Tarix boyu Azərbaycan çox şərəfli anlar yaşamış, xalqımızın qüruruna səbəb olan hadisələr baş vermişdir. Ancaq bu gün Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında qazanılan qələbələr, torpaqlarımızın işğaldan azad edilməsi dövlətçilik tarixində xüsusi əhəmiyyət kəsb edir. Bu gün xalqımız ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin qətiyyəti, uzaqgörən siyasəti, ordumuzun güc-qüdrəti ilə nail olunan zəfər sevincini yaşayır. Uzun illərdən bəri dərin intizarla gözlədiyimiz bu Qələbə, eyni zamanda, Azərbaycanın erməni işğalçıları tərəfindən pozulan ərazi bütövlüyünün bərpasının təsdiqidir.
Sentyabrın 27-dən başlayan və 44 gün davam edən Vətən müharibəsində dövlətçilik tariximizin ən parlaq səhifələri yazıldı, düşmən üzərində möhtəşəm qələbə qazanıldı. Ordumuzun əks-hücum əməliyyatları nəticəsində 300-ə yaxın kənd, 5 şəhər və 4 qəsəbə, çoxsaylı strateji yüksəkliklər işğalçılardan təmizləndi, bununla bərabər, düşmənin texnikasına, canlı qüvvəsinə ciddi zərbə vuruldu. Silahlı Qüvvələrimiz daha sonra Dağlıq Qarabağın incisi olan Şuşa şəhərini, onun ardıca bir gündə 70-dən artıq kəndi, 8 strateji yüksəkliyi işğalçıdan təmizləməklə, Ermənistanı diz çökdürdü və kapitulyasiyaya məcbur etdi. Beləliklə, 30 il ərzində aparılan danışıqlar prosesində düşmən dövlətin niyyəti reallaşmadı, Dağlıq Qarabağın statusunun müəyyənləşdirilməsi gerçəkləşmədi, bu bölgədə yeni erməni dövlətinin yaradılması planı isə tamamilə alt-üst oldu.
Azərbaycan dünyanın siyasi arenasında xüsusi pilləni məhz Ali Baş Komandanının yüksək diplomatik biliyi və sərkərdəlik bacarığı ilə qazandı. Beynəlxalq Hərbi Əməliyyatların təhlil və dəyərləndirilməsi prosesində əsgər və zabitlərimizin hərbi hazırlıq, bacarıq və cəsarətləri dünyanın tanınmış hərbi ekspertləri tərəfindən ən yüksək dərəcəylə qiymətləndirilmişlər. Cənab İlham Əliyev dəfələrlə müharibəni qazanan müasir silahlar və ya texnika deyil, müharibəni qazanan o torpağı qarış-qarış addımlayıb, canı və qanı hesabına orada bayraq sancan əsgərimizdir deməsi əslində ordumuzun əsgər və zabitlərinə Ali Baş Komandan tərəfindən verilən ən yüksək qiymət və dəyərdir. Əsl həqiqətdə ölkəmiz müharibə ərəfəsində torpaq uğrunda can verməyə istəkli olmaq miqyasına görə də dünyanı heyrətləndirən başqa bir ilkə də imza atdı.
I Qarabağ müharibəsindən sonrakı müddətdə xalqımızın o torpaqların geri qayıdacağı ümidi heç bir zaman itməmişdi. Təhsil sahəsindəki müəllimlərin də bu işdə müstəsna rolu olduğunu cənab prezident xüsusi vurğulamışdı. 30 ildən çox zaman keçsə də Qarabağ torpaqlarının Azərbaycan xalqına məxsus olduğunu dərslərdə, xüsüsi tarixi təqvimlərdə, tədbirlərdə qeyd edilməsi, zərrə-zərrə şagirdlərin mənəvi ruhuna işlədilməsinin nəticəsi idi ki, II Qarabağ müharibəsində heç bir fərarilik halı qeydə alınmamışdı və hər vətən oğlu və ya qızı fərq etməz döyüş üçün, vətənin azadlığı üçün növbələrə düzülmüşdülər. Hər bir vətəndaş, hər bir əsgər, hər bir zabit vətən üçün can verməyi şərəf bildi. Şəhidlik mənə də qismət ola bilərmi, deyib ürəyində arzu qurdu, bu uca məqama layiq olmaq niyyəti ilə əzmlə döyüşlərə atılmağa tələsirdilər. Onların bu arzusu, bu niyyəti və təvəzökarlığı onu elə gücləndirdi, məğlubedilməz etdi ki, nə ayağı altında qurulan milyonlarla ölüm tələləri, nə başı üzərindən yağış kimi tokülən on minlərlə mərmi və raketlər, nə 3-4 metr dərinlikdə qazılan çıxılmaz səngərlər, nə də ən təpədə pusqu qurmuş snayperlər onları dayandıra bilmədi.
