Doğma Vətənimiz Azərbaycan tarixin müxtəlif dövrlərində ciddi sınaqlarla qarşı-qarşıya qalmış, bir çox yadelli işğalçılara qarşı mübarizə aparmış və bu imtahanlardan hər zaman qalib olaraq çıxmağa müvəffəq olmuşdur.
Müasir dövr Azərbaycan tarixinin ən keşməkeşli, böyük itkilərlə, dağıntılarla, tökülən qanlarla yaddaşlarda qalan problemi isə şübhəsiz ki, 1988-ci ildən etibarən erməni separatçılılarının qanunsuz ərazi iddiaları ilə başlayan və müxtəlif xarici qüvvələrin dəstəyi ilə zaman – zaman alovlanan Qarabağ məsələsi idi. Xarici havadarlarına arxalanan Ermənistan onların köməyi ilə təkcə Qarabağı deyil,ətraf rayonları da işğal edərək torpaqlarımızın 20 faizdən artığını bütün beynəlxalq hüquq normalarına zidd olaraq ələ keçirdi və bir milyondan artıq yerli sakinin yurd – yuvasından ayrı düşərək qaçqın, məcburi köçkün həyatı yaşamasına, ölkənin ərazi bütövlüyünə nəzarətin qismən itirilməsinə səbəb oldu. Uzun sürən sülh danışıqlarının nəticəsiz qalması, BMT-nin qətnamələrinə qarşı tərəfin etinasız münasibəti, işğal olunmuş torpaqların talan olunması və qeyri – qanuni məqsədlər üçün istifadəsi dövlətimizi qətiyyətli addımlar ataraq ərazi bütövlüyümüzü təmin etməyə vadar etdi. 2020 – ci ilin sentyabr ayının 27 – də təmas xətti boyunca qarşıdurmalar başladı və bununla da tarixə İkinci Qarabağ Müharibəsi adı ilə yazılmış və torpaqlarımızın işğaldan azad olması ilə nəticələnmiş, dövlətçilik tariximizə əbədi olaraq qızıl hərflərlə həkk olunmuş 44 günlük Vətən Müharibəsi başladı. Sözsüz ki, bizə bu qürur hissini yaşadan, Ali Baş Komandanımız, ölkəmizin prezidenti cənab İlham Əliyevin başçılığı altında döyüşən Azərbaycan Respublikası Silahlı Qüvvələri, qələbəni əldə etmək üçün misilsiz qəhrəmanlıq göstərən qazilərimiz,Vətən uğruna bir an belə düşünmədən canından keçmiş əziz şəhidlərimizdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2 dekabr 2020-ci il tarixli Sərəncamı ilə 27 sentyabr – Vətən müharibəsinin başladığı gün Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq ölkəmizdə Anım Günü kimi qeyd olunur. Bu il biz artıq dördüncü ildir ki, Anım Gününü qeyd edirik.
Ermənistanın Azərbaycan torpaqlarına qarşı uzunmüddətli işğalçılıq siyasəti keçmişə söykənir. Tarixən Azərbaycan ərazilərində məskunlaşan ermənilər zamanla öz işğalçı niyyətlərini ortaya qoymuş və bu siyasət, xüsusilə Qarabağ bölgəsinə yönəlmişdir. Ermənilər Azərbaycan ərazisində məskunlaşan zamandan etibarən xalqımızın toponimlərini dəyişməyə başlamış, münbit əraziləri ələ keçirməyə çalışmış və əksəriyyət təşkil etdikləri yaşayış məntəqələrində azərbaycanlıları sıxışdırmışlar.
Ermənistanın millətçi siyasəti, xüsusilə Daşnakstyun partiyasının ideologiyasından qaynaqlanmış, 1905 – 1907 – ci və 1918 – ci illərdə yüz minlərlə soydaşımız erməni qəsbkarları tərəfindən qətlə yetirilmişdir. Xüsusilə, 1918-1920-ci illərdə ermənilər Azərbaycan xalqına qarşı dəhşətli qırğınlar törətmişlər. Bakı, Quba, Şamaxı, Qarabağ, Gəncə, Lənkəran, Muğan, Göyçay, Şamaxı, Naxçıvan, Tiflis, İrəvan, Zəngəzur kimi ərazilərdə minlərlə azərbaycanlı mülki əhali qətlə yetirilmiş, müasir Ermənistan ərazisində tarixi ata – baba torpaqlarında yaşayan minlərlə insan isə doğma torpaqlarını tərk etmək məcburiyyətində qalmışdır.
