24 sentyabr 2024 00:56
435

Kanadanın regiona “qarmaq atmağa” nə haqqı var?

Təcavüzkar Ermənistan üçün dəridən-qabıqdan çıxan ölkələrdən biri də hayların qondarma “soyqırımı”nı tanıyan Kanadadır. Elə 44 günlük İkinci Qarabağ müharibəsi və lokal xarakterli antiterror tədbirləri zamanı erməni lobbisinin əsiri olan Kanadanın ermənipərəst mövqe sərgiləməsi, böhtanlarla dolu bəyanatlar səsləndirməsi bunun nəticəsi idi. Hətta Kanada müharibə zamanı Azərbaycanın işğalçı Ermənistan ordusuna qarşı “Bayraktar TB2” pilotsuz uçuş aparatlarından istifadə etməsinə görə 2020-ci ilin oktyabrında Türkiyəyə müdafiə sənayesi məhsullarının ixracına embarqo tətbiq etmişdi. Halbuki, regiondan min kilometrlərlə uzaqda yerləşən Kanadanın Cənubi Qafqazda  baş verən  proseslərə heç bir aidiyyəti yoxdur. Bu mənada Kanadanı Cənubi Qafqazın yuyulmamış çömçəsi adlandırmaq olar.

Təəssüf ki, bu gün də bu ölkə Hayastan “naminə” Azərbaycana qarşı hədyanlar yağdırmaqda davam etməkdədir. Belə ki, ölkəmizə qarşı hər zaman qərəzli mövqeyi ilə seçilən Kanadanın xarici işlər naziri Melani Coli yenə əvvəlki kimi ermənipərəst fikirləri ilə gündəmə gəlib. Öz işini Fransa Prezidenti Emmanuel Makronun təlimatları əsasında quran kanadalı nazir  sentyabrın 22-də verdiyi bəyanatda beynəlxalq hüququn norma və prinsiplərini pozaraq Azərbaycanın bölgədə yaratdığı yeni reallıqları növbəti dəfə təhrif etməyə cəhd göstərib. O, bəyanatında guya ermənilərin Azərbaycanın Qarabağ bölgəsini məcburi şəkildə tərk etməsi barədə əsassız ittiham irəli sürüb. Açıq-aşkar görünür ki, xanım nazir bölgədəki reallıqlardan tamamilə məlumatsızdır. Amma bunu birmənalı şəkildə qəbul etmək doğru olmaz. Çünki dərindən analiz edəndə məlum olur ki, Colinin bu şəkildə sayıqlaması onun qatı ermənipərəstliyindən qaynaqlanır.       

Şübhəsiz, kanadalı nazirin Azərbaycanın öz suveren ərazilərində heç bir mülki şəxsi hədəfə almadan həyata keçirdiyi antiterror tədbirləri barədə erməni diasporu tərəfindən təbliğ olunan yalan rəvayətlərə istinad etməsi  Kanadanın rəsmi Bakıya qarşı açıq qərəzli mövqeyinin göstəricisidir.  Halbuki, erməni əsilli şəxslər Qarabağ bölgəsini könüllü tərk ediblər. Hətta bu faktı beynəlxalq qurumlar, eləcə də Ermənistan rəsmiləri təsdiqləyiblər. Bu mənada Ermənistanın bir milyon azərbaycanlını etnik təmizləməyə məruz qoymasına, Azərbaycan ərazilərini otuz il işğal altında saxlayaraq talan etməsinə və yüz minlərlə Qərbi azərbaycanlının geri qayıdışına imkan verməməsinə göz yuman, bir sözlə, ölkəmizin bu kimi çağırışlarına heç vaxt dəstək və maraq göstərməyən bir ölkənin  bölgəmizdə sülh və təhlükəsizliyin necə bərqərar olması barədə   moizə oxumağa mənəvi haqqı yoxdur. Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadənin bildirdiyi kimi, bu cür təxribatçı və qərəzli bəyanatlar regionun beynəlxalq hüququn prinsiplərinə hörmət əsasında gələcək inkişafı və tərəqqisinə maneədən başqa bir şey deyil.  

Bütün bunlar göstərir ki, Kanada Azərbaycanın öz suverenliyini və ərazi bütövlüyünü tam bərpa edərək beynəlxalq hüququn aliliyini təmin etməsini qəbul etmək istəmir və bölgədə yenidən münaqişə yaratmağa çalışır. Şübhəsiz, Ermənistandakı Avropa İttifaqının  “mülkü” missiyasına müşahidəçi göndərən, təcavüzkar ölkəyə  maliyyə yardımları ayıran qeyri-Avropa ölkəsinin, daha doğrusu, rəsmi Ottavanın rəsmi Bakıya qarşı qərəzli addımlarının arxasında  dünyaya “demokratiya dərsi” keçməyə cəhd edən Makron Fransası  dayanır. Əminliklə demək olar ki, Makronun oyuncağına çevrilən Kanada da özünün düşünülməmiş siyasəti ilə Fransa kimi Cənubi Qafqazda biabırçı fiaskoya uğrayacaq.

Bu məqamda Prezident  İlham Əliyevin bir neçə il öncə Kanada ilə bağlı söylədiyi bu fikri də xatırlatmaq yerinə düşər: "...Kanadanın Xarici İşlər Nazirliyi Azərbaycanla, bizim daxili işlərimizlə bağlı bəyanat verir. Nə haqqı var? Kim buna belə bir haqq verib? Özünü nə sayır Kanada? Bəlkə bu, superdövlətdir, biz bilməmişik. Bu, bəlkə ikinci Lüksemburqdur, ikinci superdövlət yaranıb, bunu bilməmişik. Otursun öz işləri ilə məşğul olsun”.

Qvami Məhəbbətoğlu, “İki sahil”