“Mən dəfələrlə demişdim ki, Azərbaycan xalqı heç vaxt işğalla barışmayacaq. Dəfələrlə demişdim ki, nəyin bahasına olursa-olsun biz öz torpaqlarımızı geri qaytaracağıq. Dəfələrlə demişdim ki, düşmən öz xoşu ilə torpaqlarımızdan çıxmasa, biz onu torpaqlarımızdan qovacağıq və belə də oldu. Biz Birinci Qarabağ müharibəsindəki məğlubiyyətlə barışmadıq, güc topladıq, bütün gücləri səfərbər etdik, ordumuzu gücləndirdik, ölkə iqtisadiyyatını gücləndirdik, ölkəmizin nüfuzunu qaldırdıq və öz tarixi missiyamızı şərəflə yerinə yetirdik” -
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev
30 ilə yaxın bir dövrdə baş verənlər göstərdi ki, bir sıra dövlətlər, beynəlxalq təşkilatlar üzdə beynəlxalq prinsiplərə uyğun olaraq Azərbaycanın ərazi bütövlüyünü tanıdıqları halda ar-xada əleyhimizə iş aparırlar. Onlar hər vəchlə vaxtı uzadaraq Azərbaycan xalqını məğlubiyyətlə barışdırmağa çalışırdılar. Prezident, Ali Baş Komandan İlham Əliyev belə çirkin - ikili siyasəti tənqid edir, onları haqqın, ədalətin, beynəlxalq qanunların yanında olmağa çağırırdı.
Sentyabrın 27-də düşmən bir daha təxribat törədəndə Ali Baş Komandanımız əks-hücum əmrini verdi. Bu günü gözləyən müzəffər ordumuz döyüşlərə başladı. Təkcə ordumuz yox, bütün
ölkə bu istiqamətdə səfərbər oldu. Müharibənin 44 gündə möhtəşəm qələbəmizlə başa çatmasında xalqımızın öz rəhbərinə inamı, sevgisi böyük rol oynadı. Prezident İlham Əliyevin müharibə dövründə xarici jurnalistlərə verdiyi müsahibələr böyük uğur qazanmağımızda əvəzsiz rol oynadı. Bu müsahibələr İlham Əliyevi həm də dünya ictimaiyyətinə, güc mərkəzlərinə daha yaxşı tanıtdı. Prezident İlham Əliyevin rəşadətli bir sərkərdə kimi savaşa başçılıq etməsi göz qabağında idi. Onun bu fəaliyyəti ordumuzu daha da ruhlandırdı, daha möhtəşəm qələbələrə köklədi. Demək olar ki, hər gün yeni-yeni ərazilər düşməndən azad edilirdi.
Üçtərəfli birgə bəyanatın imzalanması İkinci Qarabağ müharibəsində Ermənistanın rüsvayçı hərbi təslim aktı idi. Çünki hərbi əməliyyatların başladığı ilk gündən etibarən Prezident İlham Əliyev Ermənistan qarşısında tək bir şərt irəli sürərək bildirmişdi ki, Ermənistanın xarici işlər naziri, müdafiə naziri və ya başqa kimsə deyil, şəxsən baş nazir N.Paşinyan işğalçı qoşunların nə zaman çıxarılacağına dair qəti fikrini söylədikdən və konkret cədvəl verdikdən sonra hərbi əməliyyatlar dayandırılacaqdır. Nəticə ondan ibarət oldu ki, Azərbaycan qarşısında 7 şərt irəli sürən N.Paşinyan Prezident İlham Əliyevin tək şərtini qəbul etməyə və onun Müzəffər Ali Baş Komandan çəkmələrinin qarşısında diz çökərək hərbi təslim aktını imzalamağa məcbur oldu. Qazanılan qələbənin həm Azərbaycan, həm region , həm də bütün dünya üçün böyük tarixi əhəmiyyət kəsb edirdi.
