Ölkəmizə qarşı səlib yürüşünə keçən ABŞ və Fransa Ermənistana siyasi və hərbi dəstək verməklə 4 ildir ki, sülh müqaviləsinin imzalanmasına mane olur. Görünən odur ki, ABŞ və Fransa başda olmaqla, Qərb ölkələri artıq tarixin zibilliyinə atılan "Dağlıq Qarabağ münaqişəsi"ni canlandırmaq üçün sistemli addımlar atır. ABŞ Konqresində Azərbaycanın Qarabağa “təcavüzü” ilə bağlı “Artsax Gəlirlərinin Bərpası Aktı"nın müzakirəyə çıxarılması da bölgədə yenidən gərginlik yaratmaq istəyən qüvvələrin növbəti təxribatıdır. Konqresin erməni məsələsi üzrə qrupunun sədr müavini Adam Şiff və bir sıra digər konqresmenlərin 2024-cü il üçün “Artsax Gəlirlərinin Bərpası Aktı”nın 18 sentyabrda qəbul edilməsinə dair təklifi Qarabağı könüllü tərk etmiş ermənilərin hüquqlarından çox, ölkəmizin suverenliyi və ərazi bütövlüyünə təhdididir. Şiff və digər konqressmenlərin tələblərinə əsasən, Azərbaycanın suveren aktivlərinə sahib olan bütün ABŞ maliyyə institutlarından bu aktivlər barədə ABŞ Xəzinədarlığının Xarici Aktivlərə Nəzarət Ofisinə məlumat verməli, qanunun qəbulundan sonra 60 gün ərzində prezident bu aktivlərlə əməliyyatları bloklamalı, blokdan sonra isə 90 gün ərzində onlara həbs qoymalıdır. Onların fikrincə, "Artsax Gəlirlərinin Bərpası Fondu” Azərbaycanın müsadirə edilmiş aktivlərini alacaq və daha sonra bu vəsaitləri Azərbaycanın “hərbi hücumu” nəticəsində əmlakı, biznesi və iş yerlərini itirmiş “Artsaxdan” didərgin düşmüş ermənilərə kompensasiya vermək üçün istifadə edəcək.
Aydındır ki, bu təklif dövlətin suveren aktivlərinin talanması deməkdir. Halbuki, rəsmi Bakı Qarabağ bölgəsində yaşayan erməni sakinlərin reinteqrasiyası ilə bağlı dəfələrlə öz açıq və sülhpərvər mövqeyini ortaya qoyub. Hələ bir il bundan əvvəl reinteqrasiya ilə açıqlanan planda Qarabağ ermənilərinin yaşadıqları ərazilərin fiziki və sosial infrastruktur təminatı (təhsil, səhiyyə, enerji, qaz, su, yol, rabitə, meliorasiya və s.) müəyyən müddət ərzində ölkə üzrə orta göstəricilər səviyyəsinə çatdırılması, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında iqtisadi inkişafın sürətləndirilməsi üçün təşviq paketi, o cümlədən vergi və gömrük güzəştləri, sahibkarlıq fəaliyyəti üçün güzəştli kreditlər, faizlərin subsidiyalaşdırılması, kreditlərə zəmanətin verilməsi nəzərdə tutulurdu. Həmçinin yerli fermerlərə subsidiyalar verilir və onlar torpaq vergisi istisna olmaqla, bütün vergilərdən azad edilir, onlara güzəştlər, sosial xidmətlər və məşğulluq proqramları şamil edilirdi. Azərbaycan tərəfinin dəfələrlə erməni sakinlərin öz evlərində qalması və onların geri qayıtması üçün müraciətlər etməsinə baxmayaraq, Qarabağdan köçənlərin suveren Azərbaycan ərazilərinə geri dönmək niyyətində olmadığı gün kimi aydındır. Belə olan halda, Qərbin "erməni canfəşanlığı" heç də onların hüquqlarını qorumaq, yaşayışını təmin etmək demək deyil. Bu, olsa-olsa, Cənubi Qafqazda yeni münaqişə ocağı yaratmaqla Rusiya, Türkiyə və İranı təsir dairəsində salmaqdan başqa bir şey deyil. ABŞ faktiki olaraq anti-Azərbaycan siyasətinə görə ikinci Fransaya çevrilir. Vaşinqton başa düşür ki, mümkün sülh istənilən üçüncü qüvvənin regiona müdaxiləsinin qarşısında keçilməz əngəl olacaq. Odur ki, bölgədə gərginliyin yenidən yaranması üçün, belə demək mümkünsə, dəridən-qabıqdan çıxır.
