Anti-Azərbaycan dairələrdən ölkəmizə qarşı ideoloji təxribat aparmaq tapşırığını alan bu xəyanətkarların sosial şəbəkələrdəki qaragüruhçu fəaliyyəti bir daha göstərir ki, onlar bu istiqamətdə erməni lobbisi ilə eyni müstəvini bölüşürlər
Sosial şəbəkələrdə gecə-gündüz açıq şəkildə, mənəviyyatsızcasına xalqımızın mənafeyinə, ölkəmizin milli maraqlarına qarşı geniş qaralama kampaniyası aparan antimilli ünsürlər sentyabrın 23-də VII çağırış Milli Məclisin ilk iclasında ölkə başçısının çıxışından sonra daha da fəallaşıblar. Erməni lobbisinin nəzarətində olan bəzi beynəlxalq təşkilatların trolları rolunu məharətlə ifa edən başda AXCP sədri Əli Kərimli, “Milli Şura” adlı antimilli qurumun rəhbəri Cəmil Həsənli olmaqla onların orbitində fırlananlar qarğa-quzğun kimi sosial şəbəkələrə tökülüşərək ölkəmizin əleyhinə xəyanətkar fəaliyyətlərini ən iyrənc üsullarla davam etdirirlər.
Qərəzli qrant mərkəzlərinin köləsinə çevrilən bu zombi sürüsü sosial şəbəkə seqmentlərində, Ə.Kərimlinin muzdlu mirzəsi Qənimət Zahidin “Azərbaycan saatı”nda, satqın Sevinc Osmanqızının “Osmanqızı tv”sində və digər internet resurslarında ölkəmizin beynəlxalq imicinə ləkə yaxmaq, qırx dörd günlük Vətən müharibəsindəki tarixi Qələbəmizi ucuzlaşdırmaq, sabitliyi pozmaq, feyk xəbər və məlumatlarla ictimaiyyəti çaşdırmaq üçün ən çirkin üsul və vasitələrdən istifadə edirlər.
Zaman-zaman “demokratiya”, “insan haqları” kimi məhfumlardan ölkəmizə qarşı siyasi manipulyasiya, ideoloji təzyiq aləti kimi faydalanmağa çalışan anti-Azərbaycan dairələrin maşası olan bu qrant parazitlərinin əsas məqsədi milli-mənəvi, eləcə də ideoloji dayaqlarımıza zərbə vurmaqdır. Məkrli mərkəzlərdən ölkəmizə qarşı ideoloji təxribat aparmaq tapşırığını alan bu xəyanətkarların sosial şəbəkələrdəki antimilli fəaliyyəti bir daha göstərir ki, onlar bu istiqamətdə erməni lobbisi ilə eyni müstəvini bölüşürlər.
Əsassız iddialarla, şər-böhtan, uydurma yalanlarla, həqiqətlə daban-dabana zidd olan informasiyalarla silahlanan bu nihilist, qaragüruhçular həm ölkəmizin nüfuzuna zərbə vurmaq, həm də noyabar ayında respublikamızda baş tutacaq COP-29 kimi nüfuzlu beynəlxalq tədbir ərəfəsində Azərbaycanın imicinə ləkə yaxmaq, süni ajiotaj yaratmaq üçün min bir oyundan çıxırlar. Ancaq onlar anlamırlar ki, bütün bunların hamısı əbəsdir.
Təbii ki, həm ölkə daxilindəki dağıdıcı müxalifət düşərgəsinin təmsilçilərinin, həm də Avropanın ayrı-ayrı ölkələrində sərsəri, iyrənc həyat tərzi keçirən, adını “azərbaycanlı” qoyan bəzi antimilli ünsürlərin ölkəmizin əleyhinə aparılan bu şər-böhtan, “qara piar” kampaniyasının hərəkətverici qüvvəsi və siyasi trolları (bəzi dairələr tərəfindən böyük pullarla maliyyələşdirilən, şərəf, ləyaqət, əxlaq, milli qürur tanımayan sosial media canlıları) rolunda çıxış etməsi həyasızlığın və əxlaqsızlığın ən pik nöqtəsidir.
Şübhə yoxdur ki, bədxahlarımızın ölkəmizə qarşı apardıqları ideoloji təxribatların nəticəsiz qalacaq. Ölkəmizin başçısının bildirdiyi kimi, çünki bunların qarşısında xalqımızın güclü iradəsi və milli ruhumuz dayanır. Ən əsası da odur ki, qüdrətli Azərbaycan dövləti eməni lobbisinin, məkrli mərkəzlərin, eləcə də onlarla sıx işbirliyində olan antimilli ünsürlərin bütün cəhdlərinə, xarici təzyiq və təhdidlərə həddindən artıq tutarlı cavab vermək imkanlarına malikdir. Dövlətimizin başçısının vurğuladığı kimi, onların bu cür əməllərinin rəsmi, ictimai və media müstəvisində daim ifşa olunması davam etdiriləcək.
Nəhayət, istər uzun illərdən bəri ölkəmizə qarşı qərəzli münasibət sərgiləyən xarici məkrli dairələr, istərsə də “sapı özümüzdən olan baltalar” birdəfəlik bilməlidirlər ki, İkinci Qarabağ müharibəsindəki tarixi Qələbəsi ilə ərazi bütövlüyünü və suverenliyini bərpa edərək yeni dövrə qədəm qoyan, mükəmməl ideoloji, siyasi, təhlükəsizlik konsepsiyasına malik olan Azərbaycan zamanın çağırışları fonunda öz milli maraqlarına uyğun hərəkət edib və bundan sonra da edəcəkdir. Buna kimsənin zərrə qədər şübhəsi olmasın…
Zahid Rza, “İki sahil”