24 sentyabr 2024 00:43
402

Prezident ölkəmizin qarşısında dayanan yeni vəzifələri elan etdi

Yeni formalaşan parlament öz işi ilə ölkəmizin hərtərəfli inkişafına  töhfəsini bundan sonra da verəcək və Azərbaycanın dayanıqlı inkişafı təmin ediləcək

Dövlət başçısı İlham Əliyev VII çağırış Milli Məclisin ilk iclasında bir daha bu çağırışı etdi ki, gələcək planlarımızı həll etmək, o cümlədən vətəndaşların sosial rifahını yaxşılaşdırmaq üçün iqtisadiyyat daim inkişaf etməlidir

2024-cü il müstəqillik tariximizə seçki ili kimi yazılacaq. Ötən ilin 20 sentyabr tarixində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun həyata keçirdiyi bir günlük antiterror tədbirləri nəticəsində suverenliyimizin tam bərpa edilməsi ilə ölkəmiz yeni dövrə qədəm qoydu. Bu yeni dövr qürurverici hadisələrlə başladı. Belə ki, müstəqillik tariximizdə ilk dəfə olaraq bütün ölkə ərazisində 7 fevral tarixində  növbədənkənar prezident və 1 sentyabrda  parlament seçkiləri keçirildi. Bu seçkilər, eyni zamanda, Azərbaycanın demokratik inkişaf tarixinə yeni səhifələr yazdı. Demokratik dəyərlərə sadiqliyini sözdə deyil, əməldə təsdiqləyən Azərbaycan bu seçki proseslərini də beynəlxalq standartlara uyğun keçirilməsi üçün bütün zəruri addımları atdı.

Sentyabrın 23-də yeddinci çağırış Milli Məclisin ilk iclasında iştirak edən dövlətimizin başçısı İlham Əliyev çıxışında bir daha bu kimi məqamlara xüsusi diqqət yönlətdi. Ölkə Prezidenti proqram  xarakterli nitqində hazırkı dövrə kimi əldə edilmiş nəticələri təhlil etdi və qiymətləndirdi, ölkəmizin və xalqımızın qarşısında duran əsas vəzifələri açıqladı və əsaslandırdı.  Yeni  formalaşan parlamentə uğurlar arzulayan ölkə Prezidenti qanunverici orqanın qarşısında dayanan vəzifələri də açıqladı və belə bir əminliyi ifadə etdi ki, Milli Məclis və onun deputatları öz işi ilə ölkəmizin hərtərəfli inkişafına öz töhfəsini bundan sonra da verəcək və Azərbaycanın dayanıqlı inkişafı təmin ediləcəkdir.

Daim qeyd etdiyimiz kimi, yeni dövr yeni hədəflərin müəyyənləşdirilməsini bir zərurət kimi qarşıya qoyur. Bu hədəflər islahatlar prosesinin dərinləşdirilməsini qarşıya mühüm vəzifə kimi qoyur ki, qanunverici orqan da bu prosesdən kənarda qala bilməz. Cəmiyyətin idarə olunmasında, ölkənin hərtərəfli inkişafında qanunların rolunu nəzərə alanda hazırkı yeni dövrdə parlamentin qarşısında dayanan vəzifələrin özünü aydın şəkildə nümayiş etdirdiyini görmək olur.   