Müharibədə Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan dövləti qarşısına qoyduğu başlıca məqsədə - işğal altında qalan torpaqları azad etməyə nail oldu. Qəhrəman Azərbaycan əsgəri gizir və zabitlərinin şücaəti sayəsində düşmən darmadağın edildi. Vətən torpağı heç bir zaman ölməyəcək, Azərbaycan milləti və dövləti əbədi mövcud olduqca yaşayacaq şəhid qanları ilə suvarıldı. Azərbaycan dövləti, ordusu və milləti bu müharibədən qalib çıxdı, Ermənistan isə hərbi, diplomatik-siyasi, iqtisadi, idarəçilik, ideoloji, mənəvi-psixoloji və b. baxımdan rüsvayçı şəkildə məğlub edildi. Dünyanın 50 qabaqcıl ölkəsinin orduları cərgəsində yer tutan Azərbaycan ordusu uzun illər boyu uydurulmuş “yenilməz Ermənistan ordusu” mifini darmadağın etməyə nail oldu. İşğalçı Ermənistan ordusunun 10 mindən yuxarı əsgər və zabiti fərarilik edərək döyüş meydanından qaçmaq məcburiyyətində qaldı. Azərbaycan ordusu düşmənin külli miqdarda döyüş texnikası və sursatını qənimət olaraq ələ keçirməklə təkcə Ermənistanı deyil, onu silahlandıran dövlətlərin ümidlərini darmadağın etdi, eyni zamanda onların da üzərində qələbə qazanması demək idi.
Qazanılan qələbə dünya mədəniyyəti yaradan Azərbaycan millətinin yüksək mədəniyyətinin erməni vandalizmi üzərində parlaq qələbəsi idi. Müharibənin nəticəsində Azərbaycan dövləti təkcə ərazilərini deyil, eyni zamanda mədəniyyətini barbarların işğalından azad etməyə nail oldu. Hər bir azərbaycanlının qəlbində xüsusi milli-mənəvi yeri olan Şuşa şəhərinin azad edilməsi bütün Qarabağın Azərbaycana qaytarılması demək idi. Şuşa Qarabağın tacı, açarıdır. Şuşa kimdədirsə, Qarabağ da ondadır. Şuşanın abidələr şəhəri olduğunu söyləyən ümummilli lider Heydər Əliyev onun Azərbaycan üçün müstəsna əhəmiyyətini yüksək qiymətləndirərək bildirmişdir ki, “Şuşasız Qarabağ, Qarabağsız isə Azərbaycan yoxdur”. Şuşanın işğaldan azad edilməsi və yenidən qovuşması Azərbaycanın varlığı, inkişafı və daha güclü dövlət olması demək idi. Bununla Azərbaycan dövləti və millətinin qarşısında yeni perspektivlər açılırdı.
Müharibədə Azərbaycanın hərbi-sənaye kompleksi və müasir texnologiyası Ermənistan üzərində qələbə qazandı. Dövlət büdcəsində hərbi xərclərin daim artırılması, ordu quruculuğuna xüsusi diqqətin yetirilməsi, yeni texnologiyaların işlənilməsi, tətbiqi və səmərəli beynəlxalq əməkdaşlıq nəticəsində Azərbaycanda inkişaf etmiş hərbi-sənaye kompleksi qurulmuşdu. Müasir hərbi-sənaye kompleksinin məhsulları döyüş meydanında düşmən üzərində hakim oldu. Savaşda qazanılan böyük zəfər Azərbaycan hərb mütəxəssislərinin və azərbaycanlı zəkasının Ermənistan hərbi mütəxəssisləri və “intellekti" üzərində parlaq qələbəsi oldu. Müasir silahları idarə edən Azərbaycan mütəxəssislərinın biliyi, bacarığı və zəkası üstünlüyünü təsdiq etdi. Həmin azərbaycanlı mütəxəssislərin böyük əksəriyyəti bilavasitə Prezident İlham Əliyevin liderliyində yürüdülən dövlət siyasətinin nəticəsində yetişmişdi.
Bu qələbə səmərəli və çevik Azərbaycan dövlət idarəçilik sisteminin qələbəsi idi. Qeyd etmək lazımdır ki, koronavirus pandemiyasının yaratdığı dünya böhranı, neft qiymətlərinin aşağı düşməsi, hər günü böyük məsrəflər tələb edən müharibənin aparılması ilə paralel olaraq dövlət həyatının bütün sahələrində aparılan islahatların uğurla başa çatdırılması, pandemiya ilə əlaqədar olaraq işləməyən milyonlarla insana sosial yardımların edilməsi, ali məktəblərə dövlət sifarişli yerlərin sayının artırılması, şəhid ailələri və müharibə əlilləri üçün evlərin və mənzillərin tikilməsi dünya ölkələrinin dövlətçilik tarixində nadir hadisə idi. İslahatların uğurla nəticələnməsi müharibədə zəfəri şərtləndirən amillərdən biri oldu. Bir daha aydın oldu ki, yalnız çevik və səmərəli idarəçilik dövlətin və millətin qarşıya qoyduğu məqsədlərə nail olmasının başlıca şərtlərindən biridir.
Arzu Məmmədova- Bəkirova,
İ.Məmmədov adına 261 №li məktəb-liseyin tarix müəllimi,
YAP Xətai rayon təşkilatının üzvü