23 sentyabr 2024 17:27
424

Azərbaycanın strateji hədəfləri dəyişməz olaraq qalır

Prezident İlham Əliyevin hər bir çıxışı tariximizin ayrı-ayrı dövrləri barədə zəngin məlumatların əldə edilməsi üçün mənbədir. Dövlət başçısı ölkəmizin suverenliyinin bərpasının bir illiyini işğaldan azad edilmiş ərazilərimizdə - Ağdamda, Xankəndidə və Şuşada qeyd etdi.

20 Sentyabr - Dövlət Suverenliyi, həmçinin Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günündə Xankəndi şəhərində Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edən cənab İlham Əliyev bu ali təhsil ocağının müəllim və tələbə heyəti ilə görüşdü. Qarabağ Universitetinin yaradılmasının tarixi hadisə olduğunu xüsusi vurğulayan dövlətimizin başçısı bildirdi ki, bu ali məktəbin yaradılması ilə bağlı müvafiq Sərəncam ötən ilin noyabr ayında imzalandı. Bu gün Qarabağ Universitetinin 1200 tələbəsi var. Burada ölkəmizin hər bir bölgəsindən tələbə var.

Cənab İlham Əliyevin sözügedən görüşdə əsas diqqət göstərdiyi məsələlərdən biri gənclərimizin vətənpərvərlik ruhunda tərbiyə edilməsi oldu. Bildirdi ki, 44 günlük Vətən müharibəsi onu göstərdi ki, bəlkə də heç bir ölkədə bizim cəmiyyətimiz qədər birlik nümayiş etdirən cəmiyyət yoxdur. Bizdən sonra gələn nəsil də bu yolla getməlidirlər. Onlar, ilk növbədə, milli ruhda tərbiyə almalıdırlar, öz mədəniyyətinə, ənənələrinə, mənəvi dəyərlərinə sadiq olmalıdırlar. Heç kimin təsiri altına düşməməlidirlər, müxtəlif vədlərə aldanmamalıdırlar. Bu mühüm məqam da önə çəkildi ki, iki tərbiyə mənbəyi var - ailə və müəllim. Xoşbəxtlikdən Azərbaycanda ailə dəyərləri üstün tutulur və həmişə belə olmalıdır. Bizim ənənələrimiz bunu diktə edir və eyni zamanda, bəzi Qərb ölkələrində ailə dəyərlərinin tamamilə eybəcər formasına düşməsi hər birimizdə haqlı olaraq ikrah hissi doğurur. Ona görə ailə dəyərləri, ailə tərbiyəsi birinci növbədə qorunmalıdır. Müəllimlər uşaqların, gənclərin biliklərini artırmaq, eyni zamanda, onların vətənpərvərlik ruhunda tərbiyəsi üçün fəal və səmərəli işləyirlər. İkinci Qarabağ müharibəsi bunu göstərdi. Heç vaxt Qarabağı görməyən gənclər bu torpaqlar uğrunda ölümə gedirdilər, ölümə getməyə hazır idilər, şəhid oldular, yaralandılar.

Cənab İlham Əliyev Azərbaycan tarixi barədə geniş məlumat verdi. Vurğulandı ki,  XIX əsrin əvvəlində bağlanmış üç müqavilə - “Kürəkçay”, “Gülüstan”, “Türkmənçay” müqavilələri faktiki olaraq sonrakı işğalı da şərtləndirdi. Məhz bu müqavilələrdən sonra heç vaxt Qarabağ torpağında yaşamayan ermənilər kütləvi surətdə İrandan və Şərqi Anadoludan buraya köçürülmüşdür və bu, həqiqətdir, bu, dəqiq tarixdir. Sadəcə olaraq, Ermənistan və erməni alimləri hər zaman olduğu kimi, tarixi təhrif edərək yeni uydurma tarix yaratmağa çalışırdılar və öz lobbi şəbəkələri vasitəsilə müəyyən dərəcədə beynəlxalq ictimaiyyəti də çaşdırmağa nail olmuşdur.  XX əsrin əvvəlində xalqımıza qarşı növbəti düşmənçilik addımları atılmışdır. 1923-cü ildə heç bir əsas olmadan Azərbaycanda, Qarabağda “Dağlıq Qarabağ Muxtar Vilayəti” yaradılmışdı. Bu vilayətin tabeçiliyi Sovet İttifaqının mərkəzinə bağlanmışdı. Beləliklə, bu bölgəni Azərbaycandan ayırmaq üçün növbəti addım atıldı. Ondan üç il əvvəl Zəngəzuru bizdən aldılar.  Bunu 1920-ci ilin noyabr ayında, Azərbaycan Xalq Cümhuriyyəti süqut edəndən bir neçə ay keçəndən sonra etdilər. 1923-cü ildə isə canımıza növbəti saat bombasını saldılar və ondan sonra burada kütləvi erməniləşmə siyasəti aparılırdı.