Cənab İlham Əliyev çıxışında Azərbaycanın ayrı-ayrı sahələrdə qazandığı uğurlardan geniş bəhs edərək ölkə qarşısında dayanan vəzifələrə diqqəti yönəltdi. İkinci Qarabağ müharibəsi və antiterror əməliyyatı nəticəsində suverenliyimizin tam bərpa edilməsi ölkə qarşısında yeni imkanlar, yeni üfüqlər açır. 30 ilin işğalı arxada qaldı. İndi ölkəmiz genişmiqyaslı quruculuq, inkişaf mərhələsinə qədəm qoydu və nəticələr də göz qabağındadır. Son 3-4 il ərzində ölkəmizin beynəlxalq mövqeləri daha da möhkəmləndi. Azərbaycan dövləti İkinci Qarabağ müharibəsinin və antiterror əməliyyatının nəticələrini bütün dünyaya qəbul etdirə bildi. «Halbuki bunu qəbul etmək istəməyən ölkələr və dairələr var idi, bu gün də var. Biz hamımız bunu yaxşı görürük ki, bizə qarşı əsassız ittihamlar, ikili standartlar əsasında qurulmuş ittihamlar davam edir. Ancaq bu, nə bizim iradəmizə, nə xalqımızın iradəsinə heç cür təsir edə bilməz» fikirləri ilə dünya güclərinin ikili standartlara əsaslanan siyasətinin yaratdığı problemləri diqqətə çatdıran cənab İlham Əliyev onu da vurğuladı ki,  dövlət suverenliyinin bərpa edilməsindən cəmi bir il keçir. Üç gün bundan əvvəl  artıq bu günü bayram günü kimi qeyd etdik.  Bununla bərabər,  arxayınlaşmaq üçün heç bir əsas yoxdur. Bu şanlı tarixi qəlbimizdə əbədi yaşadacağıq. Azərbaycan xalqı, bütün gələcək nəsillər bu şanlı Qələbə ilə haqlı olaraq fəxr edəcəklər: «Ancaq ölkə qarşısında duran vəzifələr icra edilməlidir ki, biz daim inkişafda olaq, öz gücümüzü artıraq və Azərbaycan xalqının bundan sonra da təhlükəsiz həyatını təmin edək.»

Tarixi Zəfərimizin, ərazi bütövlüyümüzün  və suverenliyimizin tam bərpası fonunda Azərbaycanın bütün sahələrdə, o cümlədən xarici siyasətdə qazandığı uğurlar və onların bəzi dairələr tərəfindən böyük qısqanclıq hissi ilə qarşılandığı əsaslı şəkildə diqqətə çatdırıldı.

Xarici siyasətimiz  milli maraqlarımıza əsaslanır. Tərəfdaşlıq, qarşılıqlı faydalı əməkdaşlıq vasitəsilə regionumuzda və daha geniş coğrafiyada təhlükəsizlik, sabitlik istiqamətində ölkələrlə yaxın əlaqələrin qurulması Azərbaycanın prioritetlərindən biridir. Yerləşdiyi coğrafi məkana, malik olduğu təbii resurslara görə daim dünyanın diqqətində olan ölkəmizin inkişaf strategiyası gələcəyə  daha inamla baxmağa əsas verir. Xarici siyasətimizin dəyişməz prinsipləri uğurlarımızın davamlılığında əhəmiyyətli rol oynayır. Böyüklüyündən, kiçikliyindən asılı olmayaraq bütün dövlətlərlə bərabərhüquqlu, qarşılıqlı maraq və hörmət prinsipləri əsasında əlaqələr quran Azərbaycanın ikitərəfli, eyni zamanda, beynəlxalq təşkilatlar çərçivəsində əlaqələrinin inkişaf səviyyəsi göz qabağındadır. Möhkəm təməl, qarşılıqlı etimad üzərində qurulan  əlaqələr tarixi Zəfərimizdən ötən dörd  ildə yeni istiqamətlər üzrə sürətlə inkişaf etməkdə, əməkdaşlığın gələcək inkişafına öz töhfəsini verəcək addımlar atılmaqda, mühüm sənədlər imzalanmaqdadır.