Azad olunan torpaqlar öz oğullarının əlində rahat nəfəs alıb, ildən-ilə yaraları sağalıb gül- çiçəkli gülüstana çevrildiyi anları görən düşmən bunu heç cür həzm edə bilmir, ciddi cəhdlə münaqişə yaratmağa çalışır, pərakəndə halda sınıx-sökük hərbi birləşmələrlə terrorçuluqla məşğul olmağı qarşılarına məqsəd qoymuşdular.
2023-cü il sentyabrın 19-u səhər saatlarında Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Qarabağ bölgəsindəki qanunsuz silahlı birləşmələrinin kəşfiyyat-diversiya qrupları tərəfindən terror məqsədilə ordumuzun təminat yollarının minalanması nəticəsində iki mülki şəxs və dörd polis əməkdaşımızın şəhid olması son damla olaraq ölkəmizin səbr kasasını daşırdı.
Nəticədə düşmənin pozuculuq fəaliyyətinin önlənməsi, eyni zamanda bölgədə davamlı şəkildə törədilən təxribatlara cavab olaraq, ölkəmiz öz suveren əraziləri daxilində - Qarabağ bölgəsində Ermənistan silahlı qüvvələrinin qanunsuz hərbi birləşmələrinə qarşı məhdud və lokal xarakterli legitim antiterror tədbirləri həyata keçirməyə başladı. Antiterror tədbirləri çərçivəsində rəşadətli Azərbaycan Ordusu yüksək həssaslıq və peşəkarlıq nümayiş etdirərək qanunsuz erməni silahlı birləşmələrinin ön xətt və dərinliklərdə olan mövqelərini, uzunmüddətli atəş nöqtələrini, döyüş vasitələrini, bir sözlə, yalnız legitim hərbi obyektləri və infrastrukturu hədəfə alaraq nöqtə atışlı zərbələrlə neytrallaşdırdı. Bu davranış ordumuzun arsenalında müasir tipli silahlara və yüksək texniki imkanlara malik olmasına rəğmən, ümumilikdə ölkəmizin yüksək humanizm prinsiplərinə sadiqliyini və zəngin mənəvi keyfiyyətlərə sahib olduğunu əyani şəkildə nümayiş etdirdi. Belə ki, ordumuz mülki şəxslərə dəyə biləcək zərərlərdən maksimum yayınmaq üçün mülki əhali və infrastruktur obyektlərinin yaxınlığında məqsədli şəkildə yerləşdirilmiş legitim hərbi obyektlərə belə, zərbələr endirməkdən çəkindi. Beləliklə, sentyabrın iyirmisində 24 saatdan da az (23 saat 43 dəqiqə) müddətdə yekunlaşan “ildırımsürətli”, antiterror tədbirləri öz real nəticəsini verdi.
Bu lokal antiterror tədbirlərinin sonunda qondarma rejimin özünü buraxması Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınmış bütün əraziləri üzərində suverenliyini tam təmin etdi. Hakimiyyətin aliliyi və nəzarət funksiyası tam şəkildə bərpa olundu. Bu, Azərbaycanın dövlət suverenliyinin təşəkkülündə mühüm bir mərhələ hesab edilir. Müstəqilliyini əldə etdikdən sonra daim təcavüz və işğala, eləcə də beynəlxalq qurumların təzyiqlərə məruz qalan Azərbaycan dövlət müstəqilliyinin bütün atributlarını təmin etməyə nail oldu. Xalqımızın həyatında müstəsna əhəmiyyət kəsb edən bu möhtəşəm Zəfər sayəsində Azərbaycanın şanlı Dövlət Bayrağı suverenliyimizin bərqərar olduğu bütün ərazilərdə əzəmətlə dalğalanmaqdadır.
Xüsusilə onu da qeyd edək ki, Prezident İlham Əliyev bu il sentyabrın 19-da “Azərbaycan Respublikasında Dövlət Suverenliyi Gününün təsis edilməsi haqqında” Sərəncam imzalayıb. Azərbaycan dövlətinin, xalqımızın tarixində ən parlaq səhifələrdən biri olan sentyabrın 20-si Sərəncama əsasən hər il ölkəmizdə Dövlət Suverenliyi Günü kimi qeyd ediləcək.
Ölümləri ilə ölümsüzlük qazanan şəhidlər “Torpaq – uğrunda ölən varsa - Vətəndir!” kəlməsini əməlləri ilə doğrultdular. Biz güclü dövlətimizin, əzmkar ordumuzun sayəsində güvənliyik, inamlıyıq. Yaşasın müstəqil və suveren Azərbaycan!
Yeganə Həsənova,
Xətai rayonu İlqar Cəfərov adına 260 Nl-li məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi,
YAP Xətai rayon təşkilatının üzvü