Tam Qələbədən sonra erməni əsilli vətəndaşlar, Ermənistandan Xankəndinə millətçilik niyyəti ilə gələnlər, bu məqsədlə silahlı fəaliyyət göstərən dəstələr Azərbaycanı tərk etdi. Xankəndidə hərbi parad keçirildi. Bu şəhərdə də quruculuq işlərinə başlanıldı. Bunlardan biri də Xankəndidə Universitet açılması oldu. Sentyabrın 20-də Xankəndi şəhərində Qarabağ Universitetinin açılışı oldu. Bu, tarixi Zəfərin məntiqi davamı idi. Tədbirdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev çıxış etdi. Bu çıxış dövlətçiliyə sonsuz sədaqət kimi dinlənildi.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Xankəndidə çıxışında dedi:“44 günlük Vətən müharibəsi onu göstərdi ki, bəlkə də heç bir ölkədə bizim cəmiyyətimiz qədər birlik nümayiş etdirən cəmiyyət yoxdur. Bizdən sonra gələn nəsil, gənclər də bu yolla getməlidirlər. Onlar, ilk növbədə, milli ruhda tərbiyə almalıdırlar, öz mədəniyyətinə, ənənələrinə, mənəvi dəyərlərinə sadiq olmalıdırlar. Heç kimin təsiri altına düşməməlidirlər, müxtəlif vədlərə aldanmamalıdırlar”.
Müəllimlərin uşaqların, gənclərin biliklərini artırmaq, eyni zamanda, onların vətənpərvərlik ruhunda tərbiyəsi üçün fəal və səmərəli işlədiklərini bildirən dövlət başçısı onu da bildirdi ki, Qarabağı heç vaxt görməyən gənclər Qarabağ uğrunda ölümə gedirdilər, ölümə getməyə hazır idilər, şəhid oldular, yaralandılar.
Cənab Prezident çıxışında böyük tarixi şəxsiyyət Heydər Əliyevin 1969-cu ildə hakimiyyətə qayıdışından sonra bütün separatçıların yuvalarının dağıdıldığını, sabitlik yaradıldğını, keçmiş “Dağlıq Qarabağ Muxtar Vilayəti”ndə azərbaycanlıların sayının 9 faizdən, təqribən 30 faizə çatdırıldığını, dəmir yolu çəkildiyini, böyük infrastruktur layihələri yaradıldığını - Sərsəng, Suqovuşan su anbarlarının, bir neçə müəssisənin yaradıldığını da xatırlatdı. 1987-ci ildə Heydər Əliyev istefaya göndəriləndən sonra yenə də separatçılar baş qaldırdılar...
Bunlar da tariximizdi və cənab Prezidentimiz bu tarixin yaddaşlarda da, tarixdə də yaşadılmasının zəruriliyini çıxışının mahiyyəti ilə yada saldı.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev qeyd etdi ki, “Əgər 2020-ci ilin noyabrından 2023-cü ilin sentyabrına qədər bizim bütün addımlarımızı və gördüyümüz işləri təhlil etsəniz görərsiniz ki, hər bir addım əvvəlki addımın məntiqi davamı idi və hər bir addımın son məqsədi 20 Sentyabr - Dövlət Suverenliyi Günü idi”
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sentyabrın 20-də Xankəndi şəhərində Qarabağ Universitetində çıxışı hər bir azərbaycanlının qüruru oldu. Bu qürurun başlanğıcı tarixi Zəfərdir...
Səbinə Xasayeva,
Milli Məclisin deputatı