Azərbaycan ölkələr arasında əlaqələrin inkişafında qarşılıqlı etimad mühitinin qorunmasına və inkişaf etdirilməsinə xüsusi diqqət göstərir. Bu isə öz növbəsində əməkdaşlıqda yeni prioritetlərin müəyyənləşdirilməsinə və uğurlu inkişafına yol açır. Azərbaycan tarixi Zəfərindən, eyni zamanda, ötən ilin sentyabrında suverenliyini tam bərpa etməsindən sonra yeni dövrə qədəm qoyub. Bu dövrün öz hədəfləri vardır. Bu mühüm məqam xüsusi qeyd edilir ki, güclü iqtisadiyyat, güclü ordu, daxili sabitlik, xalq-iqtidar birliyi xarici siyasətimizin əsas amilləridir. Xarici siyasət  daxili siyasətin davamıdır. Cənab İlham Əliyev daim uğurlarımızın təhlili əsasında belə bir əminliyi ifadə edir ki,   bundan sonra da xarici siyasətimiz çox aydın olacaq, açıq olacaq və bu gün dünya ictimaiyyəti bizim siyasətimizi bəyənir və dəstəkləyir. Əgər belə olmasaydı, 155 ölkə bizi BMT Təhlükəsizlik Şurasına üzv seçməzdi. Əgər belə olmasaydı, 120 ölkə bizi Qoşulmama Hərəkatına sədr seçməzdi. Əgər belə olmasaydı, dünya birliyi COP29 Konfransının Azərbaycanda keçirilməsi ilə bağlı qərar qəbul etməzdi. Dövlətimizin başçısı 7-ci çağırış Milli Məclisin ilk iclasında diqqəti Azərbaycanın mötəbər tədbirə-COP29-a ev sahibliyinə yönəldərək bildirdi ki, onun Azərbaycanda keçirilməsi 200-ə yaxın ölkə tərəfindən yekdilliklə qəbul edilmiş qərardır və beynəlxalq nüfuzumuzu, hörmətimizi göstərən vacib amildir. Xarici siyasətdə bundan sonra da geriyə heç bir addımın olmayacağını vurğulayan ölkə Prezidenti  bütün qitələrdə dostlarımızın sayının artdığını bildirdi. Vurğuladı ki, biz indi - İkinci Qarabağ müharibəsindən və suverenliyimizi bərpa edəndən sonra daha fəal xarici siyasət aparacağıq.

Reallıq budur ki, əgər əvvəlki dövrdə  xarici siyasətimizin əsas istiqaməti Ermənistan-Azərbaycan münaqişəsinin həlli idisə, bu gün artıq bu məsələ demək olar ki, gündəlikdə durmur. Ona görə xarici siyasətimizin yeni istiqamətləri  müəyyənləşdirilir. Qeyd edək ki, 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev müstəqillik yolunda ilk addımlarını atan Azərbaycanın qarşısında həlli vacib vəzifələri açıqlayarkən xaricdə varlığının təsdiqlənməsini mühüm amil kimi önə çəkdi. Bunun üçün ikitərəfli və çoxtərəfli çərçivədə əlaqələrin qurulması, diaspor quruculuğu  qarşıda əsas hədəf kimi dayandı. Azərbaycanın düşünülmüş və məqsədyönlü siyasət nəticəsində  sabitlik diyarı kimi nüfuz qazanması, zəngin təbii resurslarından səmərəli istifadənin  həyata keçirilməsi ikitərəfli əlaqələrinin inkişafında əhəmiyyətli rol oynadı. Həmçinin ölkəmizin müstəqil siyasət yürütməsi və bunu atdığı addımlarında təsdiqləməsi də  beynəlxalq münasibətlər sistemində yeri və rolunun möhkəmləndirilməsində stimulverici amil rolunu oynadı. Azərbaycan qısa müddətdə yeni dostlar, tərəfdaşlar qazandı, əməkdaşlıq məkanı kimi diqqətdə oldu. Ölkəmizin yerləşdiyi coğrafi məkan dövlətlər, xalqlar arasında körpü rolunu da möhkəmləndirdi. Müxtəlif dinləri, mədəniyyətləri bir araya gətirən Azərbaycan tolerant, multikultural dəyərlərin inkişafına davamlı töhfələr verən ölkə kimi tanındı. Multikulturalizm dövlətimizin siyasətinin əsas tərkib hissəsinə çevrildi.

