu Azərbaycan xalqının həyatında ən müqəddəs gündür. Məhz elə buna görə də Prezident İlham Əliyevin 19 sentyabr 2024-cü il tarixli Sərəncamı ilə hər ilin sentyabrın 20-si Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü kimi qeyd ediləcəkdir. Prezidentin digər Sərəncamı ilə 20 sentyabr həm də Xankəndi, Xocalı, Xocavənd və Ağdərə Şəhər Günü kimi qeyd ediləcək.
Şanlı Qələbəmizdən ötən müddət ərzində ölkə başçısının rəhbərliyi altında işğaldan azad edilən ərazilərdə genişmiqyaslı tikinti-abadlıq və quruculuq işləri aparılır. Tam yeni struktur yaradılır, sənaye və digər təyinatlı müəssisələr yaradılır, təhsil, səhiyyə və digər obyektlər açılır. 2023-cü il noyabrın 28-də Prezident İlham Əliyev “Qarabağ Universitetinin yaradılması haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən, regionun sosial-iqtisadi ehtiyaclarına uyğun yüksəkixtisaslı kadr tələbatının ödənilməsi və tarixən mövcud olmuş təhsil ənənələrinin yaşadılması məqsədilə Xankəndi şəhərində yerləşən ali təhsil müəssisəsinin əsasında Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində “Qarabağ Universiteti” publik hüquqi şəxs yaradılıb. Dövlətimizin başçısının birbaşa diqqət və qayğısı nəticəsində qısa müddət ərzində Universitetdə müasir tədris infrastrukturu yaradılıb. Ali təhsil ocağının bütün ərazisində genişmiqyaslı abadlıq işləri həyata keçirilib. Əsas tədris binasının qarşısındakı park sökülüb, onun yerində 2,3 hektar ərazidə müasir tələblərə uyğun yeni park salınıb.
Sentyabr ayının 20-də ölkəmiz və xalqımız üçün çox əlamətdar olan gündə Prezident İlham Əliyev Xankəndi şəhərində Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib. Universitetlə yaxından tanışlıqdan sonra keçirilən görüşdə ölkə başçısı xüsusi olaraq qeyd edib: “Əgər 2020-ci ilin noyabrından 2023-cü ilin sentyabrına qədər bizim bütün addımlarımızı və gördüyümüz işləri təhlil etsəniz görərsiniz ki, hər bir addım əvvəlki addımın məntiqi davamı idi və hər bir addımın son məqsədi 20 Sentyabr - Dövlət Suverenliyi Günü idi”.
Ölkə Prezidenti İlham Əliyev Qarabağ Universitetinin açılışının məhz 20 sentyabr tarixində olması bir daha sübut etdi ki, artıq şanlı tariximizdir. Həmçinin, Qarabağ Universitetinin yaradılması tarixi hadisədir. Ən önəmlisi gənclər, yəni tələbələr buraya böyük həvəslə gəlməyə başladılar. Ölkəmizin hər bir bölgəsindən ümumilikdə 1200 tələbə var. 600-dən çox bal toplayan tələbələr görüşdə iştirak edirlər və buraya böyük həvəslə gəlmişlər. Dövlətimizin başçısı gənclərin qarşısında bu vəzifəni qoydu ki, “yaxşı oxuyun ki, hər zaman Azərbaycan Zəfər çalsın, hər zaman - əgər lazım olarsa, həm döyüş meydanında, həm iqtisadi sahədə, həm siyasi müstəvidə, hər bir yerdə Azərbaycan həmişə zirvələrdə olsun!”
İsrafil Kərimov,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü