23 sentyabr 2024 13:45
349

Xalq-ordu-iqtidar birliyi böyük Qələbəni təmin etdi

27 sentyabr Anım Günü ərəfəsindəyik. 2020-ci il 27 sentyabr tarixində atəşkəs rejimini kobud şəkildə pozan Ermənistan silahlı qüvvələri cəbhə boyu Azərbaycan Ordusunun mövqelərinə intensiv zərbələr endirməklə yanaşı, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarının yaşayış məntəqələrini qəsdən artilleriya atəşinə tutaraq Azərbaycana qarşı növbəti təcavüzə başladılar. Nəticədə hərbi qulluqçularla yanaşı, Azərbaycanın 11 dinc sakini, o cümlədən 2 uşaq həlak olmuşdur. Düşmənin hərbi təxribatını dəf etmək və təcavüzünə son qoymaq məqsədilə Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev dərhal bütün cəbhə boyu əks-hücuma keçmək əmri verdi. 

Prezident İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən, təsis edilən Anım Günü Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarından keçmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiramın ifadəsidir. Anım Günü ölkədə gənc nəslin vətənpərvər ruhda tərbiyə olunması, ölkə vətəndaşlarının birliyinin daha da möhkəmlənməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Hər bir azərbaycanlını qürurlandıran tarixi Zəfəri, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa edilməsini bizlərə yaşadan şəhidlərimizin ruhu qarşısında baş əyir, Allahdan onlara rəhmət, qazilərimizə şəfa diləyirik. Vətən müharibəsinin qəhrəmanlarının həyat yolu hər bir gənc üçün vətənpərvərlik məktəbidir. Azərbaycan xalqı mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirir, bütün şəhidlərimizin ruhuna ehtiram göstərir, xatirəsini uca tutur. Şəhid ailələrinə və qazilərə dəstək göstərilməsində Azərbaycanda milli həmrəylik yaşanır və bu məqsədlə bütün aidiyyəti dövlət qurumlarının potensialı səfərbər olunub.

Vətən müharibəsində Qələbə münasibətilə orden və medallar təsis edilib. Yeni orden və medallar Qələbənin əbədiləşdirilməsinin və iştirakçılara ayrılan ali diqqətin təcəssümüdür. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı hərbi əməliyyatlarda iştirak edərək igidlik və şücaət nümayiş etdirmiş, vəzifə borcunu ləyaqətlə və vicdanla, döyüş tapşırıqlarını uğurla yerinə yetirmiş Silahlı Qüvvələrin hərbi qulluqçuları Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə müxtəlif orden və medallarla təltif olunublar. Bütün şəhid ailələrinə, qazilərə dövlət tərəfindən lazımi köməklik göstərilir. Qazilərimiz üçün ən müasir protezlər sifariş edilir. Şəhid ailələrinin və hərbi əməliyyatlar nəticəsində əlilliyi müəyyən olunmuş şəxslərin sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi istiqamətində vətəndaş cəmiyyəti təşəbbüslərinin reallaşdırılması üçün yaradılmış “YAŞAT” Fondu tərəfindən indiyədək 17 minə yaxın hərbiçi öhdəliyə götürülmüşdür, 80 milyona yaxın vəsait toplanmış və müvafiq istiqamətlər üzrə həmin vəsaitin xərclənməsi davam etdirilir. Azərbaycan şəhid ailələrinə göstərilən diqqətə görə dünya miqyasında nümunə sayıla bilər. Şəhidlərin xatirəsini əbədiləşdirmək üçün bütün lazımi tədbirlər görülür.

Prezident İlham Əliyevin 2020-ci il dekabrın 3-də imzaladığı Sərəncamda, Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi Zəfərin yaddaşlarda yaşadılması və ictimaiyyətə nümayiş etdirilməsi, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə Bakı şəhərində Vətən Müharibəsi Memorial Kompleksinin və Zəfər Muzeyinin yaradılması nəzərdə tutulur. 2021-ci ildə 27 Sentyabr - Anım Günündə  dövlət başçısı İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın iştirakı ilə  Bakı şəhəri, 8 Noyabr prospektində Vətən Müharibəsi Memorial Kompleksi və Zəfər Muzeyinin təməlqoyma mərasimi keçirildi. 