Ermənistanın "dənizdən dənizə" adlandırılan xəstə ideologiyası erməni millətçilərinin ənənəvi məqsədi olmuşdur. Bu ideyanın məqsədi Ermənistanın sərhədlərini genişləndirərək Aralıq dənizindən Qara dənizə qədər uzatmaq idi. Xüsusilə, 1948-1956-cı illər arasında bu ideyanın reallaşdırılması üçün Azərbaycanın tarixi əraziləri olan Qarabağ, Zəngəzur və digər bölgələrdə 150 minə yaxın azərbaycanlı deportasiya olunaraq Azərbaycanın Kür-Araz düzənliyində yerləşdirilmiş,həmin ərazilərdə isə ermənilərin genişmiqyaslı məskunlaşması baş vermişdir. 1987-ci ildən etibarən 300 minə yaxın azərbaycanlılnın kütləvi şəkildə öz dədə-baba yurdlarından çıxarılması bu ideyanın reallaşdırılması üçün əsas addım olmuşdur. Nəticədə 1988 – ci ildən başlayaraq “dənizdən dənizə Ermənistan” adlı sərsəm ideyasını reallaşdırmaq cəhdi çoxlu qanlı faciələrə və günahsız insanların həyatını itirməsinə səbəb olmuşdu.
Ölkəmizin ərazisinin 20 faizinin erməni işğalı altında qaldığı 30 il müddətində münaqişənin sülh yolu ilə həll edilməsi üçün dövlətimiz və Prezidentimiz əlindən gələni etmiş, siyasi dialoqdan heç bir zaman geri durmamış, münaqişənin həlli üçün yaradılmış beynəlxalq qrumlarla sıx əməkdaşlıq edərək onlara lazımi köməyi göstərmişdir. Lakin BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi daxil olmaqla, bütün beynəlxalq sənədlər yalnız kağız üzərində qalmış, işğalçı Ermənistana qarşı heç bir sanksiya, məcburetmə tədbiri görülməmişdir. Başda ATƏT-in Minsk qrupu olmaqla münaqişənin həlli üçün “çalışan” qurumlar nəinki münaqişənin həll olunması üçün ciddi iş görməmiş, azərbaycanlı qaçqın və məcburi köçkünlərin taleyi ilə maraqlanmamış, Ermənistanın torpaqlarımızda törətdiyi terror hadisələrinə, eləcə də onların törətdiyi mədəni terrora, tarixi, dini, mədəni abidələrimizin dağıdılmasına, erməni vandalizminə heç bir münasibət bildirməmiş, hətta əsrin ən qanlı hadisələrindən olan Xocalı Soyqırımı ilə əlaqədar heç bir tədbir görməmişdir. Əsrlərdən bəri ermənilər tərəfindən xalqımızın başına gətirilən bu faciələrə ilk hüquqi qiymət verən Ulu Öndərimiz Heydər Əliyev olmuşdur. Ulu Öndər Azərbaycan xalqına qarşı törədilmiş bütün soyqırım faciələrini qeyd etmək məqsədi ilə 1998-ci il martın 26-da böyük tarixi əhəmiyyət daşıyan “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanı imzalamaqla nəinki yalnız 1918-ci il 31 mart hadisələrinə, ümumilikdə ermənilərin azərbaycanlılara qarşı soyqırımı siyasətinə ilk dəfə siyasi-hüquqi qiymət vermişdir.
Ermənistanın Azərbaycan torpaqlarını işğalı nəticəsində bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür. İnsanlar öz dədə-baba yurdlarını tərk edərək qaçqınlıq həyatı yaşamağa məcbur qalmış, bu isə xalqın iqtisadi və sosial rifahına ciddi təsir göstərmişdir. İşğal altında qalan ərazilərdə infrastruktur tamamilə dağıdılmış, tarixi və mədəni irsimiz məhv edilmişdir. Bu işğal Azərbaycanın iqtisadiyyatına və sosial həyatına dərin yaralar vurmuşdur və bu fəsadlar uzun illər boyu davam etməkdədir.
