Prezident İlham Əliyev bu günlərdə yeddinci çağırış Milli Məclisin ilk iclasında ölkəmizin qarşısında dayanan vəzifələrdən geniş bəhs etdi. Qeyd olunan məsələlərdən biri dünyanın ikili standartlara əsaslanan siyasəti və onun yaratdığı problemlər oldu. Diqqətə çatdırıldı ki, ikili standartlar əsasında qurulmuş ittihamlar davam edir. Ancaq bu, nə bizim, nə də xalqımızın iradəsinə heç cür təsir edə bilməz. Bu reallıq daim qeyd edilir ki, 30 illik işğal dövründə Ermənistanın BMT qətnamələrinə məhəl qoymaması, beynəlxalq hüquqa hörmətsizlik etməsi, danışıqlara imitasiya naminə qatılaraq yeni ərazilər uğrunda müharibə planı hazırlaması sonda 44 günlük İkinci Qarabağ müharibəsinin baş verməsinə səbəb oldu.
Əgər Ermənistan və onun rəhbərliyi, onun arxasında dayanan qüvvələr beynəlxalq hüquqa, BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinə əməl etsəydilər, heç olmasa, işğalçılıq siyasətini pisləsəydilər bəlkə də müharibəyə ehtiyac qalmazdı. Azərbaycan dövləti uzun illər ərzində təmkinlilik, aparılan danışıqlara sadiqlik göstərirdi. İşğalçı dövlət belə hesab edirdi ki, torpaqlarımızı əbədi işğal altında saxlaya bilər. Prezident İlham Əliyev ən yüksək tribunalardan bəyan etdi ki, Azərbaycan heç vaxt bu vəziyyətlə barışmayacaq. İşğala son qoyulmalıdır. Ancaq təəssüflər olsun ki, bütün çağırışlar cavabsız qaldı. Azərbaycan döyüş meydanında nəyə qadir olduğunu göstərdi. Silahlı Qüvvələrimiz 44 günə Ermənistan ordusunu tamamilə darmadağın etdi. Bu, bir daha Azərbaycan xalqının əyilməz ruhunu göstərdi. Elə gənc nəsil yetişib ki, Vətən, torpaq, milli ləyaqət uğrunda ölümə getməyə hazırdır və ölümə də gedirdilər. Ermənilərin illərdir yaratdıqları miflər dağıdıldı. Ermənistan postmüharibə dövründə 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatdan irəli gələn öhdəlikləri yerinə yetirməmək üçün müxtəlif bəhanələrə əl atdı.
Hərbi təxribatlar ötən il suverenliyimizin tam bərpa olunmasına qədər davamlılığı ilə diqqətdə oldu. Təəccüblüsü odur ki, bu təxribatlar yenə də əksər dünya güclərini düşündürmədi. Ötən il aprelin 23-də Laçın buraxılış-keçid məntəqəsinin yaradılmasından, sentyabrın 19-da isə bir günlük lokal antiterror tədbirlərinin həyata keçirilməsindən sonra Ermənistana dəstək verən ölkələrin Azərbaycana qarşı əsassız ittihamlarını, təzyiq cəhdlərini yada salmaq kifayətdir. Bu gün də Ermənistanı bizə qarşı yönəltmək üçün bəzi Qərb dövlətlərinin planları göz qabağındadır. Dövlətimizin başçısı İlham Əliyevin çıxışında qeyd etdiyi kimi, onları erməni xalqı maraqlandırmır. Erməni xalqı, sadəcə, onlar üçün bir alətdir, bir vasitədir ki, Azərbaycanı daim təzyiq altında saxlasın, Ermənistan ərazisindən istifadə edərək Azərbaycan üçün və Ermənistanın digər qonşuları üçün təhdid mənbələri yaratsın və beləliklə, öz maraqlarını təmin etsin. Bu məqamı da xüsusi qeyd etməliyik ki, artıq tarixə qovuşan Qarabağ probleminin həllində vasitəçilik missiyasını yerinə yetirmək üçün Minsk qrupu yaradılmışdır.
Cənab İlham Əliyev çıxışında bu çağırışı da səsləndirdi ki, Qarabağ problemi tam və birdəfəlik həll olunub. Ermənistanın rəsmi dairələri də öz bəyanatları ilə sanki bunu etiraf edirlər. Amma bununla paralel olaraq, bütün təkidlərimizə rəğmən, Minsk qrupunu yenə də formal olaraq saxlamaq ancaq bir məqsədi güdə bilər ki, yenidən bizə qarşı ərazi iddiaları baş qaldırsın. “Birinci nömrəli vəzifə hərbi gücümüzün artırılmasıdır” söyləyən cənab İlham Əliyev bildirdi ki, baxmayaraq İkinci Qarabağ müharibəsi və antiterror əməliyyatları arxada qaldı, həm dünyada gedən proseslər, yeni münaqişə, müharibə ocaqlarının yaradılması və ətrafımızda gərginliyin artması, eyni zamanda, Ermənistanda revanşizm meyilləri bizi bu sahəyə daim diqqət göstərməyə vadar edir. Beynəlxalq hüquq anlayışı tamamilə sarsılıb. İkinci Dünya müharibəsindən sonra formalaşmış təhlükəsizlik arxitekturası artıq mövcud deyil, “Kim güclüdür, o da haqlıdır” prinsipi üstünlük təşkil edir və artıq bəzi böyük dövlətlər bunu heç gizlətmirlər. Prezident İlham Əliyev hər bir sahədə qarşıda dayanan hədəfləri açıqladı.
Bu çağırışlar gələcək uğurlarımız barədə aydın təsəvvür yaradır. Hazırkı dövrün əsas çağırışlarından biri işğaldan azad edilmiş ərazilərimizdə bərpa-quruculuq işlərinin uğurla davam etdirilməsi, soydaşlarımızın dogma yurd-yuvalarına mərhələ-mərhələ qovuşmasıdır. Cənab İlham Əliyev diqqəti Qarabağda və Şərqi Zəngəzurda görülən genişmiqyaslı bərpa-quruculuq işlərinə yönəldərək bildirdi ki, bu torpaqlara qayıdan keçmiş köçkünlərin sayı hər ay, hər il artacaq. Bu gün ölkəmizin bütün bölgələrində, həmçinin Qarabağda yeni istehsalat sahələri açılır. Atılan bütün addımlar bütövləşən, yeni Azərbaycanın dayanıqlı inkişafının təmin edilməsində əhəmiyyətli rol oynayacaq.
Nihad Pənahov,
YAP Tovuz rayon təşkilatının sədri