24 sentyabr 2024 23:13
319

Ümumtürk ziyasının bir parçası

Bu günlərdə dost və qardaş Özbəkistanın Cizzax Dövlət Pedaqoji Universitetinin, çoxillik ali təhsil müəssisə olmaqla bərabər, həm də elmi-tədqiqat mərkəzi kimi təkcə öz ölkəsində deyil, həm də regionda tanınan ziya ocağı özünün 50 illik yubileyini keçirəcək. Yarıməsrlik fəaliyyət müddəti gəldiyi əlliillik həyatında ancaq qardaş ölkənin təhsil müəssisələri üçün gərəkli pedaqoji kadrlar hazırlamaq, yüzlərlə elmi-tədqiqatların məhsuldar nəticələrini ortaya qoymaqla deyil, həm də ölkənin ictimai həyatındakı vətəndaş mövqeyinə görə seçilibdir. Ali məktəbin 800-ə yaxın professor-müəllim heyəti yetirmələrinə bu günün reallıqları ilə deyil, həm də o reallığın bəhrələndiyi tarixi keçmişin dərsləri ilə millətə və torpağa yararlı olmağı əxz etdirib.

Cizzax Dövlət Pedaqoji Universiteti fəaliyyətdə olduğu yarıməsrlik müddətdə yalnız Özbəkistanda deyil, onun sərhədlərindən uzaqlarda da şərəfli müəllim adını yüksəldən onminlərlə müəllim yetişdirib. Ona da əminliyimi bildirirəm ki, o müəllimlər ordusunun hər bir üzvü uğrunda millətinin mərhumiyyətlər çəkdiyi, hətta Stalin repressiyalarında həyatını itirən görkəmli özbək yazıçısı Abdulla Qədiri kimi milli kimliyin təsdiqi üçün çalışıb və çalışır. Təsadüfi deyil ki, Cizzax Dövlət Pedaqoji Universiteti fəaliyyətinin ilk vaxtlarından özbək dili və ədəbiyyatının öyrədilməsini prioritet istiqamət seçib və ötən müddət ərzində bu istiqamətdə yüzlərlə maraqlı tədqiqatlarının nəticəsini təqdim edib. Bu məhsuldarlığın nəticəsidir ki, universitet bu müddətdə qlobal dünyanın ali təhsil sisteminin tamhüquqlu üzvü olmaq üçün tutduğu yolda irəliləyir. Biz təfdaş təşkilat kimi, Cızzaxdakı həmkarlarımızın hər bir uğurunu buna görədir ki, öz uğurumuz kimi qəbul edirik. Bütün səmimiyyətimizlə qeyd edirik ki, həmin duyğuların yaşanmasında ümumi tariximiz və o tarixdən doğan faktorların oynadığı rol danılmazdır.

Yeri gəlmişkən, dilçilikdə amerikalı dilçi və antropoloq, müqayisəli və tarixi araşdırmalar üzrə mütəxəssis Morris Svadeşin adı ilə bağlı “Svadeş cədvəli” bu bağlılığın ən dərin qatlarına gedib çıxmağa imkan verir. Avtomatik alqoritmin belə, mürəkkəb elmi iş üçün sadəliyini nəzərə alsaq, sözlərin mənşəyi, təhrifi, əlifba fərqləri, qrammatika və digər bir sıra faktorları da Azərbaycan və özbək dillərinin heyrətamiz yaxınlığı göstərir. Bu yaxınlığını, ilk növbədə, dilçilər daha əhatəli görər. Amma mən coğrafi məqamda bir o qədər də yaxın olmayan iki xalqın folklorunda və əlbəttə, yazılı ədəbiyyatında mövcud üzvi yaxınlığı yaradan amillərdən bəzi nümunələr göstərmək istərdirm. O nümunələr hələ orta əsrlərdən bəri böyük Nizami və Əlişir Nəvai, Məhəmməd Füzuli və Məhəmməd Babur, Nəsimi və Munis Xorəzmi, həmçinin digərlərinin yaradıcılığında qabarıqdır. Onu da xatırladaq ki, bu qabarıqlıq ancaq mövzu və ideya deyil, həm də Azərbaycan və özbək ədəbiyyatının klassik nümunələrindəki janr eynilikləri ilə də diqqəti çəkir. Bu ədəbiyyat nümunələrində məsnəvi, rübai, qəsidə, qəzəl, qitə və başqa janrlarda yaranmış çoxsaylı ədəbiyyat nümunələrində öz müasirləri ilə bərabər, gələcəyə ismarlanan humanizm çağırışları kifayət qədərdir. Bunları şifahi və yazılı xalq yaradıcılığında-lakonik atalar sözləri və məsəllərdə olduğu kimi, nağıl və dastanların səsləndirildiyi epik janrlarda da görmək olur. İstər “Kitabi-Dədə Qorqud” və ya “Alpamış-Batır”, “Koroğlu” və “Qoroğlu”da, istərsə də “Ağ atlı oğlanın nağılı” və “Kuntuqmış”, “Tahir və Zöhrə” və yaxud “Şirin və Şokar” kimi ənənəvi süjet klişelərində bu bənzərlik heyrət doğuracaq səviyyədədir.

Milli mentalitet cizgiləri bu nümunələrin mahiyyətində yaranıb və formalaşıb. Hər iki xalqın daşıdığı dəyərlər ilk olaraq onların xalq yaradıcılığı nümunələrində, sonradan yazılı ədəbiyyatda, müxtəlif incəsənət əsərlərində boy verib. İctimai-siyasi formasiyalar dəyişsə də, dəyərlər və o dəyərlərin qidalandığı xalq yaddaşı deformasiyaya uğramadan qorunaraq saxlanılıb. Ən yaxın tariximizin faktları da bu prosesin dayanmaz olduğunu təsdiqləyir. 

Yeri gəlmişkən, Azərbaycanın görkəmli yazıçısı, ictimai-siyasi xadim Mirzə İbrahimovun ötən əsrin 70-ci illərində qələmə aldığı, Azərbaycan-Özbəkistan dostluğundan bəhs edən “Böyük dostluq” oçerkində bu prosesə stimul verən güclər barədə danışılır. Müdrik nasir bunun köklərini bütün zamanların sınağından çıxmış kulturoloji qatlarda axtarmağa çağırırdı. Təsadüfi deyil ki, 1975-ci ildə Özbəkistandan olan geniş nümayəndə heyətinin iştirakı ilə Azərbaycanda təşkil olunan Özbəkistan Ədəbiyyatı Günləri ərəfəsində qələmə alınan və bu gün də aktual olan o oçerki orada maraqlı məqamları indi də həvəslə oxumaq olur: “Vəcihə Səmədova adına qalereyada Özbəkistan haqqında təşkil olunan fotohekayə, o cümlədən monumental incəsənət-memarlıq nümunələri iki qardaş xalqın həyat-məişəti, onların tarixi nailiyyətləri haqqında bitkin ballada idi və o ballada təsəvvürümüzün genişliyini təmin edəcək səviyyədədir

Təsəvvür öz yerində, bu istiliyi öz şəxsi həyatında yaşayan çoxsaylı insanlar arasından seçdiyimiz bir nəfərin- milliyyətcə Azərbaycan türkü olan, Qazağın Salahlı kəndində doğulan, ilkin təhsil aldıqdan sonra Bakıda ancaq Azərbaycan ədəbiyyatının deyil, türk dünyasının nəhəng fikir adamlarından biri, filosof-dramaturq Hüseyn Caviddən türklüyün mahiyyətini əxz edən Maqsud Şeyxzadənin taleyində bu bağlılığın əsaslarını görə bilirik. Sonralar yaratdığı "Mirzə Uluqbəy" əsərində zaman-zaman səslənən müxtəlif suallara cavab verən Şeyxzadə, düzdür, Abdulla Qədiri kimi Stalin repressiyasının girdabına düşdü, lakin bu girdabdan 25 illik sürgünlüyə məhkum edilsə də, sonralar ikinci Vətən seçdiyi Özbəkistanda ayaq üstə dayana bildi. Bu, həmin Şeyxzadədir ki, 1997-ci il iyun ayının 18-də Ulu Öndər Heydər Əliyev onun adını belə xatırladırdı: “Maqsud Şeyxzadəni həqiqətən görkəmli insan, Özbəkistanda özünə vətən tapmış və özündən sonra çox böyük irs qoyub getmiş azərbaycanlıdır”.

Azərbaycan xalqının Ümummilli Lideri Özbəkistana rəsmi səfəri zamanı Azərbaycan və Özbəkistanın şəxsində türk dövlətləri arasında başlayan inteqrasiya prosesinin zəruriliyini ancaq siyasi ehtiyacdan deyil, həm də mənəvi tələbatdan yarandığını izah edirdi. Yenə iki xalqın timsalında böyük dövlət adamı zamanın müəyyən məqamlarında dövlətçiliyini itirsə də, həmin duyğuların təhtəlşüura köçərək yaşamasını şərtləndirən amilləri sadalayardı: “Xalqlarımız zəngin və qədim tarixə malikdirlər. Bəşər tarixinin əsrləri ərzində özbək və Azərbaycan xalqları dünya sivilizasiyasına, Şərq sivilizasiyasına nəhəng töhfələr vermişlər. Orta əsrlərdə və daha əvvəllər Şərqdə insan zəkası ilə elmdə yaradılanların hamısı bütün planetdə bəşər fikrinin inkişafında olduqca böyük rol oynamışdır. Biz "Dədə Qorqud", "Alpamış", "Koroğlu" dastanlarından iftixar hissi ilə danışırıq. Onlar həm özbək xalqı üçün, həm də Azərbaycan xalqı üçün eyni dərəcədə dəyərlidir”.

Dünyanın ən böyük siyasətçiləri arasında layiq olduğu yerdə qərarlaşan Ümummilli Lider bu gün hər iki xalqın siyasi iradəsi olan Azərbaycan və Özbəkistan respublikalarının uzun müddətdən sonra öz dövlətçiliyini qurmasını ənənələrin bərpası kimi qiymətləndirməklə bərabər, bu nailiyyətlərdə yaradıcı insanlarımızın əməyini qeyd edir, tarixi köklərimizin rol oynadığını vurğulayırdı: “Özbək xalqı da, Azərbaycan xalqı da tarixən qohum olmaqla, tarixən yaxın olmaqla bərabər, zəngin tarixi keçmişə malikdir. Dövlət müstəqilliyi şəraitində biz öz həyatımızı istədiyimiz kimi, milli ənənələrimiz, mənəvi dəyərlərimiz əsasında, görkəmli əcdadlarımızdan qalmış böyük elmi, mənəvi irs əsasında qura bilərik”.

