23 sentyabr 2024 12:40
390

Vətən müharibəsinin qəhrəmanları

Haradan başlayır Vətən? Quru sərhədlərindən ,yoxsa su sərhədlərindən? Məncə, Vətən şəhidlərimizin qanının axıb-töküldüyü hər qarışdan ,  övladsız qalan ana-ataların göz yaşının damlasının süzüldüyü hər nöqtədən, şəhid övladlarının qəmgin, eyni zamanda məğrur üzündən  başlayır.   Əbəs yerə deyilməyib ki, “ Torpaq qanla qarışdıqda Vətən olur”.

Vətən nədir ?-deyə soruşan olsa, ailənin tək övladı olan, yeni ailə quran, bir çox arzuları həyata keçməmiş,  ürəyində qalmış ,Vətən eşqi ilə yanan,  günlərlə nəşi tapılmayan Həsənağa Abdullayevdir – Vətən

Atasız , çətinliklə böyümüş, anasını, ailəsini yalnız qoyub torpağının harayına çatmış Həsənov Vüsaldır-Vətən

Hər iki övladını- İman və Bəhrəm Məmmədovu  torpağı yolunda qurban vermiş ata-anadır-Vətən

Beləcə, minlərlə şəhidimiz öz qanları ilə torpaq anlayışını  Vətənlə əvəz etdilər.

O yerlərlə əyani tanışlığı olmayan bu gənclər necə də böyük şövqlə ordu sıralarına könüllü qoşulur, hərbi təlimlərdə iştirak edirdilər. Bu gənclər vaxtilə Qarabağ faciəsini Televiziya və və radiodan dinləmiş , 1990-cı illərdə baş vermiş hadisələrlə tanış olmuşdular. İllər ərzində qulaqlarından getməyən Azərbaycan qız-gəlinlərinin fəryadı, Qarabağda işgəncələrlə qətl edilmiş qoca və körpələrin gözlər önündən getməyən görüntüləri , qəlblərdə toplanmış qisas hissi – “Xocalı yarası”, “Şuşa həsrəti “ 30 ilin yekununda sona çatdı, qisas hissi milli qürur hissi ilə əvəz olundu.

İnsanlar möcüzəni göydə axtararkən, torpaqlarımızın qaytarılmasını daim dua edərkən, ağıllarından belə keçmədiyi anda Heydər Əliyev siyasi kursunun yetirməsi olan Ali Baş Komandan İlham Əliyevin güclü siyasəti, hərbi qüvvələri “dəmir yumruq” kimi birləşdirməsi,  igidlərimizin və şəhidlərimizin  Vətən sevgisi, düzgün strateji həmlələri , xalqımızın həmrəylik ruhu bu duaları, arzu-istəkləri reallığa çevirdi.          

Vətən məhfumu 44 gün ərzində Azərbaycan xalqının qəlbində dağ kimi böyüyərək bütün çətinliklərə sinə gərdi. Hər zamankı kimi türk ənənəsinə sadiq qalaraq igid Azərbaycan kişiləri ilə çiyin-çiyinə xanımlarımız da cəsarətlə vuruşmuş, eyni zamanda yaralılara yardım edərək Zəfər tarixinə öz imzalarını atmışdırlar.

Vətən müharibəsinin qəhrəmanları- I Qarabağ savaşının varisləri Azərbaycanın şanlı tarixini yenidən , qızıl hərflərlə dünya tarixinə həkk etdilər,  Azərbaycan adlı kiçik bir ölkənin böyük gücünü dünya ölkələrinə tanıtdılar. Azərbaycanın neçə illərdir, müdafiə etdiyi, dünya arenalarında tanıtdığı haqq işini dəstəklədilər. Bütün dünya mediyası Azərbaycandan danışmağa, vahid Azərbaycanın  ərazi bütövlüyünü tanımağa, ölkəmizin gücünü-qüdrətini qəbul etməyə başladı.  Azərbaycan qəhrəmanlarının göstərdiyi şücaət xalqımızın qəlbində iki hissi birləşdirdi-Şəhid ailələrinin itkisindən dolayı yaranmış ağrı-acı hissi və bununla bərabər torpaqların azad edilməsinin ölkəyə bəxş etdiyi  fəxr, qürur hissi. Artıq Azərbaycan dünyada soyqırıma məruz qalmış yaralı bir xalq kimi yox, 44 gündə torpaqlarını düşmən qüvvələrindən təmizləmiş bir xalq kimi xatırlanacaq.

Şəhidlərimiz, qazilərimiz və hələ də torpaqlarımızı qoruyan qəhrəmanlarımıza borcluyuq bu fəxarət duyğusunu,üçrəngli bayrağımızın Qarabağ torpaqlarında dalğalanmasını . Azərbaycan vətəndaşı olaraq hər birimizin borcu bu ali insanları hər zaman xatırlamaq, xatırlatmaq və bu irsi yeni nəsillərə ötürməkdir.

Bu məqamda M.A.Ersoyun bu misraları yerinə düşür.

Basdığın yerləri “torpaq” deyərək keçmə, tanı: 
Düşün altındakı minlərcə kəfənsiz yatanı. 
Sən şəhid oğlusan, incitmə, yazıqdır atanı; 
Vermə, dünyaları alsan da, bu cənnət vatanı.

Gülanə Şirəliyeva,
Bakı şəhəri, Xətai rayonu, İlqar Cəfərov adına 260 nömrəli məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi,
YAP Xətai rayon təşkilatının üzvü