Ümummilli Lider Heydər Əliyevin azərbaycançılıq ideologiyasının inkişaf etdirilməsi və təbliği istiqamətində atdığı addımlar, dünya azərbaycanlılarının birliyinə, həmrəyliyinə davamlı töhfələri 44 günlük müharibə tarixi Zəfərimizdə, ərazi bütövlüyümüzün, suverenliyimizin tam bərpa olunmasında öz sözünü dedi. Son 21 ilə yaxın dövrdə bu xəttin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi Azərbaycanın diplomatik uğurlarının davamlılığını şərtləndirdi. Bircə məqamı qeyd etmək kifayətdir ki, 44 günlük İkinci Qarabağ müharibəsinin rəmzinə çevrilən «Dəmir yumruq» həm gücümüzün, həm də birliyimizin dünyaya təqdimatı oldu. Tarixi Zəfərimizdən sonra dünya azərbaycanlılarının 2022-ci ildə Qarabağın tacı Şuşada bir araya gələrək V Zəfər Qurultayını keçirmələri də bu məkandan dünyaya həmrəyliyimizin, birliyimizin nümayişi oldu. Bu il tarixmizə  Şuşadan türk dünyasının birliyinin təqdimatı kimi yazıldı. Belə ki, bu ilin iyul ayında Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının qeyri-rəsmi Zirvə görüşünün Şuşada keçirilməsi özündə bütün məqamları ehtiva edir. Dövlət başçısı İlham Əliyev yeni dövrün yeni hədəflərini açıqlayarkən xarici  bu çağırışı etdi ki, bizim ailəmiz türk dünyasıdır. Biz özümüzü çox yaxşı hiss edirik. Türk Dövlətləri Təşkilatına üzv olan bütün ölkələrlə qardaşlıq münasibətlərimiz var və bizim siyasətimiz Türk Dövlətləri Təşkilatını gücləndirməkdir. Bu, böyük coğrafiyadır, böyük ərazidir, böyük hərbi gücdür, böyük iqtisadiyyatdır, təbii sərvətlərdir, nəqliyyat yollarıdır, gənc əhalidir, artan əhalidir və bir soydan, kökdən olan xalqlardır. Bundan güclü birlik ola bilərmi? Əlbəttə ki, yox. Biz müştərək səylərlə elə etməliyik ki, Türk Dövlətləri Təşkilatı qlobal arenada önəmli aktora və güc mərkəzinə çevrilsin. Buna biz ancaq birlikdə nail ola bilərik.

Dövlət başçısı İlham Əliyev VII çağırış Milli Məclisin ilk iclasındakı çıxışında «Müstəqil, prinsipial xarici siyasət bizim əsas istiqamətimizdir» söyləyərək onu da bildirdi ki, biz heç vaxt heç kimə qarşı heç bir iş görməmişdik, heç kimin işinə qarışmamışdıq. Amma bizim işimizə qarışmaq istəyənlərə də hər dəfə dərs vermişik ki, bunu etməsinlər.  Bu cəhdlərin  heç bir əhəmiyyəti yoxdur, ancaq bizim xarici siyasət istiqamətində bu amil təbii olaraq həmişə nəzərə alınacaq: «Bizimlə ikitərəfli formatda qarşılıqlı hörmət əsasında kim əməkdaşlıq etmək istəyirsə, biz ikiqat əməkdaşlıq edəcəyik. Amma əgər kimsə hesab edir ki, bizə gəlib nəsə diktə edəcək, yaxud da bizi əsassız olaraq ittiham edəcək, ya da hansısa vasitələrlə bizi qaralayacaq və sanki heç nə olmamış kimi bu ölkələrlə biz dostluq edəcəyik, bu, səhv təsəvvürdür, bu, olmayacaq.»