Dəyərli həmkarlarım! Ümidvaram ki, Azərbaycanda olduğu kimi, qardaş Özbəkistanda da xalqlarımız, xüsusilə onun avanqard hissəsi olan ziyalılar, cəmiyyətlə gündəlik təmasda olan müəllimlər əcdadlarımızın mirası olan böyük elmi, mənəvi irs əsasında inkişafın nə qədər həyati əhəmiyyətli olduğunun fərqindədirlər. Bu, əlbəttə, quru sözlərdə deyil, təkcə Azərbaycan xalqının yox, Avrasiyanın XIX əsrində ən böyük fikir sahiblərindən olan Mirzə Fətəli Axundzadənin dediyi kimi, özünü əməldə göstərməlidir. Bu, XII əsr Azərbaycanının Gəncə şəhərində türk dünyasının və ümumilikdə Şərqin ən böyük dəyərlər daşıyıcısı Nizami Gəncəvinin, həmçinin ondan 250 il sonra Türküstanda, Heratda yaşasa da bugünkü sivil dünyanın ən mütərəqqi ideallarını əsərlərində ifadə edən Əlişir Nəvainin təbliğ etdikləri dürüstlük və zəhmət sayəsində meydana çıxa bilir. Bu istəyin tələbatından doğan Teymurilər intibahı Teymurilər İmperiyasında incəsənət və elmin çiçəklənməsi dövrü kimi tarixə düşdü. O da tarixin nadir hadisəsi kimi bu günə qədər özünü göstərməkdədir ki, babası Əmir Teymurun siyasətini davam etdirən hökmdar Uluqbəy Registan memarlıq ansamblının ilk nümunəsi olan Səmərqənddəki mədrəsəni tikdirdi, digər iki mədrəsəni Gicduvan və Buxarada ərsəyə gətirdi, İslam dünyasının çoxlu sayda astronom və riyaziyyatçısını bu mədrəsələrə dəvət etdi. İbrətamiz olan bu idi ki, Uluqbəy həm də müsəlman-türk dünyasında dinə proqress vasitəsi kimi baxan azsaylı hökmdarlardan biri kimi tarixə düşüb. Bunu təsdiq edən faktlardan biri odur ki, həmin mədrəsələrin divarlarında Uluqbəyin göstərişlərinə uyğun olaraq həzrəti Məhəmməd Peyğəmbərin hədislərindən elmə təşviq edən fikirlər həkk edilirdi. Onlardan birində belə yazılırdı: "Elm əldə etmək hər bir müsəlman kişi və qadının borcudur." Ümumiyyətlə, mədrəsənin üzərindəki bütün çoxsaylı yazılar insanları elm öyrənməyə təşviq edir.

Ona görə də 2023-cü ildə Ermənistan silahlı qüvvələrinin 30 ilə yaxın müddət işğalında saxladığı ərazilərimizdən biri olan Füzuli şəhərinin bərpası zamanı burada ilk ümumtəhsil məktəbi binasının məhz qardaş Özbəkistan dövlətinin tikərək hədiyyə etməsinin böyük rəmzi mənası var. Həmin ilin avqustun 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev, xanımı Ziroatxon Mirziyoyevanın Füzulidə inşa olunan Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbin açılış mərasimində iştirakı bu hədiyyənin mənəvi dəyərinə verilən qiymət idi. O qiymət Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin məktəb şagirdlərinə  təqdimatında bu cür səslənirdi: “Uşaqlar, bu məktəbi mənim qardaşım, hörmətli Şavkat Miromonoviç Füzuli şəhərinə hədiyyə edib. Xahiş edirəm ki, mənim qardaşımı səmimiyyətlə salamlayaq. Məktəbə Əmir Teymurun nəvəsi, özbək xalqının böyük oğlunun adı verilib. Bu məktəb Özbəkistan-Azərbaycan dostluğunun, qardaşlığının bir mərkəzi olacaq”.