Reallıq budur ki, tarixi Azərbaycan torpağı olan Qarabağa ermənilərin çar Rusiyası zamanı köçürüldüyü dövrdən etibarən xalqımıza qarşı başlanmış düşmənçilik siyasəti 200 ildən çox davam edib. Ermənilər məskunlaşdıqları dövrdən etibarən Azərbaycan toponimlərini dəyişməyə başlamış, münbit əraziləri ələ keçirməyə çalışmış və əksəriyyət təşkil etdikləri yaşayış məntəqələrində azərbaycanlıları sıxışdırmışlar. 1918-1920-ci illər isə xalqımızın yaddaşında erməni silahlı quldur dəstələrinin xüsusi qəddarlığı ilə yadda qalmışdır. Həmin illərdə İrəvanda, Dərələyəzdə, Zəngəzurda, Göyçədə, Tiflisdə, Naxçıvanda, Bakıda, Gəncədə, Şamaxıda, Qubada, Lənkəranda, Qarabağda, Muğanda, Göyçayda on minlərlə dinc azərbaycanlı əhali soyqırımına məruz qalmış, yaşadıqları yerlərdən qovulmuş, onlara işgəncələr verilmiş, yüzlərlə yaşayış məntəqəsi dağıdılıb yerlə yeksan edilmişdir. 1948-1953-cü illərdə Ermənistandakı öz tarixi dədə-baba torpaqlarından 150 minə yaxın azərbaycanlı deportasiya olunaraq Azərbaycanın Kür-Araz düzənliyində yerləşdirilmişdir. 1987-ci ildən başlayaraq daha 200 minə yaxın azərbaycanlı öz doğma yurdundan qovulmuş, bununla da Ermənistan monoetnik dövlətə çevrilmişdir. 1988-ci ildə başlayan Qarabağ hadisələri, erməni ideoloqlarının “Dənizdən-dənizə böyük Ermənistan” adlı sərsəm ideyasını reallaşdırmaq cəhdi kəndlərin, şəhərlərin dağılması, on minlərə günahsız insanın ölümü, yüz minlərlə azərbaycanlının öz tarixi torpaqlarından didərgin düşməsi ilə nəticələnmişdir. Bunlar tarixdir. Tarixi inkar etmək, saxtalaşdırmaq qeyri-mümkündür. Baxmayaraq ki, ermənilər havadarlarının dəstəyi ilə yalanlarını həqiqət kimi qəbul etdirə biləcəklərini düşünürdülər, amma hər zaman fakt qarşısında acizliklərinin şahidinə çevriliblər.

Ermənilərin 1988-ci ilə baş qaldıran əsassız torpaq iddiası nəticəsində Azərbaycan torpaqlarının 20 faizi işğal edildi, bir milyondan çox soydaşımız qaçqın və köçkün vəziyyətinə düşdü. 30 il ərzində Ermənistan işğalçı siyasətini davam etdirərək  ərazilərimizdə təxribatlar törətmiş, təmas xətti boyunca yaşayan dinc əhalimizə mütəmadi atəş açmış, onların rahat yaşamasına imkan verməmişdir. Azərbaycan dövləti ən yüksək tribunalardan bəyan edirdi ki, bir qarış torpağımız belə düşmənə verilməyəcək. Azərbaycanın ərazi bütövlüyü danışıqlar mövzusu deyil və ola da bilməz. 30 ilə yaxın işğal dövründə Azərbaycan məsələnin sülh danışıqları əsasında çözülməsinə səy göstərdi. Ermənistan isə imitasiya naminə danışıqlara qatılaraq vaxt qazanmağa çalışdı.

Müasir, müstəqil Azərbaycanın uğurlarından bəhs edərkən bu reallığı xüsusi qeyd etməliyik ki, Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı Azərbaycanı böyük faciələrdən, təhlükələrdən xilas etdi, müstəqilliyimizin daimiliyi təmin olundu. Ulu Öndər Heydər Əliyev torpaqlarımızın işğaldan azad ediləcəyinə, soydaşlarımızın dogma yurd-yuvalarına qayıdacağına böyük əminliyini ifadə edirdi. 1993-2003-cü illərdə yaradılan möhkəm təməl Azərbaycana davamlı uğurlar qazandırdı. Son 21 ilə yaxın dövr ərzində bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurlu davam etdirilməsi Azərbaycanı tarixi Zəfərə, suverenliyinin tam təmin edilməsinə qovuşdurdu. Dövlət başçısı bütün səylərini Qarabağ probleminin həlli istiqamətinə yönəltdi.

