25 sentyabr 2024 14:06
284

Artıq yeni mərhələ başlayıb

VII çağırış Azərbaycan Respublikasının Milli Məclisi ölkə tarixində dövlətin beynəlxalq hüquqla tanınan bütün suveren ərazilərini əhatə edən seçkilərlə formalaşmış ilk parlamentdir 

2024-cü ilin 23 sentyabr tarixində Prezident İlham Əliyev VII çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasında geniş çıxış edərək, ölkənin siyasi, iqtisadi və sosial sahələrində gələcək prioritetləri barədə fikirlərini paylaşdı.

VII çağırış Azərbaycan Respublikasının Milli Məclisi ölkə tarixində dövlətin beynəlxalq hüquqla tanınan bütün suveren ərazilərini əhatə edən seçkilərlə formalaşmış ilk parlamentdir. Prezident İlham Əliyev ənənəyə uyğun olaraq, Milli Məclisin ilk iclasındakı dərinməzmunlu çıxışı həm deputatlar, həm də bütövlükdə hər bir Azərbaycan vətəndaşı üçün yol xəritəsidir. Dövlətimizin başçısının bəyan etdiyi kimi, bir il əvvəl şanlı Ordumuzun uğurla reallaşdırdığı antiterror əməliyyatları nəticəsində suverenliyimizin bərpasından sonra artıq yeni mərhələ başlayıb. Bu yeni mərhələdə qarşımızda yeni vəzifələr durur.

VII çağırış Azərbaycan Respublikasının Milli Məclisi ölkə tarixində dövlətin beynəlxalq hüquqla tanınan bütün suveren ərazilərini əhatə edən seçkilərlə formalaşmış ilk parlamentdir. 

Prezident İlham Əliyev yeddinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasında çıxışı zamanı əsas məqsəd və vəzifələri bir daha diqqətə çatdırıb: “İlk növbədə Azərbaycana qarşı artan təzyiqlər səbəbindən dövlətin birinci nömrəli vəzifəsi hərbi gücün artırılmasıdır. Çünki İkinci Qarabağ müharibəsinin və antiterror əməliyyatının arxada qalmasına baxmayaraq, həm dünyada gedən proseslər, həm yeni münaqişə və müharibə ocaqlarının yaradılması və bu səbəbdən də region ətrafında gərginliyin artması, həm də Ermənistanda revanşizm meyillərinin olması Azərbaycanı hərbi sahəyə daim diqqət göstərməyə vadar edir. İkinci əsas vəzifə ondan ibarətdir ki, yerli hərbi sənaye kompleksi daha sürətlə inkişaf etdirilməlidir. Buna səbəb isə odur ki, dünya silah bazarında qıtlığın yaranması və əsas  etibarilə daha geniş coğrafiyada silah ixrac edən ölkələrin öz problemləri ilə məşğul olmasıdır. Üçüncü əsas vəzifə ölkə sərhədlərinin daha güclü şəkildə qorunmasıdır. Bununla da Azərbaycan həm xaricdən gələn təhdidlərin qarşısını daha qətiyyətli şəkildə alır, eyni zamanda daxildə təxribatlar törətməyə çalışanları neytrallaşdırır. Məhz buna görədir ki, ölkəmizin quru sərhədləri bağlıdır və bu, sabitliyin təminatında əhəmiyyətli rol oynayır. Dördüncü əsas vəzifə Qarabağın və Şərqi Zəngəzurun bərpa edilməsindən ibarətdir. İşğaldan azad olunmuş ərazilərə həyatın qaytarılması bu gün prioritet işlərdən hesab edilir. Beşinci əsas vəzifə də odur ki, cəmiyyətdəki milli birliyi daha da möhkəmləndirmək və gənc nəsli yad ideoloji təsirlərdən qorumaqdır. Heç şübhəsiz ki, bu faktorlar Azərbaycanın gələcək inkişafının əsas təminatçısıdır. Ona görə Prezident İlham Əliyevin bildirdiyi kimi elə gənc nəsil yetişdirilməlidir ki, həm bilikli, savadlı, həm Vətənə bağlı, qürurlu olmalı, həm də xarici təsirlərə boyun əyməməlidir”.

Könül Dərziyeva,
YAP Xətai rayon təşkilatının "Lütfi Zadə 6" ünvanı üzrə ərazi partiya təşkilatının üzvü