Azərbaycan xalqı güclü iradə, birlik göstərərək, 30 il davam edən işğala son qoydu. Azərbaycan dövləti öz gücünü göstərdi, xalqımız isə bütün dünyaya öz əyilməz ruhunu göstərmişdir
Vətən müqəddəsdir, ülvidir. Onun hər şeyi - dağı, daşı, torpağı, suyu, səması bizim üçün əzizdir, doğmadır. Əsrlər boyu yağı düşmən doğma yurdumuzun barlı, bəhrəli torpaqlarına, tükənməyən sərvətlərinə göz dikmiş, igid oğullarımız, qeyrətli qızlarımız tikan olub onların gözünə batmışdır. İgidlərimiz sinəsini Vətənə sipər edərək mənfur düşmənə meydan oxumuş, göz dağı çəkdirmişdir. Çox «mənəm mənəm » deyən hökmdarlar Azərbaycan iştahına düşərək bu torpağa hücum etmiş, lakin axırda qan içməkdən doymayan başlarını bu torpaqda qoymuşlar. Anamız Tomris bir qılınc zərbəsi iiə Keyxosrovun başını kəsəndə dünya heyran qaldı türk qadınının hünərinə, igidliyinə. Bəli, bu torpaq özünəlayiq igid oğullar, qızlar yetirib. Elə igidlər ki, əsrlər keçsə də onların adı xalqımızın daş yaddaşında əbədi iz buraxmış, gələcək nəsillərə örnək kimi xatirələrdə qalmışdır. Bu gün öz keçmişi ilə - Cavanşiri, Tomrisi, Babəki, Koroğlusu, Xətaisi, Cavad xanı, Xiyabanisi ilə və daha neçə-neçə igid oğlu, qızı ilə fəxr edir Azərbaycan.
XX əsrin 80-ci illərinin sonları-90-cı illərinin əvvəllərində Ermənistan Azərbaycanın tarixi torpaqlarına açıq formada ərazi iddiaları ilə çıxış etmiş və ölkəmizə qarşı hərbi təcavüzə başlamışdır. Həmin dövrdə Azərbaycanda hökm sürən hərc-mərclikdən istifadə edən Ermənistan torpaqlarımızın 20%-ni işğal etmiş, Ermənistanın həyata keçirdiyi etnik təmizləmə siyasəti nəticəsində 1 milyondan artıq azərbaycanlı öz doğma yurd-yuvasından didərgin düşmüşdür.
2020-ci il sentyabrın 27-də Ermənistan Respublikasının silahlı qüvvələri beynəlxalq hüquq normalarını yenidən kobud surətdə pozaraq, müxtəlif növ silahlardan, o cümlədən ağır artilleriyadan istifadə etməklə bir neçə istiqamətdən Azərbaycan Respublikasının yaşayış məntəqələrini və hərbi mövqelərini atəşə tutmaqla törətdikləri növbəti hərbi təxribat nəticəsində mülki şəxslər və hərbçilər arasında ölən və yaralananlar olduğu, Azərbaycan Respublikasının milli təhlükəsizliyinə qarşı real və potensial hərbi təhdidlərin qarşısının alınması və zərərsizləşdirilməsi üçün Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən əks-hücum əməliyyatlarına başlamışdır. 44 gün davam edən qanlı savaş Azərbaycan Ordusunun qələbəsi ilə başa çatdı. 44 günlük Vətən savaşının bir günü bəlkə də hər birimiz üçün 1 il qədər gərgin və həyəcanlı, qorxu dolu keçdi. Çünki Azərbaycan xalqının adına yazılmış ləkəni Azərbaycan oğulları döyüş meydanında qanı, canı bahasına təmizləyirdi. Azərbaycanın igid oğulları öz canlarını qorxmadan döyüş meydanında torpaq uğrunda fəda etdilər. Deyir torpaq su ilə qarışanda palçıq, qanla qarışanda Vətən olur. Bu Vətənin çörəyi sizə halal olsun igidlər! Bu qəhrəman oğullar bizlər rahat sivil cəmiyyətdə yaşayaq deyə, övladlarımız rahat təhsil alsın deyə öz canlarından keçdilər. Bəziləri sağlamlığını itirdi. İgidlərin qoçaqlığından bütün dünya danışdı. Bir Mübariz, minlərlə Mübariz oldu. Düşmənin gözünə dik baxdı onlar! Bunu bizə bəxş edən Rəşadətli Ordumuza və Müzəffər Ali Baş Komandana eşq olsun, - deyirik!
Mən fəxr edirəm ki, mənim böyüdüyüm torpaqda vətənini ana kimi sevən, qoruyan mərd qardaşlar, oğullar var. Bu oğullar qanla tarix yazdılar. Bu unudula bilməz!Ali Baş Komandanın "Qarabağ Azərbaycandır!" şüarı altında birləşən xalqın qəhrəmanlığı dünyaya bizim birliyimizi, iradəmizi və əzmkarlığımızı nümayiş etdirmişdir. Vətən uğrunda şəhid olanlar əsla unudulmayacaq,
Qarşınızda baş əyirik, yurdu yaşatmaq üçün can verən qəhrəmanlarımız!
Məryəm Məmmədova,
YAP Xətai rayon təşkilatının "Araz Novruzov 31" ünvanı üzrə ərazi partiya təşkilatının üzvü