25 sentyabr 2024 17:05
426

Xalqımız güclü iradə, birlik göstərərək 30 il davam edən işğala son qoydu

1980-ci illərin sonlarında başlamış Azərbaycan–Ermənistan Dağlıq Qarabağ münaqişəsi 1990-cı illərin əvvəllərindən 1994-cü ilin mayına qədər Birinci Qarabağ müharibəsinə səbəb olmuşdur. Müharibə zamanı Azərbaycan əraziləri Ermənistan ordusu tərəfindən işğal edilmişdir. İşğal nəticəsində bir milyondan çox azərbaycanlı qaçqın düşdü, münaribə zamanı isə həm Azərbaycan, həm də Ermənistan tərəfində ümumi olaraq 16–18 min insan öldürüldü, mindən çox insan itkin düşdü.

2020-ci ilin sentyabr–noyabr aylarında Ermənistan ordusunun təxribatlarına cavab olaraq Azərbaycan Silahlı Qüvvələrinin başladığı hərbi əməliyyatlar nəticəsində torpaqlarımız işğaldan azad omuşdur. 44 gün ərzində Azərbaycan Ordusu yeddi bölgəni – Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Ağdam və Laçın rayonlarını, həmçinin Şuşa şəhərini tamamilə, Xocavənd və Kəlbəcər rayonlarının geniş hissəsini, Xocalı və Tərtər rayonlarının isə bir hissəsini işğaldan azad eləmişdir. Hərbi əməliyyatlar 10 noyabr 2020-ci ildə Azərbaycan, Ermənistan və Rusiya liderləri arasında imzalanan üçtərəfli bəyanatla başa çatmışdır.

Üçtərəfli bəyanatda Ermənistan öz qoşunlarını Azərbaycan ərazisindən tam şəkildə çıxarmaq öhdəliyini öz üzərinə götürmüşdü. Lakin Ermənistan xüsusilə 2020-ci ildən sonra istehsal edilmiş silah-sursatı, o cümlədən minaları qanunsuz yollarla Qarabağın Rusiya sülhməramlılarının nəzarətində olan ərazilərinə daşıyıb, 480 kilometrədək təmas xətti boyunca yeni minalanmış ərazilər, 500-dən artıq döyüş mövqeyi və möhkəmləndirilmiş uzunmüddətli atəş nöqtəsi, müxtəlif tipli artilleriya qurğuları üçün 350-dən artıq atəş mövqeyi, kəşfiyyat-müşahidə vasitələri quraşdırıb. Bundan başqa Ermənistan ərazidə hücum əməliyyatlarını yerinə yetirə bilən hərbi qüvvələr cəmləşdirib

Bütün bunların qarşısını almaq üçün 2023-cü il sentyabrın 20-də Azərbaycan, Qarabağ bölgəsində antiterror əməliyyatı həyata keçirdi. Bu əməliyyat, bölgədəki silahlı qrupların təslim olunması və mülki əhalinin təhlükəsizliyinin təmin edilməsi məqsədini güdərək baş tutdu.

Azərbaycanın Müdafiə Nazirliyi sentyabrın 20-də gecə saatlarında da hərbi əməliyyatların aparıldığını bildirmişdir. Sentyabrın 20-də səhər saatlarında brifinq zamanı Azərbaycanın Müdafiə Nazirliyi mətbuat xidmətinin rəisi Anar Eyvazov brifinqdə çıxış edən zaman Ermənistan silahlı qüvvələrinin birləşmələrinə məxsus 7 ədəd hərbi nəqliyyat vasitəsi, 4 ədəd minaatan, 2 ədəd piyadanın döyüş maşını (PDM) və xeyli sayda silah-sursatın Azərbaycan Ordusunun bölmələri tərəfindən qənimət olaraq götürüldüyünü bildirmişdir. Həmçinin Azərbaycan növbəti dəfə Ermənistan silahlı qüvvələrinin birləşmələrini silahı yerə qoymağa və təslim olmağa çağırmışdır. Hərbi əməliyyatların aparıldığı bölgədə Azərbaycan tərəfindən erməni dilində məlumat vərəqələri paylanmışdır və səsgücləndiricilərlə həm silahlılara, həm də dinc əhaliyə müraciətlər edilmişdir. Anar Eyvazov həm də Ermənistan silahlı qüvvələri birləşmələrinin tərtibləndiyi 90-dan artıq döyüş mövqeyi, eləcə də bir neçə strateji əhəmiyyətli nöqtələrin Azərbaycan Ordusunun nəzarəti altında olduğunu bildirmişdir.

Sentyabrın 20-də bir sutkadan aza davam edən antiterror tədbirləribaşa çatdı. Bununla da ölkəmizin ərazisində separatizmə son qoyuldu və suverenliyimiz bütün ölkə ərazisində bərpz olundu. 

Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin 2024-cü il sentyabrın 19-da imzaladığı "Azərbaycan Respublikasında Dövlət Suverenliyi Gününün təsis edilməsi haqqında" Sərəncamına əsasən 2023-cü il sentyabrın 20-də Azərbaycan Respublikasının bütün ərazisində qanunun aliliyinin təmin olunduğunu və Azərbaycan Respublikasının dövlət suverenliyinin bərpa edildiyini nəzərə alaraq, hər il sentyabrın 20-si Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü kimi qeyd edilir.

Sevinc Məmmədli,
Bakı şəhəri, Xətai rayonu, T.Bağırov adına  59 nömrəli tam orta məktəbin tarix müəllimi,
YAP Xətai rayon təşkilatının üzvü