24 sentyabr 2024 22:09
402

Bölgənin yeni elmi-mədəni mərkəzi

Prezident İlham Əliyevin Xankəndi şəhərində Qarabağ Universitetinin yaradılması ilə bağlı 28 noyabr 2023-cü il tarixli Sərəncamı Azərbaycanın təhsil tarixində yeni bir səhifə açdı. Bütünlükdə, 30 il işğalda olan tarixi torpaqlarımızda belə bir ali təhsil ocağının yaradılması Azərbaycan xalqının arzusu idi. Qarabağ Universitetinin məhz Xankəndidə yaradılması dövlət təhsil siyasəti qarşısında yeni üfüqlər açacaq.

Sentyabrın 20-də Qarabağ Universitetinin açılışı olub və Prezident İlham Əliyev mərasimdə müəllim və tələbə heyəti ilə görüşdə proqram xarakterli çıxış edib. Həmin çıxışda qarşıya strateji hədəflər qoyulub. Yeni dövrün tələblərinə uyğun qurulan bu universitet qarşıdakı dönəmdə ən müasir standartlara cavab verəcək. Hədəf odur ki, Qarabağ Universiteti həm yüksək səviyyəli mütəxəssislər hazırlasın, həm də dövlətimizə və xalqımıza layiqli vətəndaşlar yetişdirsin.

Prezident İlham Əliyev görüşdə Azərbaycan hərbçilərinin qəhrəmanlığından, peşəkarlığından danışıb. Universitet üçün gözəl yataqxana yaradıldığını, növbəti üç ildə yeni tədris korpusları inşa ediləcəyini söyləyən dövlətimizin başçısı Qarabağ Universitetinin ölkəmizin aparıcı ali məktəblərindən birinə çevriləcəyinə ümid etdiyini bildirib.

Qarabağ Universiteti, ilk növbədə işğaldan azad olunmuş ərazilərin ümummədəni, elmi və təhsil mühitinin formalaşması, intellektual səviyyənin artırılması baxımından olduqca əhəmiyyətlidir. Bu ali məktəb tədqiqat əsaslıdır. Yəni təhsil ocağında müasir metodlardan istifadə edilərək müxtəlif sahələrdə tədqiqatlar aparılacaq. Digər tərəfdən, Qarabağ Universitetinin beynəlxalq əməkdaşlığının qurulması da perspektiv hədəflər sırasındadır. Yaxın zamanda xarici ölkələrdən universitetə müəllimlər dəvət olunacaq. İlkin mərhələdə Qarabağ Universitetində kadr hazırlığı 6 fakültədə - Pedaqoji, İncəsənət, Humanitar və sosial elmlər, İqtisadiyyat, Mühəndislik və Turizm fakültələrində aparılır.

Universitet hazırda 3 tədris binasında yerləşir. Əsas tədris binasında Pedaqoji, Mühəndislik, Humanitar və sosial elmlər, İqtisadiyyat və Turizm fakültələri, 2-ci tədris binasında İncəsənət fakültəsi, 3-cü tədris binasında isə Beynəlxalq dil mərkəzi fəaliyyət göstərir. 2024/2025-ci tədris ili üzrə Qarabağ Universitetinə 1104 nəfər qəbul olub və qəbul planı 98,5 faiz dolub. Universitetə qəbul olan tələbələrdən 101 nəfəri 600-dən, 385 nəfəri isə 500-dən çox bal toplayıb.

Vətən müharibəsindəki parlaq qələbəmizdən dərhal sonra azad olunmuş ərazilərimizdə ən müasir standartlarla tikilən məktəblər artıq fəaliyyətdədir. Bu məktəblərdə gələcəyimizin layiqli vətəndaşları oxuyurlar. Yeni yaradılan Qarabağ Universiteti isə, şübhəsiz, regionda tarixən mövcud olmuş təhsil mühitini çox yaxın vaxtda canlandıracaqdır.

Meydanəli Yolçiyev,
YAP Daşkəsən rayon təşkilatının sədri