20 noyabr 2017 16:56
818

9 ayda “Azəri-Çıraq-Günəşli”də hasilat 160 milyon barrel olub

Bu ilin yanvar-sentyabr aylarında “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan hasilat 160 milyon barrel, yəni 22 milyon ton təşkil edib.

“BP-Azerbaijan” şirkətindən AZƏRTAC-a bildirilib ki, hesabat dövründə AÇG-dən stabil hasilat təhlükəsiz və etibarlı şəkildə davam edib. AÇG-dən ümumi hasilat – “Çıraq” (52 min), “Mərkəzi Azəri” (133 min), “Qərbi Azəri” (120 min), “Şərqi Azəri” (80 min), “Dərinsulu Günəşli” (119 min) və “Qərbi Çıraq” (81 min) platformalarından birlikdə gündəlik orta hesabla 585 min barrel olub.

AÇG-də ümumilikdə 114 neft hasilat quyusu, 45 qaz və su quyusu istismarda olub. Doqquz ayda blokda 15 neft hasilat və 4 suvurma quyusu qazılıb.

Bu ilin ilk üç rübü ərzində AÇG layihəsinə təqribən 339 milyon dollar əməliyyat və 890 milyon dollar isə əsaslı məsrəflər xərclənib.

AÇG-də iştirak payları belədir: BP (operator – 35,8 faiz), SOCAR (11,6 faiz), “Chevron” (11,3 faiz), “Inpex” (11 faiz), “Statoil” (8,6 faiz), “ExxonMobil” (8 faiz), “TPAO” (6,8 faiz), “Itochu” (4,3 faiz), “ONGC Videsh Ltd.” (OVL) (2,7 faiz).

Xatırladaq ki, bu il sentyabrın 14-də Azərbaycan hökuməti və SOCAR, beynəlxalq tərəfdaşlar şirkətlərlə birlikdə AÇG-nin birgə işlənməsi və Hasilatın Pay Bölgüsü haqqında dəyişdirilmiş və yenidən işlənmiş Sazişi imzalayıblar. Saziş Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən oktyabrın 31-də ratifikasiya olunub.

AÇG üzrə Hasilatın Pay Bölgüsü haqqında Sazişin podratçı tərəfləri adından “BP Exploration (Caspian Sea) Limited” şirkəti operatordur.