Azərbaycanın ikitərəfli və beynəlxalq təşkilatlar daxilində əlaqələrinin hazırkı inkişaf səviyyəsinə məmnunluq doğurur. Bunu qarşılıqlı səfərlər, ölkəmizin ev sahibliyi etdiyi, yaxud qatıldığı  beynəlxalq tədbirlərin say tərkibi də təsdiqləyir. Ölkəmizin inkişaf modelinin nümunə olduğu beynəlxalq səviyyədə xüsusi qeyd edilir. Azərbaycan bu gün sözü imzası qədər əhəmiyyətli olan ölkə kimi diqqətdədir. Regionda ölkəmizin iştirakı olmadan hansısa iqtisadi və siyasi layihənin həyata keçirilməsindən söhbət gedə bilməz. Dünya siyasətində yeniliklərin baş verməsində də Azərbaycanın tarixi Zəfərinin reallıqları əhəmiyyətli rol oynayır. Azərbaycan qlobal problemlərin həllinə  mühüm yanaşma ortaya qoyaraq daim bu çağırışı edir ki, beynəlxalq həmrəyliyin gücləndirilməsi prioritetdir. Bu baxımdan ölkəmizin yeni dövr üçün müəyyənləşdirdiyi hədəflərə diqqət yetirdikdə görürük ki, əsas çağırış budur ki, dünyada islamofobiyaya qarşı mübarizədə ön sıralarda olmalıyıq. Neokolonializmə qarşı mübarizə aparan ölkələrin yanında olmalıyıq. Neokolonializmi və o eybəcər tarixdən qalan amili Yer üzündən tamamilə silmək üçün öz dəstəyimizi göstəririk və göstərəcəyik: «Bunu neokolonializmin başında duranlar da bilsinlər ki, onlar əbəs yerə bizimlə soyuq savaşa çıxıblar. Biz geridə qalmayacağıq, biz heç vaxt müdafiə mövqeyində olmamışıq. Bizə qarşı atılan addımlara adekvat addım atacağıq və bizə qarşı məkrli planlar hazırlayanlar, əminəm ki, peşman olacaqlar.»

Azərbaycan daim anti-Azərbaycan qüvvələrin əsassız təbliğatları ilə üz-üzə olub. Ölkəmizin uğurlarını, müstəqil siyasətini həzm edə bilməyən dövlətlər, dairələr bu cəhdləri ilə diqqətdədirlər. Tarixi Zəfərimizdən, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa edilməsindən sonra bu cəhdlərin daha da artdığının şahidiyik. Dövlət başçısı İlham Əliyev VII çağırış Milli Məclisin ilk iclasında «Bizə qarşı ideoloji təxribatlar davam edir. Düzdür, onların bu günə qədər heç bir nəticəsi olmayıb, çünki bunların qarşısında xalqımızın güclü iradəsi və milli ruhumuz dayanır» söyləyərək bu reallığı da diqqətə  çatdırdı ki, istənilən ideoloji təxribatın burada kök salması qeyri-mümkündür. Ancaq bu, bizi sakitləşdirməməlidir: «Bizə qarşı aparılan çirkin oyunları ifşa etməliyik, necə ki, edirik, həm rəsmi surətdə, həm ictimai məkanda, media məkanında. Hesab edirəm ki, Azərbaycan xalqı bu gün hər şeyi yaxşı görür, hər şeyi yaxşı bilir - bizim dostumuz kimdir, düşmənimiz kimdir.» O da qeyd edildi ki, hər şeyin, necə deyərlər, açıq-aydın görünməsi bu gün daha aydındır. Çünki işğal dövründə Azərbaycana  qarşı bu qədər açıq, təxribat xarakterli addımlar olmamışdı. Çünki o işğal ölkəmizə  qarşı olan qüvvələri tam qane edirdi. Torpaqlarını itirmiş xalqın duyğularını başa düşmək üçün böyük ağıla malik olmaq lazım deyil. Bu bəladan canımızı qurtardıq və bizə qarşı olan anti-Azərbaycan qüvvələrin maskaları dərhal yırtıldı. Bu gün də  bunu görürük.

Azərbaycan hər zaman dünyaya əməkdaşlıq, birlik, həmrəylik, təhlükəsizlik çağırışlarını edir. Ölkəmiz beynəlxalq aləmdə sabitləşdirici aktor kimi nüfuz qazanıb. Azərbaycan qütbləşən dünyada yeni əməkdaşlıq formatlarının yaradılmasına çağırışlar edərək birliyin, həmrəyliyin yaradılmasına çalışır.

