Azərbaycan dövləti münaqişənin sülh yolu ilə həllinin tərəfdarı idi, lakin Prezident, Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyev hər zaman qeyd edrdi ki, danışıqlar nəticə vermədiyi halda hərb variantı da qaçılmaz olacaq. Məhz Ermənistanın 2020-ci ilin 27 sentyabr tarixində növbəti hərbi təxribatları zamanı Azərbaycan tərəfi genişmiqyaslı anti-terror əməliyyatlarına başlamaq qərarı verdi.
Prezident İlham Əliyevin davamlı olaraq həyata keçirdiyi orduquruculuğu nəticəsində dünyanın ən güclü ordularından birinə çevirilən Azərbaycan Ordusu cəmi 44 gün ərzində möhtəşəm Zəfərə imza atdı. 30 ilə yaxın müddətdə düşmən tapdağında qalan, bu müddət ərzində bütün tarixi, mədəni, dini abidələrimizin yerlə yeksan edildiyi ərazilərimiz rəşadətli Azərbaycan Orudusu tərəfindən azad edildi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın haqq savaşı həm hərb meydanında, həm də diplomatik müstəvidə gedirdi. Erməni lobbisi, eyni zamanda, anti-Azərbaycan dairələr ölkəmizə qarşı informasiya müharibəsi başladaraq müəyyən təzyiqlər göstərməyə çalışırdılar. Lakin bu dairələr Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin düşünülmüş və qətiyyətli siyasəti qarşısında geri çəkilmək məcburiyyətində qaldılar.
Döyüş meydanında sarsıdıcı zərbələr alan Ermənistan hərbi əməliyyatlar davam edən günlərdə müharibə cinayətləri törətməkdən belə çəkinmədilər. Belə ki, hərbi əməliyyatlar zonasından kilometrlərlə uzaqda yerləşən şəhər və rayonlarımız ballistik raketlər, fosforlu və kasetli bombalarla atəşə tutulur, gecə ikən öz evlərində yatan dinc sakinlərimiz erməni terrorunun qurbanı oldular. Azərbaycan Ordusu isə Ermənistandan fərqli olaraq mübarizəni müharibə qanunları çərçivəsində hərb meydanında aparır və düşmənin belini qırırdı. Rəşadətli Ordumuz qarşısında diz çökən Ermənistan kapitulyasiya aktı imzalamağa məcbur oldu. Məhz Prezidentimizin qətiyyətli siyasəti, mahir diplomatik bacarığı nəticəsində 3 rayonumuz heç bir hərbi əməliyyatlar keçirilmədən düşmənin işğalından azad edildi.
Azərbaycan Müzəffər Ali Baş Komandan və rəşadətli ordumuzun sayəsində torpaqlarımızı düşmən tapdağından azad edərək ərazi bütövlüyünü təmin etdi. Təbii haldır ki, müharibələr qansız-qadasız, itkisiz ötüşmür. Vətən müharibəsində igid Vətən övladları canlarından-qanlarından keçərək şəhid oldular, sağlamlıqlarını itirərək müxtəlif bədən xəsarətləri aldılar.
Azərbaycan dövləti, Prezident İlham Əliyev, Birinci vitse-prezident Mehriban xanım Əliyeva şəhid ailələrinə, qazilərimizə hər zaman xüsusi diqqət və qayğı göstərirlər. Bundan əlavə ölkə Prezidentinin Fərmanı ilə “YAŞAT” Fondunun yaradılması şəhid ailələri və qazilərimizə olan ali diqqətin göstəricisidir. Şəhid ailələrinin, qazilərimizin mənzil-məşiət şəraitinin yaxşılaşdırılması, bu kateqoriyadan olan şəxslərin yaranmış istənilən probleminin dövlət tərəfindən təxirəsalımaz tədbirlərlə həll edilməsi Prezident İlham Əliyevin siyasətinin əsas prioritet istiqamətlərindəndir.
Prezident İlham Əliyevin Sərəncamı ilə 27 sentyabr tarixinin Anım Günü kimi qeyd olunması şəhid ruhlarına, şəhidlərin doğmalarına ali ehtiramın göstəricisidir. Xalqımız da öz igid oğullarını heç zaman unutmayacaq. Çünki xalqımız bu igid oğulların sayəsində öz məğrurluğuna, qalibiyyətinə qovuşub, ölkəmizin ərazi bötüvlüyü, dövlət suverenliyimiz təmin edilib.
Anar Şahmuradov,
YAP Ağdaş rayon təşkilatının ideoloji işlər üzrə məsləhətçisi