Hökumətin yeni tərkibində yer alanların kimlikləri Yelisey Sarayı üzərində erməni amilinin nüfuzu ilə yanaşı, həm də Prezidentin üz-üzə qaldığı xarici və daxili siyasi problemlərin məngənəsindəki əlacsızlığının göstəricisidir
Son vaxtlar ayrı-ayrı keçmiş müstəmləkə ölkələrində hərbi, iqtisadi və siyasi mövcudluğuna son qoyulan Fransa hökumət böhranı ilə üzləşib. Ölkə mətbuatında yer alan məlumatlardan aydın olur ki, hökumət böhranı ilk növbədə Emmanuel Makron iqtidarının apardığı qeyri-ardıcıl və səriştəsiz siyasətə görə yaşanır. Bunun da nəticəsi olaraq Fransa mütəmadi olaraq paytaxtda və əyalətlərdə indiki iqtidarın apardığı siyasətə qarşı keçirilən etirazlarla silkələnir. Bu günlərdə Makronun əleyhdarları yenidən küçələrə axışıb. Minlərlə insan seçkilərdə qalib gələn sol ittifaqın namizədi Lyüsi Kasteni Baş nazir təyin etməyən Makronun istefasını tələb edib.
Qeyd edək ki, Fransa Prezidenti Emmanuel Makron tərəfindən təyin olunan Baş nazir Mişel Barnier ötən şənbə günü yeni hökumət üzvlərinin adlarını açıqlayıb. Makronu istefaya çağıran nümayişçilər bildiriblər ki, “əgər köhnə sistem yerində qalacaqdısa, səsvermənin nə mənası vardı?”. Manifest iştirakçıları "Makron, istefa!", "Lənət olsun Barnir hökumətinə!", "Seçkilər bizdən oğurlandı!" şüarları səsləndirirlər. Onların əksəriyyəti aksiyaya solçu siyasi partiyaların, o cümlədən "İtaətsiz Fransa" və solçu qüvvələrin "Yeni Xalq Cəbhəsi" koalisiyasının bayraqları ilə gəlib. Nümayişçilərin daşıdıqları pankartlar arasında "Beşinci respublikaya son" çağırışları da var. Aksiyada iştirak edənlərin çoxu gələcək hökumətin, bəzi potensial nazirlərin sağçı siyasətçilərdən və "Respublika naminə birlikdə" prezidentyönlü koalisiya üzvlərindən ibarət olmasından da narazılıqlarını bildirirlər.
Xatırladaq ki, iyulun 7-də Fransada keçirilən seçkilərin ikinci turunda birinci olan Yeni Xalq Cəbhəsi Baş nazirliyə namizəd kimi Lyüsi Kasteni irəli sürüb. Lakin Makron Kastenin Milli Assambleyada səs almasının mümkün olmadığını bildirib və onu Baş nazir təyin etməkdən imtina edib. Sentyabrın 5-də isə Mişel Barnieri Baş nazir təyin edib. Barnier vəzifəyə gəldikdən iki həftə sonra yeni hökuməti elan edib. Fransanın yeni hökumətinə erməni əsilli nazirlər də daxil edilib. Belə ki, Astrid Panosyan-Buve əmək və məşğulluq naziri təyin olunub. Antuan Arman isə iqtisadiyyat, maliyyə və sənaye naziri vəzifəsini tutacaq. Yeni Baş nazir Mişel Barnir və daxili işlər naziri Bruno Retayonun aşkar ermənipərəst olduqları sirr deyil. Onlar 2021-ci ildə qanunsuz olaraq Azərbaycan ərazisinə keçib, Xankəndidəki separatçıları ziyarət ediblər. Hər ikisi Azərbaycanda arzuolunmaz şəxs elan olunublar. Makrona qədər heç bir prezidentin dövründə ermənilərə belə etimad göstərilməyib. Düzdür, Fransa nazirlərinin ermənilərlə xüsusi yaxın münasibətləri olub, amma erməni əsilli şəxs nazir olmayıb. Bu ilin fevralında Fransanın mənzil-tikinti naziri postuna erməni əsilli Giyom Kasparyan təyin olunub. 36 yaşlı Kasparyan bundan əvvəl Fransa parlamentinin deputatı olub. İfrat solçuların lideri Jan Lyuk Melenşon deyib ki, Prezident Barnir Baş nazir təyin etməklə ölkədə qanunverici hakimiyyət orqanlarına keçirilmiş seçkilərin nəticələrini rəsmi şəkildə təkzib etdi. Onun sözlərinə görə, baş nazir seçkidə birincilik qazanmış “Yeni Xalq Cəbhəsi”ndən olmadığı üçün seçkilərin nəticələri xalqdan oğurlandı. “Hakimiyyətin seçkidəki məğlubiyyətindən 52 gün sonra Makron özünü avtokrat saydığını göstərdi” deyən “Yenilməz Fransa” sol radikal partiyasının deputatı Matilda Pano vurğulayıb ki, Prezident seçki məntəqələrinə gələn insanların seçiminə hörmətsiz yanaşdığını göstərib. Pano buna görə də insanları küçələrə çıxmağa və Barnierin təyinatına etiraz bildirməyə çağırıb. Eyni fikri “Yaşıllar”ın lideri Marina Tondelye də “X” sosial şəbəkəsində yazıb.
Göründüyü kimi, kabinetin yeni tərkibindəkilərin kimliyi Yelisey Sarayı üzərində erməni amilinin nüfuzu ilə yanaşı, həm də Makronun üz-üzə qaldığı xarici və daxili siyasi problemlərin məngənəsindəki əlacsızlığının göstəricisidir. Fransanın kritik dövlət postlarının artıq ermənipərəstlər deyil, birbaşa ermənilərə həvalə edilməsi bu ölkənin xarici siyasətində anti-Azərbaycan və anti-Türkiyə çalarlarının daha da tündləşəcəyindən xəbər verir. Bəli, Fransa istər rəsmi, istərsə də qeyri-rəsmi formada ölkəmizə qarşı ən ağlasığmaz vasitələri işə salaraq mübarizə aparır. Qərəz dolu qətnamələr, bəyanatlar və sair anti-Azərbaycan mahiyyət daşıyan lakmus kağızları günümüzün acı reallıqları, ümumən Fransa adına son dərəcə böyük utanc gətirən səhnələrdir. Şübhəsiz ki, zaman keçdikdən sonra ölkədə Bakıya münasibət baxımından bu gün yaşananlara görə utananlar tapılacaq. Yeri gəlmişkən, vaxtilə demokratiyanın beşiyi, ənənələrə malik məmləkət hesab edilən Fransa otuz illik müstəqilliyi olan gənc dövlətə münasibətdə aşkar həyasızlıq yolu tutur, bütün etiket qaydalarını, mənəvi dəyərləri, beynəlxalq hüquq normalarını heçə sayır. Şübhəsiz ki, vaxt gələcək Makronun prezidentliyi dövrü Fransanın qara ləkəsi kimi tarixə düşəcək. Elə Barnier kimi ermənipərəstin baş nazirliyi də həmçinin.
Sevinc Azadi, “İki sahil”