Artıq Qarabağ münaqişəsi həll olunub. Qarabağ Azərbaycanın ayrılmaz hissəsi olaraq qalır və əbədi qalacaq. İşğala artıq son qoyaraq, sülhə daha da yaxınlaşmışıq. Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh müqaviləsi artıq sülhün əldə edilməsinə gətirib çıxaracaq. Azərbaycan bəlli olan təklifləri irəli sürüb və bütün əzab-əziyyətlərə, bütün dağıntılara baxmayaraq sülh müqaviləsi mütləq imzalanmalıdır.

Azərbaycanın hərbi-siyasi Qələbəsinin və Ermənistanın kapitulyasiyasının təsdiqi olan 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın imzalanmasından dörd il  keçməsinə baxmayaraq Ermənistan nə sənəddən irəli gələn öhdəlikləri yerinə yetirdi, nə də Azərbaycan tərəfinin irəli sürdüyü sülh təklifinin reallığa çevrilməsi istiqamətində konkret addımlar atdı. Hər zaman olduğu kimi, qarşı tərəf yenə də himayədarlarının təklifini gözlədi. Ermənistanın müxtəlif vasitələrlə sülh müqaviləsinin imzalanması prosesinin uzanmasında maraqlı olduğu diqqətdən kənarda qalmır. Amma bir reallığı unutdu ki, Azərbaycan qalib ölkə olmaqla hazırkı dövrdə sülh gündəliyinin və yeni əməkdaşlıq formatlarının müəllifi kimi beynəlxalq aləmdə yeri və rolunu möhkəmləndirir. Həyata keçirdiyi siyasət ədalətə və beynəlxalq hüquqa söykənir. Azərbaycan Ordusunun ötən ilin sentyabr ayında həyata keçirdiyi bir günlük antiterror tədbirlərini şərtləndirən əsas amillər də məhz bunlar oldu. Cənab İlham Əliyev 7-ci çağırış Milli Məclisin ilk islasında bu məqamlara xüsusi diqqət yönəldərək bildirdi ki, qələbəmizi həzm edə bilməyən xarici dairələr bizə qarşı yeni planlar hazırlayır. Media kampaniyasının, qarayaxma, iftira, böhtan kampaniyalarının da məqsədi məhz budur. Bu mövzunu daim gündəlikdə saxlamaq və ümidlə yaşamaq ki, nə vaxtsa Azərbaycan büdrəsə, zəifləsə, yenidən bizə qarşı bu çirkin hərəkətlər başlasın. Yəni biz bunu bilməliyik. Azərbaycan iqtidarı bunu bilir, ictimaiyyət də bunu bilməlidir. Ona görə arxayınlaşmağa bizim heç cür imkanımız yoxdur: «Biz şərti sərhəddə möhkəmlənirik, çünki hər an Ermənistandan istənilən təxribat gözləmək olar və Ermənistan tərəfi həm kütləvi surətdə silahlanır, eyni zamanda, xarici ölkələrlə, özü də böyük dövlətlərlə hərbi təlimlər keçirir. Ermənistana Qərb ölkələrindən silah, sursat göndərilir.»

Görünən budur ki,  Ermənistanı Azərbaycana  qarşı yönəltmək üçün bəzi Qərb dövlətlərinin planları göz qabağındadır. Dövlətimizin başçısı bildirdi ki,  onları erməni xalqı maraqlandırmır. Erməni xalqı onlar üçün, sadəcə, bir alət, bir vasitədir ki, Azərbaycanı daim təzyiq altında saxlasınlar, Ermənistan ərazisindən istifadə edərək Azərbaycan və digər Ermənistanın qonşuları üçün təhdid mənbələri yaratsınlar və beləliklə, öz maraqlarını təmin etsinlər.

