23 sentyabr 2024 12:36
337

Qarabağ Universiteti Qarabağın inkişafına mühüm töhfələr verəcək

Azərbaycan təhsilinin inkişafında böyük əməyi olan dahi siyasətçi və dövlət xadimi Heydər Əliyev deyirdi ki, təhsil millətin gələcəyidir. Təhsil həm də dünənimizdən bugünümüzə, bugünümüzdən sabahımıza işıq, nur saçan böyük bir mənəvi sərvətdir. Bu sərvəti qorumaq, onu inkişaf etdirmək, gələcək nəsillərə mükəmməl şəkildə ötürmək hər bir Azərbaycan vətəndaşının və ümumən Azərbaycan dövlətinin qarşısında duran əsas  vəzifələrdən biri olmalıdır. Bu baxımdan ölkə rəhbərinin müvafiq sərəncamı əsasında qısa müddət ərzində yaradılan Qarabağ Universitetinin əhəmiyyəti olduqca böyükdür.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2024-cü il sentyabrın 20-də Xankəndi şəhəridə fəaliyyətə başlayan Qarabağ Universiteti ilə yaxından tanış olmuş, burada yaradılan şəraitlə maraqlanmış, maddi-texniki, elmi-pedaqoji, mənəvi-psixoloji və digər vacib məsələrə dair müvafiq tapşırıq və göstərişlərini vermiş, unversitet kollektivi qarşırısında çıxış etmişdir. 

Azərbaycan Prezidenti İlham Əliyev Qarabağ Universitetinin yaradılmasını tarixi hadisə kimi dəyərləndirir və qeyd edir ki, bu universitet ölkəmizin təhsil sistemində özünəməxsus yer tutmalıdır. Burada işləyən, təhsil alan hər bir şəxs ölkəmizin gələcəyinə, Qarabağın dirçəlişinə öz töhfələrini verməlidir. Biz ərazi bütövlüyümüzü, suverenliyimizi qəhrəmancasına bərpa etmiş millətik. Bu millətin tarixinə və taleyinə bütün dünyanı valeh edən böyük hadisələr, əlamətdar günlər, vətənpərvər insanların qəhrəmanlığı yazılıb. Azərbaycan Cənubi Qafqazın, türk dünyasının, beynəlxaq aləmin nüfuzlu ölkələrindən biridir. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan yeni Azərbaycan çağdaş dünyamıza yeni reallıqlar diktə edən qüdrətli dövlətdir. Bütün bu nailiyyətlər, bu qələbələr Azərbaycan xalqının, Azərbaycan ordusunun, Azərbaycan Prezidentinin rəşadəti, şücaəti və dəyanəti sayəsində mümkün olub. Dövlət başçısı yetişməkdə olan gənc nəslin təlim-tərbiyəsinin formalaşması, mənəvi-əxlaqi potensialının inkişafı istiqamətində Azərbaycan dövlətinin həyata keçirdiyi vacib tədbirdən ətraflı söhbət açdı və vurğuladı ki, Azərbaycan regionun aparıcı ölkəsidir.

Azərbaycan xalqı qəhrəman xalqdır. Biz mənfur düşmənə öz yerini tanıdan, öz çirkin əməllərinə görə layiqli cavab verən cəsarətli xalqıq. Bizim gənclərimiz ana vətəni, müqəddəs torpaqlarımızı ləyaqətlə qorumağı bacaran gənclərdir. Bu gənclərin fədakarlığı sayəsində bu gün biz müqəddəs Qarabağımızda iftixarla yaşayır və yaradırıq. Heç bir qüvvə Azərbaycan xalqını öz yolundan, öz prinsiplərindən döndərə bilməz. Milli azərbaycançılıq ideologiyasını, milli məfkurəni, milli dəyərləri hər zaman yüksək tutan Prezident İlham Əliyev bu çıxışında da çox həssas məqamlara toxundu. Cənab Prezident qloballaşan dünyada milli kimliyimizin, milli vətənpərvərlik və millətsevərlik ənənələrimizin qorunub saxlanılmasını və inkişaf etdirilməsini vacib hesab edərək, bu yöndə atılan düşünülmüş addımlardan, həyata keçirilən zəruri tədbirlərdən geniş söhbət açdı.

Tarixi təcrübdən məlumdur ki, elm, təhsil, mədəniyyət və mənəvi dəyərlər inkişaf etmiş ölkələrin mövqeyi həmişə yüksəkdə olub və bu ölkələrin xalqları hər zaman böyük müvəffəqiyyətlər qazanıb. Bu cəhətdən, işğaldan azad edilən torpaqlarda ən müasir tələblərə cavab verən möhtəşəm bir ali təhsil ocağının - Qarabağ Universitetinin yaradılması və əlamətdar bir gündə - 20 sentyabrda açılışının gerçəkləşməsi xalqımız üçün çox dərin ictimai-siyasi və rəmzi məna kəsb edir.

Azərbaycan Respublikası azad, müstəqil, demokratik, suveren bir dövlətdir. Öz ərazi bütövlüyünü, öz sərhədlərini, öz torpaqlarını, öz qeyrətini, öz namusunu, öz vicdanını son nəfəsə qədər qorumağı bacaran qalib Azərbaycan dövlətinin, müdrik Azərbaycan xalqının aydın sabahı naminə görülən və görüləcək bütün şərəfli işlərlə fəxr etmək, qürur duymaq hər bir soydaşımızın halal haqqıdır.

Şükran Mustafayev,
Bakı şəhəri 254 nömrəli tam orta məktəbin direktor müavini,
YAP Xətai rayon təşkilatının üzvü