Ermənistan hələ də xülyalarla yaşamaqdadır. Belə ki, təcavüzkar ölkə İkinci Qarabağ müharibəsinin və lokal antiterror əməliyyatının nəticələri ilə barışmaq istəmir. Hətta ölkədəki revanşist qüvvələr və erməni diasporu “Dağlıq Qarabağ məsələsi”nin guya həll edilmədiyinə, hələ də açıq qaldığına dair kampaniyaları intensivləşdiriblər. Baş nazir Nikol Paşinyan və xarici işlər naziri Ararat Mirzoyanın Azərbaycanın Qarabağda lokal antiterror əməliyyatı aparmasının ildönümündə etnik təmizləmədən bəhs etmələri, digər rəsmilərin Azərbaycan əleyhinə açıqlamaları bu faktı bir daha sübut edir.
Bu günə qədər sülh prosesinə mane olan Ermənistanın ölkəmizə, eləcə də Türkiyəyə qarşı ərazi iddialarını özündə əks etdirən konstitusiyasını dəyişməməsi, həmçinin heç bir funksional mahiyyət daşımayan, 30 il ərzində özünü yalnız turist kimi tanıdan ATƏT-in Minsk qrupunun formal olaraq saxlanması da məhz təcavüzkar ölkənin bu iyrənc məqsədinə hesablandığını bir daha açıq-aydın göstərir. Şübhəsiz, sözügedən məsələdə Azərbaycan əleyhinə qərəzli fikirlər səsləndirməkdə, qarayaxma, iftira, böhtan kampaniyaları təşkil etməkdə, ölkəmizi Qarabağın dağlıq hissəsində etnik təmizləmədə günahlandırmaqda, eləcə də təcavüzkar ölkəni silahlandırmaqda, müxtəlif vasitələrlə, fondlarla yardımlar, ianələr ayırmaqda, sülh prosesini pozmaqda davam edən Fransa, ABŞ kimi erməni havadarları bu kampaniyanın lokomotivi rolunu oynayırlar. Bu məsələdə onların ölkəmizin əldə etdiyi uğurları həzm edə bilməmələri də öz sözünü deməkdədir. Yəni, Azərbaycanın Qarabağda mütləq hakimiyyətini qurmasını özlərinə dərd edənlər bölgəni sülhə yox, yeni müharibəyə sürükləyirlər. Bu mənada Ermənistanın mütəmadi olaraq Azərbaycanla şərti sərhəddə atəşkəsi pozması, Qərbdən gələn hərbi mütəxəssislər tərəfindən Hayastan ordusunda təlimlərin keçirilməsi və s. təsadüfi sayıla bilməz. Açıq-aydın görünür ki, bu ölkələr hətta “erməni sevdası” naminə öz ölkələrinin imicinə xələl gəriməkdən belə çəkinmirlər.
Bir sözlə, Fransa, ABŞ bütün imkanlarından istifadə edərək Cənubi Qafqazda, eləcə də Ermənistanda vəziyyəti mürəkkəbləşməyə doğru aparmağa cəhdlər göstərirlər. Bəs İkinci Qarabağ müharibəsindən və suverenliyimizin tam bərpasından sonra daha fəal, həm də uğurlu xarici siyasət aparan Azərbaycana yönəlmiş bu addımlar nədən xəbər verir? Dəfələrlə “Dağlıq Qarabağ məsələsi, Dağlıq Qarabağ münaqişəsi öz həllini tapmışdır. Dağlıq Qarabağ adında hazırda hər hansı bir ərazi vahidi yoxdur. Azərbaycan bu məsələni həll edib, tarixi Zəfər əldə edib və dağıdılmış ərazilərdə bərpa işləri başlayıb” deyən Prezident İlham Əliyev VII çağırış Milli Məclisin ilk iclasındakı çıxışında bu suala birmənalı cavab verib. Bildirib ki, Ermənistanın arxasında dayanan ölkələr, onların fəaliyyəti, onların qəbul etdikləri qərarlar, qətnamələr, açıqlamalar - bütün bunlar onu göstərir ki, bizə qarşı bu çirkin oyun hələ bitməyib: “Bizim Qələbəmizi həzm edə bilməyən xarici dairələr bizə qarşı yeni planlar hazırlayır”. Halbuki, onlar beynəlxalq hüquq normaları çərçivəsində Cənubi Qafqazda yeni reallıqlar yaradan Azərbaycanı dəstəkləməli, onun haqq işini təqdir etməlidirlər. Onlar isə ikili standartlar, ikiüzlülük, riyakarlıq, islamofobiya, bölgədəki maraqları ilə silahlanaraq utanıb-qızarmadan Ermənistanın “müdafiə”sinə qalxıblar. Elə bu səbəbdən, yəni ətrafımızda gərginliyin, eyni zamanda, Ermənistanda revanşizm meyillərinin artması Azərbaycanı hərbi gücünü artırmağa vadar edir.
Amma bu bir həqiqətdir ki, “Dağlıq Qarabağ məsələsi”nin hələ də həll olunmadığını düşünənlər kökündən yanılırlar. Bunu həmin ölkələrin rəsmiləri də yaxşı bilirlər. Bəli, yanılırsınız, cənablar! Sizin bu xülyanız baş tutmayacaq. Belə ki, artıq Azərbaycan beynəlxalq hüquq normaları çərçivəsində öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edib. Şübhəsiz, bu, əbədi və dönməzdir. Hələ ki, həll olunmamış bir məsələ qalıb ki, o da Qərbi azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə öz doğma yurdlarına geri qayıtmalarıdır. İnşallah, rəsmi Bakı öz düşünülmüş siyasəti ilə buna da nail olacaq.
Qvami Məhəbbətoğlu, “İki sahil”