Ölkəmizə qarşı edilən bu kimi cəhdlərin qarşıya daim qətiyyətlə alınır. Ən əsası Azərbaycanın hücum diplomatiyasını uğurla davam etdirməsi ölkəmizə qarşı aparılan ideoloji mübarizənin  qarşısını almağa geniş imkanlar yaradır.  Azərbaycan yeni inkişaf dövrünü yaşayır. Prezident İlham Əliyev VII çağırış Milli Məclisin ilk iclasındakı çıxışında ölkə qarşısında duran bəzi vəzifələri açıqladı. Birinci nömrəli vəzifə hərbi gücümüzün artırılmasıdır. Baxmayaraq ki, İkinci Qarabağ müharibəsi və antiterror əməliyyatı arxada qaldı, həm dünyada gedən proseslər, yeni münaqişə, müharibə ocaqlarının yaradılması və ətrafımızda gərginliyin artması, eyni zamanda, Ermənistanda revanşizm meyilləri bizi bu sahəyə daim diqqət göstərməyə vadar edir. Cənab İlham Əliyev bu çağırışı etdi ki,   yerli hərbi sənaye kompleksimizi  daha sürətlə inkişaf etdirməliyik. Bu il bu məqsədlə böyük vəsait ayrılmışdır və gələn il də ayrılacaq. Bütün hərbi zavodlarımızda genişmiqyaslı modernləşmə işləri aparılır. Yeni avadanlıq, texnika, silah-sursat istehsal olunur. Bir neçə xarici tərəfdaşla yeni istehsalat sahələrinin yaradılması artıq praktik müstəviyə keçib. Növbəti bir-iki il ərzində  hərbi sənaye kompleksimiz daha böyük olacaq. Yerli hərbi sənaye kompleksinin yaradılması hər bir ölkənin ümumi gücünü və inkişafını göstərir. Xarici mənbələrdən daha az asılı olmalıyıq. Bu asılılığı tam aradan qaldırmaq mümkün olmayacaq. Bunu da biz bilməliyik. Amma maksimum dərəcədə özümüzü yerli istehsalla təmin etməliyik: «Bu sahədə, xüsusilə müasir dövrdə tətbiq olunan texnoloji yeniliklər bizim ümumi intellektual potensialımızı gücləndirəcək. Çünki bu sahədə çalışan kadrlar, öz işlərini tamamilə yeni, texnoloji və metodoloji əsaslar üzərində qururlar və quracaqlar. Minlərlə yeni iş yeri yaradılacaq. Artıq bütün bunlar bizim təkcə planlarımız deyil, həyata keçirilən layihələrdir. Təbii olaraq, bu layihələr haqqında geniş danışmağa ehtiyac yoxdur. Sadəcə olaraq bildirməliyəm ki, bu da bizim növbəti illər üçün əsas vəzifələrimizdən biri olacaqdır.»

Azərbaycan Prezidenti Qarabağ və Şərqi Zəngəzurun bərpasının da ölkə qarşısında duran vəzifə olduğunu söyləyərək qeyd etdi ki, ancaq biz əgər hərbi sahəyə diqqətimizi azaltsaq və oraya ayrılan vəsaiti lazımi səviyyədə təmin etməsək, gələcəkdə bizi problemlər gözləyə bilər.