Qeyd etmək yerinə düşər ki, bu ilin aprelində ABŞ və onun müttəfiqlərinin Ermənistan üçün yeni “Marşal Planı” cızması Avropa Sülh Fondunun, ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin Ermənistana "səxavətli" yardımlarının davamı kimi görmək olar. Burada məqsəd artıq tarixə atılmış “Qarabağ problemi”ni yenidən “canlandırmaq” və Ermənistanı Qarabağ uğrunda yeni müharibəyə hazırlamaqdır. Bununla onlar Ermənistana yeni ümidlər verərək onların mövqeyinin dəyişməsinə çalışırlar. Bunun nəticəsidir ki, bu gün artıq Ermənistan daha çox “Dağlıq Qarabağ”dan danışmağa başlayıb, bu ölkənin Xarici İşlər Nazirliyi və baş nazir “etnik təmizləmə”dənbəhs edirlər.
Ermənistan rəsmilərinin "sülh sazişi" layihəsini razılaşdırılmamış müddəalar çıxarılmaqla imzalanması çağırışı, bununla ikitərəfli münasibətlərdə mövcud problemlərin həllini növbəti mərhələyə saxlamaq cəhdləri qəbuledilməzdir. Bir daha xatırladırıq ki, Ermənistan tərəfinin "sülh sazişi" layihəsini hansı formada imzalamaq niyyətindən asılı olmayaraq, Azərbaycanla Ermənistan arasında real və davamlı sülh müqaviləsinin imzalanması üçün əsas şərt, başda "Ermənistan və Dağlıq Qarabağın birləşməsi"nə çağıran Ermənistanın Müstəqillik Aktına açıq şəkildə istinad edən Ermənistan Konstitusiyası olmaqla, bu ölkənin çoxsaylı hüquqi və siyasi sənədlərində təsbit edilmiş Azərbaycana qarşı davam edən ərazi iddialarına son qoyulmasıdır. Prezident İlham Əliyev də dəfələrlə vurğulayıb ki, Ermənistanın Konstitusiyasında və digər normativ hüquqi sənədlərində Azərbaycana qarşı ərazi iddialarına tam şəkildə son qoyulmalıdır. Ermənistanın Konstitusiyasına dəyişikliyi məsələsi onun daxili işi sayılsa da, orada Azərbaycana qarşı ərazi iddialarının olması, təbii ki, Azərbaycanı narahat edən əsas məqamdır. Sülh müqaviləsinə nail olunması üçün Ermənistan Konstitusiyasında edilməli olan dəyişikliklər referendum yolu ilə həyata keçirilməlidir. Erməni xalqı da nəhayət ki, öz mövqeyini bildirərək məlum “miatsum”, yəni Qarabağı Ermənistanla birləşdirmək kimi utopik iddialarına, bütün ərazi iddialarına, irtica siyasətinə son qoyulduğunu və Azərbaycanla sülh şəraitində yaşamaq niyyətini konstitusion əsasda ifadə etməlidir və ümumxalq referendumunda öz mövqeyini bildirməlidir. Qərbin diktəsi ilə Ermənistanın həyata keçirmək istədiyi Azərbaycanın da mane olduğu “a” plan baş tutmayanda indi də “b” planını həyata keçirmək istəyən Qərbin ölkəmizə qarşı təhdidləri gözləntiləri doğrultmayacaq. ABŞ və onun əlaltı ölkələri yaddan çıxarmamalıdırlar ki, Cənubi Qafqazda bütün iqtisadi və nəqliyyat layihələrinin reallaşmasında həlledici söz sahibi Azərbaycandır. Hazırda Mərkəzi Asiyanın enerji ehtiyatlarının Avropa bazarlarına alternativ yolla çatdırılmasında əsas tranzit ölkə kimi məhz Azərbaycan qəbul olunur. Bu xüsusda ABŞ-nın istənilən təxribatına qarşı Azərbaycanın cavabı kəskin olacaq.
Şəmsiyyə Əliqızı, “İki sahil”