Bu sözlərin özündə ehtiva etdiyi gerçəkliyin dərin köklərində isə ancaq qan qohumluğunun hansısa elementindən daha çox uzun əsrlərin hər cür təlatümlərindən keçərək süzülən həqiqətlərin dayandığını görmək mümkündür. Bu, həmin həqiqətlərdəndir ki, Azərbaycan Respublikası Prezidentinin Özbəkistana dövlət səfərinin davam etdiyi müddətdə mətbuata bəyanatlarla çıxışları zamanı qardaş ölkə Prezidenti Şavkat Mirziyoyev onu belə təqdim edirdi: Böyük məmnuniyyətlə qeyd etmək istəyirəm ki, Azərbaycan Prezidentinin Özbəkistana dövlət səfəri çoxəsrlik dostluq münasibətlərimizin inkişafında tarixi hadisədir. Bu gün hörmətli İlham Heydər oğlu ilə müttəfiqlik münasibətləri haqqında Müqavilə imzaladıq. Bu sənəd dövlətlərarası qarşılıqlı fəaliyyətin möhkəmləndirilməsində yeni fəslin başlanması ilə əlamətdardır. Biz bununla çoxplanlı tərəfdaşlığın hərtərəfli inkişafı kursuna möhkəm sadiqliyimizi təsdiq etdik. ... Zənnimcə, bu il 33 illiyimizin tamam olduğu qısa bir müddətdə bu sənədlərin imzalanması heç bir ölkə ilə olmayıb, birincisi, Özbəkistanın çox az ölkə ilə müttəfiqlik münasibətləri var. Sizin qarşınızda bir daha demək istəyirəm, bu gün biz tarix yazdıq. Bu tarix iki yaxın xalqın - Azərbaycan və Özbəkistan xalqlarının rifahında öz əksini tapacaq”.

Özbəkistan Prezidentinin hər iki xalqın qəlbində illər boyu salınan mənəvi körpünü hüquqi müstəviyə gətirən hadisə ilə bağlı fikirləri gələcək strateji fəaliyyətin hansı dayaqlar üstündə inkişaf edəcəyini əks etdirir. Bu, təbii olduğu qədər də xalqlarımız və dövlətlərimiz üçün əhəmiyyətli prosesin yeni mərhələyə keçməsini əks etdirən yanaşmadır. Prezident İlham Əliyevin həmin vaxt mətbuata bəyanatında səsləndirdiyi fikirlər kontekst genişliyi ilə diqqətçəkicidir. Dərin dövlətçilik baxışları ilə hər məqamda fərqlənən Prezident İlham Əliyev buna görə də imzalanan sənədin perspektiv əhəmiyyəti ilə yanaşı, onun minillərin təcrübəsindən qaynaqlandığını önə çəkirdi: “Biz bu gün Daşkənddə münasibətlərimizin yeni fəslini deyil, kitabını yazırıq. Əminəm ki, üzərimizdə dolaşan və bununla bağlı bizə xeyir-dua verən əcdadlarımızın ruhları şad olacaq. Bu gün iki qardaş xalq, iki müstəqil, güclü, suveren, nüfuzlu dövlət rəsmi müttəfiq oldular. Bu, çox mühüm xarici siyasət addımıdır və gələcək illərdə bizim münasibətlərimizi, həmçinin bir çox hallarda regional siyasəti müəyyən edəcək”.

Azərbaycan pedaqoji ictimaiyyətinin nümayəndəsi olaraq əminəm ki, yaxın tariximizdə imzalanaraq hüquqi qüvvəyə minən bu sənəd iki qardaş ölkə arasında bütün sahələrin, o cümlədən elm və təhsilin inteqrasiyasında öz sözünü deyəcək. Bu mövqedən çıxış edərək hazırda çalışdığım Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) uzun illərdən bəri əməkdaşlıq etdiyi Özbəkistanın ən böyük ali təhsil müəssisələri və tədqiqat mərkəzlərindən biri, artıq oturuşmuş ənənələri olan Cizzax Dövlət Pedaqoji Universiteti ilə əməkdaşlığımızın yeni müstəviyə çıxarılacağına əminlik. İnanırıq ki, bu əməkdaşlığımız həm pedaqoji, həm də elmi tədqiqatlarda hər iki tərəf üçün məhsuldar olacaq. Fəaliyyətini 12 fakültə, 28 istiqamət və 35 şöbədə quran pedaqoji universitet yalnız 21 minə yaxın tələbənin pedaqoji və elmi işçilər kimi yetişməsi üçün deyil, onların hər birində bəşəri ideallar formalaşdırılması kimi missiyanın daşıyıcısıdır.

Mahirə Hüseynova,
ADPU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru,
filologiya elmləri doktoru, professor