Ermənistanın işğalı dövründə Azərbaycanın tarixi və mədəni irsi misilsiz şəkildə məhv edilmişdir. Ermənistan qüvvələri tərəfindən 292 dünya əhəmiyyətli mədəniyyət abidəsi, məscidlər, muzeylər və digər irsi obyektlər dağıdılmışdır. Ermənilərin vandalizmi nəticəsində onlarla tarixi abidə və muzey məhv edilərək əsrlər boyu qorunan dəyərlər yox edilmişdir. Bütün bunlar, təkcə Azərbaycanın tarixi varlığına deyil, həm də dünya mədəniyyət irsinə qarşı törədilən bir cinayət hesab olunur.
30 il ərzində Ermənistan Azərbaycan torpaqlarını işğal etməklə yanaşı, dünya ictimaiyyətinə baş verən proseslərlə bağlı yalan təbliğat aparmışdır. Təxribat xarakterli siyasət, bölgədə davamlı münaqişəni alovlandırmaq məqsədi güdürdü. Tarixən olduğu kimi, münaqişə dövründə də ermənilər Azərbaycanın haqq səsinə mane olmağa çalışsalar da, öz məqsədlərinə çata bilməmişlər.
Azərbaycan xalqı heç vaxt Ermənistanın işğalçı siyasətini qəbul etməmiş və bu işğala qarşı hər zaman mübarizə aparmışdır. Xüsusilə 2016-cı ilin aprel ayında Lələtəpə və 2020-ci ildə Tovuzda baş verən döyüşlərdə Azərbaycan Ordusu ermənilərə qarşı qətiyyətli müqavimət göstərmişdi. Lakin Ermənistan bu döyüşlərdən də nəticə çıxarmamış, Azərbaycana qarşı diversiyaları davam etdirmiş, erməni siyasətçiləri xalqımıza qarşı aşağılayacı və təxribatçı bəyanatlar vermişdilər.
2020-ci il 27 sentyabr tarixində yenidən təxribat törədən Ermənistan silahlı qüvvələri cəbhə boyu Azərbaycan Ordusunun mövqelərinə intensiv zərbələr endirmiş, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarını artilleriya atəşinə tutmuş, nəticədə, hərbi qulluqçular ilə yanaşı dinc sakinlərimiz də həlak olmuşdur. Düşmənin hərbi təxribatını dəf etmək və təcavüzünə son qoymaq məqsədilə Ali Baş Komandanımız İlham Əliyev dərhal bütün cəbhə boyu əks-hücuma keçmək əmri vermişdir. Bununla da erməni təcavüzünün qarşısını almaq üçün başlamış əks-hücum əməliyyatları uğurla davam edərək dövlətimizin ərazi bütövlüyü uğrunda müqəddəs Vətən Müharibəsinə çevrildi. Müzəffər Ali Baş Komandanın rəhbərlik etdiyi qüdrətli Ordumuz cəmi 44 gün müddətində Azərbaycan torpaqlarını işğaldan azad etdi. Bu Zəfər, xalqımızın uzun illərdən bəri gözlədiyi azadlıq sevincini gətirdi.
2020-ci il sentyabrın 27-də başlayan 44 günlük Vətən müharibəsi Azərbaycanın ərazi bütövlüyünün bərpası üçün taleyüklü bir döyüş oldu. Bu gün, Azərbaycan xalqının qələbə salnaməsinin başlanğıcı kimi qeyd olunur.
Azərbaycan Silahlı Qüvvələri noyabrın 8-də Şuşa şəhərini işğaldan azad edərək Ermənistanın onillər boyu davam edən təcavüzkar siyasətinə son qoydu. 44 gün davam edən müharibə nəticəsində 2908 Azərbaycan hərbçisi şəhid oldu, minlərlə insan yaralandı, lakin torpaqlarımızın işğaldan azad olunması xalqımızın ruhunu yüksəltdi və böyük bir Zəfərin təməlini qoydu. Azərbaycanın ərazi bütövlüyü bərpa olundu və bütün dünya bu tarixi qələbəyə şahid oldu. Nəticədə, 2020 – ci ilin 10 noyabr tarixində Azərbaycan, Ermənistan və Rusiya arasında bütün hərbi əməliyatların dayandırılması barədə bəyanat imzalandı.
Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edildi. Cəbrayıl şəhəri və rayonun 90 kəndi, Füzuli şəhəri və rayonun 53 kəndi, Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd, Bartaz qəsəbələri və 52 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 35 kəndi, Tərtər rayonunun 3 kəndi, Qubadlı şəhəri və rayonun 41 kəndi, Xocalı rayonunun 9 kəndi, Şuşa şəhəri, Laçın rayonunun 3 kəndi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində bir neçə strateji yüksəklik, Zəngilanda isə Bartaz, Sığırt, Şükürataz yüksəkləri və daha 5 adsız yüksəklik azad olundu. Azərbaycan Ordusu qələbə qazandıqdan sonra hərbi əməliyyatları dayandırdı və qələbə diplomatik və siyasi yollarla tam təmin olundu. Noyabrın 20-də Ağdam, noyabrın 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın şəhəri mübarizəsiz geri qaytarıldı. Bu proses, Azərbaycanın ərazi bütövlüyünün bərpasını hüquqi və beynəlxalq səviyyədə təmin etdi.
Bu qələbə, Azərbaycan xalqının birliyini və qüdrətini dünyaya göstərdi. 44 günlük Vətən müharibəsi Azərbaycan xalqının mübarizə əzmini, qələbə ruhunu və vətənpərvərliyini bir daha sübut etdi. Azərbaycan xalqı bir daha tarixdə qalib xalq kimi tanındı və əbədi olaraq yaddaşlarda yaşayacaq şanlı Zəfəri qazanmağa nail oldu.
Ümummilli Lider Heydər Əliyevin müstəsna xidmətləri sayəsində formalaşan Azərbaycan Silahlı Qüvvələri Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında öz şərəfli missiyasını uğurla davam etdirərək ərazi bütövlüyümüzü bərpa etdi.
Cənubi Qafqazın ən qüdrətlisi olan Ordumuzun müasir texnika ilə təchizatı, müntəzəm olaraq keçirilmiş təlimlər, ordumuzun döyüş potensialının gücləndirilməsi, hərbi sənayenin inkişafı ordu quruculuğu sahəsində məqsədyönlü şəkildə aparılan siyasətin tərkib hissəsidir. Məhz bu siyasətin nəticəsidir ki, 2023 – cü il sentyabrın 19 – 20 – də cəmi 23 saat davam edən antiterror tədbirləri nəticəsində erməni işğalının son qalıqları olan xunta rejimi də məhv edildi. Qarabağ bölgəsində yerləşən qeyri-qanuni erməni silahlı dəstələrinin silahı yerə qoyması, döyüş mövqelərindən və hərbi postlardan çıxması və tam şəkildə tərksilah olunması, Azərbaycan ərazilərini tərk etməsi, qeyri-qanuni erməni silahlı dəstələrinin buraxılması, eyni zamanda, paralel şəkildə bütün silah-sursat və ağır texnikanın təhvil verilməsi Azərbaycanın növbəti Qələbəsinin təntənəsidir. Müzəffər Ali Baş Komandan, Azərbaycan əsgəri bir daha sübut etdi ki, şəhidlərimizin qanı nahaq yerə tökülməmişdir.
Müzəffər Ordumuzun Ali Baş Komandanı İlham Əliyev şəhidlərimizin xatirəsini daim əziz tutmuş, onlara xüsusi diqqət göstərmişdir. Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin hərbi qulluqçuları “Zəfər” , “Qarabağ” ordenləri, həmçinin, “Vətən Müharibəsi Qəhrəmani” , “Cəsur döyüşçü”, “ Döyüşdə fərqlənməyə görə” kimi yeni təsis olunmuş 15 yeni medal ilə təltif olunmuşdurlar. Müharibə dövründə əlini, qolunu itirmiş qazilərimiz üçün ən müasir protezlər sifariş edilmiş, şəhid ailələrinin və hərbi əməliyyatlar nəticəsində əlilliyi müəyən olunmuş şəxslərin sosial müdafiəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək vermək üçün yaradılmış “ YAŞAT” Fondu tərəfindən 17 minə yaxın hərbiçi öhdəliyə götürülmüşdür. Şəhidlərimizin xatirəsini əbədiləşdirmək üçün Vətən Müharibəsi Memorial Kompleksi və Zəfər Muzeyi inşa olunmuşdur.
Suverenliyini və ərazi bütövlüyünü tam şəkildə bərpa edən dövlətimiz bundan sonra regionda sülhə, əmin – amanlığa və azad olunmuş torpaqlarımızın bərpa edilərək yenidən cənnətə çevrilməsi bundan sonra da davam edəcək.
Ziyafət Əsgərov,
Azərbaycan Respublikası Milli Məclisinin Sədr müavini