İşğaldan azad edilmiş ərazilərimizdə genişmiqyaslı bərpa və quruculuq işləri uğurla davam etdirilir. Azərbaycana dost ölkələr bərpa işlərinə öz töhfələrini verməyə səy göstərirlər. Dövlət başçısı İlham Əliyev yeddinci çağırış Milli Məclisin ilk iclasındakı çıxışında diqqəti bu məsələyə yönəldərək bildirdi ki, müharibədən sonra bu ilin sonuna qədər xərclənilməsi nəzərdə tutulan vəsait 19 milyard manatdır. Vəsaitin mütləq əksəriyyəti infrastruktur layihələrinə xərclənib. Səkkiz mindən çox keçmiş köçkünün artıq Qarabağ və Şərqi Zəngəzura yerləşdiyini, hər il onların sayının artacağını bildirən dövlətimizin başçısı azad olunmuş ərazilərdə həyata keçirilən infrastruktur layihələrindən danışdı. Bildirdi ki, məktəblər, xəstəxanalar, sosial obyektlər tikilir, kəndlər salınır. Bir sözlə, Qarabağ və Şərqi Zəngəzurun dirçəldilməsi üçün genişmiqyaslı işlər aparılır. «Bilmirəm, tarixdə buna oxşar bərpa işləri hansısa ölkədə aparılmışdır, ya yox. Ancaq bu fakt bir də onu göstərir ki, bu, bizim üçün həmişə ən vacib məsələ olub, - həm işğal dövründə məcburi köçkünlər üçün yeni qəsəbələr salınırdı və xüsusilə indiki şəraitdə» söyləyən cənab İlham Əliyev qeyd etdi ki, ermənilər tərəfindən dağılmış yeddi məscid yenidən quruldu.  Səkkiz məscidin inşası davam edir. Zəfər muzeyləri, işğal muzeyləri, zəfər parkları,  bu coğrafiyada belə genişmiqyaslı işləri aparmaq doğrudan da xalqımızın böyük imkanlarını göstərir. Burada söhbət təkcə maliyyə vəsaitindən getmir. Ölkəmiz texniki imkanlara malikdir. Kadr hazırlığı  yerindədir: «Əlbəttə ki, gələcək illərdə işlər daha sürətlə gedəcək. Yaxın vaxtlarda gələn ilin büdcəsi məclisdə müzakirə ediləcək. Əminəm ki, deputatlar hökumətin Qarabağ və Şərqi Zəngəzur üçün nəzərdə tutulan planlarını təsdiq edəcəklər və biz bunu təmin edəcəyik. Təbii ki, bütün bu işləri görmək üçün iqtisadi imkanımız olmalıdır… Biz ancaq öz gücümüzə arxalanmalıyıq, biz öz potensialımıza güvənməliyik.»

Bütün inkişafın əsasında iqtisadi tərəqqi dayanır. Azərbaycanın iqtisadi strtategiyasını düzgün əsaslar üzərində qurması davamlı uğurlara geniş yol açır. Dövlət başçısı İlham Əliyev sözügedən çıxışında Azərbaycanın cari ilin 8 ayında sosial-iqtisadi göstəricilərindən geniş bəhs edərək bildirdi ki, iqtisadiyyat dörd faizdən çox artıb, qeyri-neft sektorunda yeddi faiz olub. Gələcək planlarımızı həll etmək, o cümlədən vətəndaşların sosial rifahını yaxşılaşdırmaq üçün iqtisadiyyat daim inkişaf etməlidir: «Çünki biz 2018-ci ildən bu yana dörd sosial islahatlar paketi həyata keçirmişik. Bu sosial islahatlar paketinin məbləği 7 milyard manatdır və bu, 4 milyon insanı əhatə edir. Son beş il ərzində Azərbaycanda minimum əməkhaqqı 2,7 dəfə, minimum pensiya 2,5 dəfə artmışdır. Onu da bildirməliyəm, artıq göstəriş verildi ki, gələn ildən minimum əməkhaqqı və minimum pensiya yenə də artırılacaqdır.» Sosialyönümlü siyasət bir daha ümumi siyasətimizi, niyyətimizi göstərir. Gələcəkdə bu istiqamətdə siyasəti aparmaq üçün iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı, yerli istehsalın genişləndirilməsi əsas şərtdir. Bu gün ölkəmizin bütün bölgələrində, həmçinin Qarabağda yeni istehsalat sahələri açılır.

Ölkəmizin ayrı-ayrı sahələrdə qazandığı uğurların qısa təhlili belə bir ümumiləşdirməyə əsas verir ki, möhkəm təməl gələcəyə daha böyük inamla addımlamağa əsas verir. Cənab İlham Əliyev daim bu çağırışı edir ki, əldə olunan uğurlarla kifayətlənməməli, daim irəli baxmalıyıq. Bu prinsipə söykənən uğurlu addımlar qarşıya qoyulan hədəflərə zamanında və yüksək səviyyədə nail olmağa stimul verir. Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, təbii ki, ölkə qarşısında bir çox digər vəzifələr var.

Yeganə Əliyeva, «İki sahil»