Prezident İlham Əliyev ən yüksək tribunalardan bu bəyanatı səsləndirdi ki, sülh danışıqları səmərə vermədiyi təqdirdə hərb yoluna üstünlük veriləcəyi şəksizdir. Azərbaycanın işğal altında olan torpaqlarını istənilən yolla azad etməsi suveren hüququdur.

2020-ci il sentyabrın 27-də atəşkəs rejimini kobud şəkildə pozan Ermənistan silahlı qüvvələri cəbhə boyu Azərbaycan Ordusunun mövqelərinə intensiv zərbələr endirməklə yanaşı, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarının yaşayış məntəqələrini qəsdən artilleriya atəşinə tutaraq ölkəmizə qarşı növbəti təcavüzə başladılar. Nəticədə hərbi qulluqçularla yanaşı, Azərbaycanın 11 dinc sakini, o cümlədən 2 uşaq həlak olmuşdur. Düşmənin hərbi təxribatını dəf etmək və təcavüzünə son qoymaq məqsədilə Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev dərhal bütün cəbhə boyu əks-hücuma keçmək əmri vermişdir.

44 günlük İkinci Qarabağ müharibəsində qazanılan tarixi Zəfər Azərbaycanın bütün sahələrdə əldə etdiyi uğurların təqdimatı olmaqla yanaşı, Vətən müharibəsini şərtləndirən amilləri də özündə ehtiva edir. Dövlət başçısı İlham Əliyev  müharibənin gedişatında xarici mətbuata çoxsaylı müsahibələrində hər zaman bu fikri  bildirirdi ki, Qarabağ məsələsi bizim üçün milli qürur məsələsidir. Həmçinin Qarabağın azad ediləməsinin Ulu Öndər Heydər Əliyevin vəsiyyəti olması ilə bağı ünvanlanan sualları  belə cavablandırırdı ki,  hər zaman  atamın yoluna sadiq olmağa çalışmışam.  Şadam ki, sözümə sadiq oldum, sözümü tutdum. Bu gün Azərbaycanın sürətli və uğurlu inkişafı, beynəlxalq müstəvidə böyük hörmətə malik olması, ölkə daxilində social-iqtisadi və digər problemlərin həlli, böyük layihələrin həyata keçirilməsi, əlbəttə ki, Heydər Əliyev yolunun davamıdır. Təbii ki, dünya dəyişir. Dünyadakı güclər nisbəti də dəyişir. Bu günkü dünya 2003-cü ildəki dünya ilə əlbəttə ki, müqayisə edilə bilməz. Ancaq Azərbaycanın strateji hədəfləri dəyişməz olaraq qalır. O da müstəqilliyi möhkəmləndirmək, müstəqil siyasətə sadiq olmaq, heç vaxt heç kimdən asılı olmamaq, heç kimin qarşısında baş əyməmək, öz qürurumuzu saxlamaq, qorumaq və ərazi bütövlüyümüzü bərpa etməkdir.

Tarixi Zəfərə imza atmaqla ərazi bütövlüyümüzü təmin etdik, 30 illik işğala son qoyduq. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu yeni tarix yazdı. Rəşadətli ordumuz növbəti Zəfərə ötən ilin sentyabr ayında imza atdı. Bir günlük antiterror tədbirləri nəticəsində suverenliyimiz tam bərpa edildi. Dörd il bundan öncə 27 sentyabr tarixi Zəfərə, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa edilməsinə gedən yolun başlanğıcı kimi tarixə yazılıb.

Cənab İlham Əliyev Qarabağ Universitetinin müəllim və tələbə heyəti ilə görüşdə bir daha bildirdi ki, biz bütün dünyaya və bu gün işğaldan əziyyət çəkən, hətta müstəmləkəçilikdən əziyyət çəkən xalqlara göstərdik ki, inamla yaşamaq lazımdır. Ədalətə çatmaq üçün sən gərək onu əldə edəsən, o, göydən düşməz. Ona görə gələcək fəaliyyətimiz üçün də bu, əsas olmalıdır.

Samir Qocayev,
​Yeni Azərbaycan Partiyası Goranboy rayon təşkilatının sədri