Azərbaycan Respublikasının sülh çağırışlarını cavabsız qoyan Ermənistan qoşunların təmas xəttindəki təxribatlarını da davam etdirirdi. 27 sentyabr 2020-ci il səhər saatlarında Ermənistan Respublikası ölkəmizə qarşı növbəti hərbi təxribata əl atdı. Bu, sülhsevər və tolerant Azərbaycan xalqının “səbir kasasına” son qoymuş hərbi təxribat oldu. Azərbaycan Respublikası Silahlı Qüvvələri Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında işğal altındakı torpaqlarımızın azad edilməsi məqsədilə Vətən müharibəsinə başladı. İşğal altında olan torpaqlarımız qəhrəman şəhidlərimizin, əsgər və zabitlərimizin, qazilərimizin qanı və canı bahasına azad olundu. Cənab İlham Əliyevin ölkəmizə rəhbərliyi dövründə formalaşan, yüksək mənəvi dəyərlərə sahib vətənpərvər Azərbaycan gənci tarixi missiyanı şərəflə yerinə yetirdi, Azərbaycanın Respublikasının ərazi bütövlüyü bərpa edildi. Qazandığımız bu parlaq Zəfər tariximizə qızıl hərflərlə yazıldı.
44 günlük Vətən müharibəsində Ordumuzun qəhrəmanlığı, Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin qətiyyəti ermənilərin və havadarlarının bölgədəki siyasətinin iflası ilə nəticələndi. Aldığı sarsıdıcı məğlubiyyətdən lazımi dərs çıxarmayan ermənilər xarici havadarlarına arxalanaraq Azərbaycan Respublikasının Qarabağ iqtisadi zonasının Xankəndi şəhərində hələ də təxribatçı davranışlarını davam etdirirdilər. 2020-ci il 44 günlük Vətən müharibəsindən sonrakı dövrdə də neçə-neçə dinc vətəndaşımız Ermənistanın “mina terrorunun” qurbanı olmuşdu. Belə bir vəziyyət lokal antiterror tədbirlərinin keçirilməsini qaçılmaz edirdi. 19-20 sentyabr 2023-cü il tarixində bir gündən də qısa müddətdə keçirilmiş lokal antiterror əməliyyatları nəticəsində Xankəndində özlərinə yuva salmış sonuncu separatçılar da təslim oldular. Bütün ərazilərimiz üzərində dövlət suverenliyimiz tam bərpa olundu.
Azərbaycan xalqı hər zaman mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirir, bütün şəhidlərimizin ruhuna sonsuz ehtiram göstərir, xatirəsini uca tutur. Allah bütün şəhidlərimizə rəhmət eləsin. “Böyük Qayıdış” arzumuz məhz onların qəhrəmanlığı, şücaəti, fədakarlığı sayəsində reallaşır. Azərbaycan dövləti Şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində bütün lazımi addımları atır. Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində Qazilərimiz dünyanın ən aparıcı tibb müəssisələrində bərpa prosesi keçirlər. Birinci vitse-prezident Mehriban xanım Əliyeva da şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi, şəhid ailələrinin, qazilərin hərtərəfli qayğı ilə əhatə olunmasına xüsusi diqqət yetirir, onun rəhbərlik etdiyi Heydər Əliyev Fondu bu istiqamətdə genişmiqyaslı tədbirlər həyata keçirir.
Arifə Abdullayeva,
YAP Sumqayıt şəhər təşkilatının məsləhətçisi