Tarixi Zəfərimizin əbədiləşdirilməsinə xidmət edən mühüm addımlar sırasında Prezident, Ali Baş Komandanı İlham Əliyevin müvafiq Sərəncamına əsasən Bakı şəhərinin Xətai rayonu ərazisində açıq səma altında yaradılan  Qənimətlər Parkını qeyd edə bilərik. Qarabağ uğrunda gedən döyüşlərdə düşməndən əldə edilən hərbi texnikalar, hərbi maşınlar, eləcə də Ermənistana məxsus silah sursat bu parkda nümayiş olunur və ordumuzun gücünü göstərir. Bu parkı ziyarət edən hər kəs ordumuzun qəhrəmanlığını aydın şəkildə görür. Burada 300-dən çox hərbi eksponat mövcuddur. Parka qədəm qoyan insanı ilk olaraq ermənilərin məhv edilmiş hərbi yük maşınlarının nömrələrindən ibarət lövhə və müharibənin gedişatını özündə əks etdirən tablo qarşılayır. Lövhənin  üzərində 44 günlük İkinci Qarabağ müharibəsinin rəmzinə çevrilən  “Qarabağ Azərbaycandır!” şüarı əks olunub. Bu park Azərbaycan Ordusunun gücünü, Ermənistanın 30 il qurub yaratdığı istehkamları necə qəhrəmancasına yarıb keçdiyini və bu tarixi Qələbəni bizə yaşadan şəhid və qazilərimizin bəxş etdiyi qüruru indiki və  gələcək nəsillərə çatdıracaq. Şanlı Qələbəmiz milli iradə, milli ruh və ləyaqət təntənəsidir. Azərbaycan xalqı şanlı ordumuzun arxasında möhkəm dayanaraq ona əlavə güc verdi.

Bu birlik ötən ilin 19 sentyabr tarixində başlanan və bir gün davam edən lokal xarakterli antiterror tədbirlərində də özünü aydın şəkildə nümayiş etdirdi. Silahlı Qüvvələrimizin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə həyata keçirdiyi antiterror tədbirləri nəticəsində suverenliyimiz tam bərpa edildi. Cənab İlham Əliyevin 19 sentyabr 2024-cü il və 20 sentyabr 2024-cü il tarixli sərəncamlarına uyğun olaraq 20 sentyabr Xankəndi, Xocalı, Xocavənd, Ağdərə şəhərləri günü, eyni zamanda Dövlət Suverenliyi Günü kimi təsis edildi. Dövlətimizin başçısı bu tarixlərdə Ağdam, Xankəndi və Şuşa şəhərlərində oldu, Xankəndi şəhərində Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edərək müəllim və tələbə heyəti ilə görüşdü. Açılışın məhz bu tarixdə keçirilməsinin öz rəmzi mənası olduğu aydındır.

Cənab İlham Əliyev sözügedən görüşdə bu addımı belə əsaslandırdı ki, bu açılış istənilən gündə ola bilərdi. Amma hesab etdim ki, 20 sentyabrda olsa, daha düzgün olar. Çünki bu, artıq şanlı tariximizdir. Qarabağ Universitetinin yaradılması tarixi hadisədir və ötən ilin noyabr ayında bununla bağlı müvafiq Sərəncam imzalandı. Artıq bura üçüncü gəlişinin oduğunu bildirən cənab İlham Əliyev vurğuladı ki, bütün göstərişlər verildi, Elm və Təhsil Nazirliyi tezliklə bütün lazımi tədbirləri gördü. Bina yenidən quruldu. Bu bina Sovet dövründə Azərbaycan memarları, inşaatçıları tərəfindən inşa edilmişdi. İşğal dövründə bunu erməniləşdirmək üçün müəyyən işlər görülmüşdü. O əlamətlər də tamamilə silindi. Binanın önü açıldı, gözəl bir park yaradıldı. Master-plan hazırlandı. Gələcək illərdə, növbəti üç ildə yeni tədris korpusları inşa ediləcək. Gözəl yataqxana yaradıldı. Ən önəmlisi gənclər, yəni tələbələr buraya böyük həvəslə gəlməyə başladılar. Ölkəmizin hər bir bölgəsindən ümumilikdə 1200 tələbə var. Yüksək bal toplayan tələbələr görüşdə iştirak edirlər. Müəllim heyəti də formalaşdı. Qarabağ Universiteti aparıcı ali məktəblərdən birinə çevriləcək. Bunu etmək üçün bütün imkanlar var...

Vətən uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsini daim qəlbimizdə saxlayacağıq.

Fəxrəddin Vəliyev,
​Yeni Azərbaycan Partiyası Şəmkir rayon təşkilatının sədri