23 sentyabr 2024 12:26
273

Qarabağ Universitetində müasir tədris infrastrukturu yaradılıb

2020-ci ildə 44 gün davam edən Vətən müharibəsində Azərbaycanın Müzəffər Ordusu parlaq qələbə qazandı. Sentyabrın 27-də Azərbaycan Respublikasının Ali Baş Komandanın əmri ilə Azərbaycan Silahlı Qüvvələri əks hücuma keçdilər.Azərbaycan Ordusunun apardığı uğurlu döyüşlər nəticəsində işğal altında olan ərazilərimiz azad olundu.   Noyabrın 8-də Azərbaycanın Mədəniyyət Mərkəzi,Qarabağın incisi olan Şuşa düşmən tapdağından azad edildi.Həmin gün tariximizə Zəfər Günü olaraq yazıldı.Noyabrın 10-da 3 ölkə arasında kapitulyasiya aktı imzalandı.Beləliklə 44 gün davam edən Dəmir Yumruq əməliyyatı başa çatdı.

2023-cü ilin sentyabrın 19-20-də antiterror əməliyyatı baş verdi. 23 saat 43 dəqiqə çəkən bu əməliyyat nəticəsində müzəffər ordumuz Ağdərə , Xocavənd rayonunun mərkəzi, Xocalı, Əsgəran, Kərkicahan və 30 ildən artıq hay quldurlarının isti yuvasına çevrilmiş Xankəndi şəhərini işğaldan azad etdi 600 nəfərdən artıq düşmən yaraqlısı zərərsizləşdirildi. İşğaldan azad olunmuş ərazilərimizdə quruculuq işləri aparıldı.Hava limanları,bir sıra infrastktur binaları tikildi,o cümlədən dağıdılmış ,viran qoyulmuş məscidlər bərpa olundu,Xankəndidə Qarabağ universiteti bərpa olundu. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 20-də Xankəndi şəhərində Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib. Dövlətimizin başçısına ali təhsil ocağında yaradılan şəraitlə bağlı məlumat verildi.Qeyd etmək lazımdır ki, Prezident İlham Əliyev 2023-cü il noyabrın 28-də “Qarabağ Universitetinin yaradılması haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən, regionun sosial-iqtisadi ehtiyaclarına uyğun yüksəkixtisaslı kadr tələbatının ödənilməsi və tarixən mövcud olmuş təhsil ənənələrinin yaşadılması məqsədilə Xankəndi şəhərində yerləşən ali təhsil müəssisəsinin əsasında Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində “Qarabağ Universiteti” publik hüquqi şəxs yaradılıb.Dövlətimizin başçısının birbaşa diqqət və qayğısı nəticəsində qısa müddət ərzində Universitetdə müasir tədris infrastrukturu yaradılıb. Ali təhsil ocağının bütün ərazisində genişmiqyaslı abadlıq işləri həyata keçirilib. Əsas tədris binasının qarşısındakı park sökülüb, onun yerində 2,3 hektar ərazidə müasir tələblərə uyğun yeni park salınıb.Prezident İlham Əliyev Qarabağ Universitetində yaradılan şəraitlə tanış olub.Bildirildi ki, bütün tədris binaları əsaslı təmir olunub. Əsas tədris binasının fasadı yenilənib, kommunikasiya xətləri quraşdırılıb, tədris və inzibati otaqlar müasir tələblərə cavab verən müvafiq avadanlıqlarla təchiz edilib.

Qarabağ Universiteti hazırda 3 tədris binasında yerləşir. Əsas tədris binasında Pedaqoji, Mühəndislik, Humanitar və sosial elmlər, İqtisadiyyat və Turizm fakültələri, 2-ci tədris binasında İncəsənət fakültəsi, 3-cü tədris binasında isə Beynəlxalq dil mərkəzi fəaliyyət göstərir.Tələbələrin nəzəri biliklərinin praktiki bacarıqlarla möhkəmləndirilməsi üçün ilk tədris ilinin müvafiq ehtiyacları nəzərə alınmaqla universitetdə 6 (Fizika, Kimya, Mexatronika, Robototexnika, Kompüter və qrafiki dizayn, Kompüter və proqramlaşdırma) laboratoriya yaradılıb.Müasir standartlara uyğun şəkildə dizayn edilmiş universitet kitabxanasının xidmətlərindən eyni vaxtda 200 tələbə istifadə edə bilər. Kitabxananın fondunda Azərbaycan, ingilis və rus dillərində 6 mindən çox dərslik və digər ədəbiyyat mövcuddur. Burada tələbələr “Elektron kitabxana” sisteminin geniş imkanlarından faydalana bilərlər.Qeyd edilib ki, bu tədris ilində ölkənin və regionun ehtiyacları, həmçinin beynəlxalq əmək bazarının müasir trendləri nəzərə alınmaqla, ilkin mərhələdə Qarabağ Universitetində kadr hazırlığı 6 fakültədə - Pedaqoji, İncəsənət, Humanitar və sosial elmlər, İqtisadiyyat, Mühəndislik və Turizm fakültələrində aparılacaq.Hazırda universitetin 160 əməkdaşı var. Onlardan 60 nəfəri akademik heyətin üzvü, 100 nəfəri isə inzibati və texniki heyətin üzvüdür.

Prezident İlham Əliyev Qarabağ Universitetinin açılışında iştirak edərək çıxış edib: bütün Azərbaycan xalqını Dövlət Suverenliyi Günü münasibətilə ürəkdən təbrik etmək istəyirəm. Bu günü biz birlikdə Xankəndidə qeyd edirik və əminəm ki, 20 Sentyabr bundan sonra Azərbaycanda geniş qeyd ediləcək.Düz bir il bundan əvvəl qəhrəman Azərbaycan Ordusu dövlət suverenliyini tam bərpa etmişdir. Bir gündən az davam edən antiterror əməliyyatı nəticəsində separatçıların kökü kəsildi, Azərbaycan öz dövlət suverenliyini tam təmin etdi, beynəlxalq hüquq zəfər çaldı və Azərbaycan öz gücünü bir daha göstərdi. Bu günü bizə bəxş edən qəhrəman hərbçilərimizi hər zaman böyük minnətdarlıqla yad edirik. Vətən uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsini daim qəlbimizdə saxlayırıq və saxlayacağıq. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Vətən müharibəsi və antiterror əməliyyatı keçirilərkən bizim 3200-dən çox qəhrəman şəhidimiz şəhadət zirvəsinə ucalmışdır. Onların və digər qəhrəman hərbçilərimizin rəşadəti və vətənpərvərliyi Qələbənin əsas amilləridir. Vətən uğrunda İkinci Qarabağ müharibəsində 90 mindən çox gənc azərbaycanlı iştirak etmişdir. Müəllimlərə, tələbələrə uğurlar arzulayıram. Yaxşı işləyin, yaxşı oxuyun ki, hər zaman Azərbaycan zəfər çalsın, hər zaman - əgər lazım olarsa, həm döyüş meydanında, həm iqtisadi sahədə, həm siyasi müstəvidə, hər bir yerdə Azərbaycan həmişə zirvələrdə olsun! Sizi təbrik edirəm.

Daha sonra Universitetin rektoru və tələbələr çıxış edərək öz növbərində Prezident İlham Əliyevə yaratdığı şərait üçün təşəkkür ediblər və Qarabağ universitetinin əhəmiyyətindən bəhs ediblər. 

Günel Süleymanlı,
YAP Xətai rayon təşkilatının General Şıxlınski 56/2 ünvanı üzrə ərazi partiya təşkilatının üzvü